2011-ci ilin yanvarında xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Nemət Pənahlı saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsindən Qobustan qapalı tipli həbsxanaya göndərilir. Bu haqda “Yeni Müsavat”a N.Pənahlının xanımı Həcər Pənahlı xəbər verib. Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Qapalı Tipli həbsxanasında ağır cinayət törədən məhbuslar saxlanır. Həbsxanada sərtləşdirilmiş rejim qüvvədədir. H.Pənahlının sözlərinə görə, ötən həftə 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Arif Mirzəyev bu haqda Xəzər Rayon Məhkəməsinə təqdimat verib. Məhbusun ailəsi məhkəmədən ilk iclasdan bir gün sonra xəbər tutulub: “Bizə zəng edib dedilər ki, Nemət məhkəmənin təyin etdiyi vəkildən imtina edir, siz prosesə onun vəkilini göndərin. Sual verdim ki, hansı məhkəmədən danışırsız? Dedilər ki, Nemət daxili nizam-intizam qaydalarını pozduğu üçün rəhbərlik təqdimat yazıb, onu Qobustana köçürməyi tələb edib, Xəzər Rayon Məhkəməsində fevralın 6-da məhkəmə olub və Nemət vəkili qəbul etmədiyinə görə, proses fevralın 11-nədək təxirə salınıb. Bizim “bəs indiyə qədər ailəsinə niyə heç bir məlumat vermirsiniz”, sualımıza isə cavab verilmədi. Biz artıq vəkillə müqavilə bağlamışıq. Fevralın 11-də o, Nemətin müdafiəsinə başlayacaq. Ancaq mən nəticəyə heç bir halda ümid etmirəm. Çünki rəis Arif Mirzəyev 17 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin edildiyi gündən Nemətə qarşı qərəzli mövqe tutur. Üstəlik, belə bir tapşırıq aldığını açıq-aşkar bildirir”. Həcər Pənahlının sözlərinə görə, həyat yoldaşı yanvarın 14-dən başladığı aclıq aksiyasını davam etdirir. Buna baxmayaraq, ailəsinin Nemət Pənahlıya apardığı iki bağlama yemək cəzaçəkmə müəssisəsi işçiləri tərəfindən qəbul edilib:“Yanvarın 14-dən 19-na qədər onu “kars”da saxladılar, 19-dan isə təkadamlıq kameradadı. Biz yalnız təsadüf nəticəsində xəbər tutduq ki, Nemət aclığı hələ də davam etdirir. Ancaq nə Arif Mirzəyev, nə də digər işçilər bu haqda bizə heç bir məlumat vermir. Əksinə, son həftələr apardığımız iki bağlama yeməyi bizdən qəbul ediblər. Hər dəfə də Arif Mirzəyev hansısa bir bəhanə ilə yersiz, heç bir lüzum olmayan problemlər yaradır. Axırıncı dəfə apardığımız meyvələrin bir hissəsini geri qaytardı ki, bunlar çox yetişib. Təsəvvür edirsinizmi? Harada yazılıb ki, məhbusa yetişmiş meyvə aparmaq olmaz? Bundan başqa, Nemət son görüşümüzdə mənə dedi, rəis onu qanuni oğrularla hədələyir. Ona demişdi ki, artıq hərəkət etsən səninlə “vorzakonlar” danışacaq. Nemət Mirzəyev rəis təyin edilənə qədər 1 il həmin müəssisədə saxlanıb, heç bir qayda pozuntusuna yol verməyib. Ancaq onun bir illik rəislik müddətində 4 dəfə karsa salınıb. Bu, açıq-aşkar Arif Mirzəyevin Nemətə qarşı qərəzidir. Səbəb isə odur ki, o, öz qanunsuz hərəkətlərini Nemətin olduğu yerə həyata keçirə bilmir. Buna görə də təqdimat yazıb onu Qobustana köçürmək fikrinə düşüb. Bununla o, qanunsuz hərəkətləri üçün geniş imkanlar qazanır, digər tərəfdən isə Neməti daha çox əzməklə bağlı kimlərinsə qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş olur”. H.Pənahlı onu da deyir ki, həyat yoldaşının həbsxanada qarşılaşdığı qanunsuzluqlarla qarşı Ombudsman Aparatına da müraciət edib. Aparatın əməkdaşı Vüqar 17 saylı cəzaçəkmə müəssisəsində olaraq Nemət Pənahlı ilə görüşüb. Ancaq durumu ilə bağlı ailənin heç bir sualı cavablandırılmır:“Nemət şəkər xəstəliyindən əziyyət çəkir. Biz onun həyatı üçün hər an təhlükə yaranacağından çox narahatıq. Ombudsman Aparatının nümayəndələri Nemətlə görüşüb, ancaq görüşlə bağlı bizə heç bir məlumat verilmir. Qurumun Qaynar Xəttinə, eləcə də Vüqarın mobil telefonlarına etdiyimiz zənglərə cavab verilmir”. Zaur
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?