Qərar cəzaçəkmə müəssisəsinin rəisi Arif Mirzəyevin təqdimatıəsasında qəbul edilib və “Azadlıq aşiqinin” daxili nizam-intizamı pozması ilə əsaslandırılıb
Dünən Xəzər rayon məhkəməsinin hakimi Əfqan Qəhrəmanovun sədrliyi ilə 17-saylı cəzaçəkmə müəssisəsində səyyar iclas keçirilib. Məhkəmə Nemət Pənahlının cəzasının qalan hissəsini Qobustan həbsxanasında çəkməsi barədə qərar qəbul edib. Qərar cəzaçəkmə müəssisəsinin rəisi Arif Mirzəyevin təqdimatıəsasında qəbul edilib və Pənahlının daxili nizam-intizamı pozması ilə əsaslandırılıb. Pənahlı qərarla razı olmadığını bildirib və apellyasiya şikayəti vermək niyyətindədir, bu barədə Turan-a vəkil Elçin Əliyev bildirib. Vəkil də məhkəmənin qərarını qanunsuz sayır. Öz növbəsində, Pənahlının həyat yoldaşı Həcər məhkəmənin qərarını ədalətsiz adlandırıb. Onun sözlərinə görə, son günlər həyat yoldaşı yenidən karserə salınmışdı. Ona əvvəllər də qanunsuzluğa qarşı etirazları və məhbusların hüquqlarına riayət edilməsi tələbləri ilə əlaqədar bu cəza verilmişdi. Nemət Pənahlı və Ceyhun Fərzullayev 8 yanvar 2011-ci ildə xuliqanlıq və az ağır bədən xəsarəti yetirməkdə ittiham olunaraq həbs ediliblər. Onlar müvafiq olaraq, 6 və 4 il müddətinə azadlıqdan məhrum edilib. Fərzullayev ötən ilin sonlarında əfv edilib. Yerli hüquq müdafiə təşkilatları Pənahlını siyasi məhbus hesab edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?