Prezidentinin İşlər İdarəsinin strukturunda dəyişiklik edilib
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunda dəyişiklik edilib. Dəyişiklikdə məqsəd idarənin strukturunun təkmilləşdirilməsidir. İdarənin balansına verilmiş «Səadət sarayı» «Rəsmi Qəbullar Sarayı» adlandırılıb. Dəyişikliyə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində «Qəbələ» İqamətgahı, «Marxal» Müalicə-İstirahət Kompleksi yaradılıb. «Qəbələ» İqamətgahına və «Rəsmi Qəbullar Sarayı»na İdarənin şöbəsi statusuna malik olan təşkilatları, «Marxal» Müalicə-İstirahət Kompleksinə və «Azərsuvenir» (Azərbaycan Suvenirləri) MMC-yə İdarənin təsərrüfat hesablı tabeli təşkilatı statusu verilib. Bundan başqa, Prezidentin İşlər İdarəsinin Xüsusi dövlət tədbirlərinin təminatı şöbəsi və Texniki təminat şöbəsi ləğv edilib. İdarənin Təsərrüfat hesablı tabeli təşkilatlarla iş şöbəsi, Prezident Sarayının təminatı şöbəsi və Material təchizatı sektoru yaradılıb. Qeyd edək ki, «Səadət sarayı» 1911-12-ci illərdə Bakı milyonçusu Murtuza Muxtarov həyat yoldaşı Liza xanım üçün tikdirib. Sarayın memarı İ. Ploshkodur. 1920-ci ildə Bakıya daxil olan bolşeviklər bu saraya da baş çəkiblər. Deyilənə görə, Murtuza Muxtarov evinə icazəsiz girən zabitləri güllələyib və son gülləni özünə vurub. Saray Sovetlər dönəmində qadınlar klubu, Şirvanşahlar muzeyi və sonda nigah evi kimi fəaliyyət göstərib. Ötən il saray əsaslı restavrasiyadan sonra açılmışdı. Çoxdandı ki, ölkədə onun təyinatının dəyişdiriləcəyi ilə bağlı söz-söhbətlər dolaşırdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?