Ukraynanın Luqansk vilayətinin Krasnıy Luç şəhərində Azərbaycan diasporunun üzvü, iş adamı Rövşən Qasımov şəxsi avtomobilində partladılaraq öldürülüb.
Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, hadisə avqustun 4-də axşam baş verib.
R. Uğurluyevin sözlərinə görə, Ukrayna vətəndaşı, əslən Azərbaycanın Tovuz rayonunun Xatınlı kəndindən olan, 1966-cı il təvəllüdlü Rövşən Qasımov şəxsi avtomobili ilə Krasnıy Luç şəhərinin girəcəyində separatçılar tərəfindən atəşə tutulub: “Avtomobil qumbaraatanla vurulub. Rövşən Qasımov həlak olub, cəsədi yanaraq tanımaz hala düşüb”.
R. Qasımovun Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun yaxın qohumu olduğunu bildirən R. Uğurluyev qeyd edib ki, hazırda onun meyiti Krasnıy Luçda yaxınlarındadır: “Harada dəfn olunması ilə bağlı özləri qərar verəcəklər”.
R. Uğurluyevin sözlərinə görə, R. Qasımovun Luqanskda iri fermer təsərrüfatı olub. Separatçılar bir ay əvvəl onu, sonra isə ailəsini girov götürüblər. Aparılan danışıqlar nəticəsində iş adamı və ailəsi girovluqdan azad olunub.
Tovuz rayonu Xatınlı kəndinin icra nümayəndəsi Nurəddin Məmmədov APA-ya faktı təsdiqləyərək bildirib ki, həlak olmuş R. Qasımov MSK sədri Məzahir Pənahovun yaxın qohumudur: “Rövşənin anası ilə Məzahir müəllimin atası əmi uşağıdır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?