Ukraynanın Luqansk şəhərində silahlılar üç nəfər azərbaycanlını girov götürüblər. Girov götürülənlərdən biri azərbaycanlı diaspor təşkilatının rəhbərinin oğludur.
Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev açıqlamasında bildirib ki, girov götürülən 23 yaşlı oğlu, vilayət üzrə azərbaycanlı gənclər təşkilatının keçmiş sədri Nahid Uğurluyev artıq azad olunub. O qeyd edib ki, Azərbaycan vətəndaşı olan digər iki nəfər – Lənkəran şəhərindən olan Fədail Cəfailov və Yevlax şəhərindən olan Vüsal Bağırov isə hələ də girovluqdadır: “Oğlumu bir müddət əvvəl girov götürərək yaxınlıqdakı meşəyə aparıb, onlarla bir yerdə döyüşməyi tələb ediblər. Oğlum bundan imtina etdikdə isə onu döyüblər, daha sonra isə azad olunmasının qarşılığında pul tələb ediblər. Biz dövlətin dəstəyi ilə onu azad edə bildik".
R. Uğurluyev digər iki Azərbaycan vətəndaşının isə hələ də girovluqda olduqlarını söyləyib: “Onları şəhərin mərkəzində tutublar. Özləri ilə döyüşmək üçün adam yığırmışlar. Azərbaycanlılar dərhal təklifdən imtina edib qaçmaq istəyiblər. Lakin onları yaralayıblar və özləri ilə aparıblar. Hələ də bir xəbər ala bilmirik”.
R. Uğurluyev qeyd edib ki, hadisə barədə Ukrayna xüsusi xidmət orqanları və digər güc strukturları məlumatlandırılıb. Azərbaycanlıların azad olunması üçün əməliyyat tədbirləri görülür.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, hadisə barədə Azərbaycan Daxili İşlər Nazirliyinin səfirlikdəki nümayəndəsi təlimatlandırılacaq və səfirlik adından Ukraynanın aidiyyəti orqanlarına müraciət olunacaq: “Eyni zamanda konqres sədri Rasim Uğurluyevin özü ilə də təhlükəsizliyi baxımından sıx əlaqələr yaradılacaq və müvafiq tədbirlər görüləcək. Tutulan şəxslərlə əlaqədar nəticə əldə olunan kimi, rəsmi məlumat veriləcək”. - See more at: http://axar.az/news/23289#sthash.heiaOOMR.m6kEZ7DF.dpuf
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?