Nümunəvi marşrutları “vurmaq” kimə və nə üçün lazımdır?
gundemxeber.az Ölkə həyatının bütün sahələrinə xas olan problemlərin Azərbaycanın nəqliyyat sektorundan da yan keçmədiyi, bu sahədə də özünü yetərincə nümayiş etdirdiyi bir həqiqətdir. Bu baxımdan, ölkənin iqtisadi həyatının bütün sahələrində mövcud olan ədalətsiz rəqabətin nəqliyyat sistemində də mövcudluğu heç kimə sirr deyil. Bu günlərdə məlum problemlə bağlı redaksiyamızı bilgiləndirən etibarlı mənbə son vaxtlar nəqliyyat sektorundakı mübarizənin daha da kəskinləşdiyini bildirib. Mənbənin sözlərinə görə, buraya hədəf kimi seçilən nəqliyyat vasitələri və marşrutlarının inzibati üsullarla sıxışdırılmasından tutmuş, mətbuat vasitəsilə gözdən salınmasına kimi bir çox təzyiq müxanizmi daxildir: “Nəqliyyat sektorunda baş verən mübarizə öz amansızlığı ilə diqqət çəkir. Böyük bir qismi ayrı-ayrı məmur və oliqarxların nəzarətində olan marşrutlar arasında cərəyan edən intriqalar, nəticə etibarilə, digər marşrut sahiblərinə də təsir göstərir. Çox zaman isə daha zəif himayədara malik marşrutları sıradan çıxarmağa çalışırlar ki, bu da bəzi hallarda həmin marşrutlarla bağlı əlaqədar dövlət orqanları və ictimai rəydə yanlış təəssürat yaratmaq hesabına həyata keçirilir”. Mənbənin sözlərinə görə, bəzən bir sıra KİV də bu kampaniyanın tərkib hissəsinə çevrilir və hansısa marşrutu məqsədli olaraq hədəfə götürürlər: “Bəzi KİV-lərin məsələyə qeyri-obyektiv aspektdən yanaşması həqiqətə zidd olan informasiyaların ictimailəşməsinə səbəb olur. Buna misal olaraq, 90 saylı marşruta məxsus avtobuslar arasında, guya intervalın pozulması, müəyyən gecikmələrin olması və s. ilə bağlı dezinformasiyaları gostərmək olar. Halbuki bu gün 90 saylı marşrutun ölkə paytaxtında öz nümunəvi xidmətilə diqqətçəkən nadir marşrutlardan biri olduğu ölkə ictimaiətinə yaxşı məlumdur. Ən maraqlısı isə budur ki, bəzi KİV orqanları 90 saylı avtobusların bəzən pik saatlarda yollarda avtomobil sıxlığı səbəbilə tıxacda qalmasına görə, sözügedən marşrutu tənqid edir ki, bu da anormallıqdır. Ən azından ona görə ki, avtomobil tıxacı bu gün paytaxta məxsus ümumi mənzərədir və bu tıxacı bir tək 90 saylı marşrutların hesabına formalaşdırmaq mümkün deyil. Bundan başqa, 90 saylı marşrutalrın özü də bu tıxacdan əziyyət çəkir ki, bu da, hər şeydən əvvəl, vətəndaşları mənzil başına vaxtında çatdırmaq məsuliyyətini digər marşrut sürücülərindən heç də pis başa düşməyən sözügedən marşrut sürücülərini narahat edir. Buna görə də, 90 saylı marşrutları məhz bu səbəbdən ittiham etmək nəinki doğru deyil, həm də gülüncdür. Bu “arqumentlər” bir daha göstərir ki, bütün bunlar mövcud reallıqların təzahürü kimi deyil, gizli mübarizənin inikası olaraq meydana çıxır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?