“Erməni əsirliyindəki adamlardan xəbər tutmaq daha asandır, nəinki Nemətdən”
Yanvarın 21-də “Media forum” saytına açıqlamasında məhbus siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı belə deyib.Həcər Pənahlı bildirib ki, Nemətə verilən cəza yanvarın 19-da bitməli idi: “Yanvarın 20-də qohumlar 17 saylı Cəzaçəkmə Müəssisəsinə xəbər tutmağa gediblər. Nəzarətçilər bildiriblər ki, Nemət hələ karserdədir. Soruşublar nə qədər qalacaq, deyiblər məlumat verməyə ixtiyarımız yoxdur”. 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan siyasətçi Nemət Pənahlı ötən il dekabr 6-dan bəri dördüncü dəfə cərimə təcridxanasına salınıb. Dördüncü cəza yanvarın 14-də verilib. Nemət Pənahlı 5 sutka cəza alıb. Həcər Pənahlının sözlərinə görə, hakimiyyətin göstərişi ilə Nemətə cəza verilir: “Bütün qohumlar qərara gəlib ki, yığılıb aclıq aksiyası etsinlər. Bundan başqa bizim çarəmiz yoxdur. Heç bir sübut olmadan adamı həbsxanaya salıb bu qədər işgəncə verirlər. Neməti davamlı cərimə təcridxanasına salmaqda bir məqsəd var – onu qapalı rejimə keçirmək istəyirlər”. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Media forum” saytına bildirib ki, Nemət Pənahlı özünü yaxşı aparsa, cərimə təcridxanasına salınmayacaq: “Daxili intizam qaydalarına həm məhkumlar, həm də əməkdaşlar riayət etməlidir. Məhkum daxili intizam qaydalarını pozursa və ona qanunvericiliyin tələblərini izah etmək mümkün deyilsə, onu cərimə təcridxanasına salırlar. Əgər Nemət Pənahlı cərimə təcridxanasından buraxılmayıbsa, deməli, saxlanma qaydalarını kobud sürətdə pozub və verilən cərimənin üzərinə yenidən tənbeh tədbiri verilib. Bu da qanunauyğun şəkildə həyata keçirilir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?