Qobustan həbsxanasında cəza çəkən meydan hərəkatının qəhrəmanlarından biri, siyasi məhbus Nemət Pənahlının səhhətində ciddi problemlər var. Bu barədə GUNXEBER.COM-a onun həyat yoldaşı Həcər Pənahlı məlumat verib.
H.Pənahlının sözlərinə görə, həyat yoldaşı səhhətindəki problemlərdən şikayətlənir: “Hazirda Nemət Pənahlının son durumunda elə bir yenilik yoxdur. Yanvar ayının 25 də yanına getmək fikrindəyəm. Bundan əlavə həftədə bir dəfə telefon vasitəsi ilə əlaqə saxlayırıq. Ancaq telefonda hər hansısa ətraflı məlumat ala bilmirəm. Onun səhhətində ciddi problemlər var. Bildiyiniz kimi Nemət bəy şəkər xəstəliyindən əziyyət çəkir. Ancaq buna baxmayaraq heç bir xəstəxanaya yerləşdirmirlər, baxımsız bir yerdə çətin şəraitdədir. Sadəcə odada bir həkim var, vaxtaşırı ondan dərmanını alıb içə bilir. Başqa heç bir yardım göstərilmir. Qobustan həbsxanası bildiyiniz kimi ən dəhşətli, ən çətin bir yerdir. Orada Neməti çölə də buraxmırlar. Xəstə adamın da bağlı qapılar arxasında qalması olduqca dəhşətlidir”. “Məsələ ilə bağlı prezidentə və aidiyyatı qurumlara müraciət etmək fikriniz varmı”, sualımıza gəlincə isə, Həcər Pənahlı heç bir müraciətinin olmadığını bildirdi: “Heç bir müraciətim yoxdur. Nə müraciətim ola bilər ki? Hamı bilir ki, Nemət bəyi nəyə görə tutublar, kim tutub və nəyə görə Qobustana aparıblar. Bu ölkədə bunu bilməyən yoxdur. Belə olan halda da kimə müraciət edim? Mən kifayət qədər müraciətlərimi etmişəm, amma bu günə qədər baxan yoxdur. Görünür ki, tapşırıq belə verilib və belə də olmalıdır”. Xatırladaq ki, Nemət Pənahlı 2011-ci il yanvarın 8-də həbs edilib. O Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Pənahlı isə həbsini siyasi sifariş adlandırıb və beynəlxalq təşkilatlar onu siyasi məhbus hesab edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?