Dağıstanın Dərbənd administrasiyasının rəhbəri, bu respublikanın nüfuzlu azərbaycanlı klanının rəhbəri Qurban Qurbanov vəzifəsindən çıxarılıb.
Virtualaz.org xəbər verir ki, bu haqda qərarı Mahaçqalanın Sovetsk rayon məhkəməsi qəbul edib. Məhkəmə qarşısında Qurbanovun vəzifədən azad edilməsi barədə vəsadəti Rusiya İstintaq Komitəsinin Şimali Qafqaz regionu üzrə idarəsi qaldırmışdı.
Q.Qurbanov hazırda ev dustağıdır və onun barəsində cinayət işinin araşdırması gedir. Dərbənd rəhbərinin “qara günləri” Dağıstan rəhbəri Ramazan Abdulatipova qarşı bunt qaldırmasından sonra başladı. Abdulatipov bir neçə ay əvvəl televiziya ilə çıxışında bildirdi ki, bəzi rayon rəhbərləri özlərini ömürlük rəhbər hesab edirlər və nöqsanlara baxmayaraq vəzifələrini tərk etmək istəmirlər. Dağıstan rəhbəri Dərbənd rayonu rəhbərinin işini tənqid edərək onun vaxtından əvvəl istefa verməli olduğunu bəyan etdi. Daha sonra onun səlahiyyətlərinin icrasını həyata keçirəcək şəxs də təyin edildi.
Lakin ötən əsrin 60-cı illərindən etibarən Dərbəndi idarə edən qurbanovlar klanının nümayəndəsi olan Dərbənd rəhbəri Abdulatipovun çağırışına qulaq asmadı və istefa verməyəcəyini elan etdi. Hətta öz tərəfdarlarını mitinqə topladı. Bunun ardınca Dağıstan hüquq-mühafizə orqanları Dərbənd administrasiyasına basqın edib bütün sənədləri apardılar, daha sonra Q.Qurbanova qarşı cinayət işi qaldırıldı. Bu günlərdə isə onu həbs etdilər. Q.Qurbanov həbs edilsə də bir neçə həftə sonra onu ev dustaqlığına buraxdılar. Ona qarşı irəli sürülmüş ittihama görə Qurbanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə mülkiyyətində olan 56 hektar torpağı şəxsi istifadəyə verib.
Lakin Q.Qurbanov deyir ki, ona qarşı irəli sürülmüş ittiham əsassızdır və heç bir məhkəmə perspektivi yoxdur. Qurbanov həmçinin məhkəmənin onu vəzifəsindən azad etmək barədə qətnaməsinə etiraz edib. “Buz bu qətnamədən şikayət verəcəyik. Bu, siyasi təzyiqdir. Sual yaranır, bütün bu illər ərzində prokurorluq hara baxırdı və indiyədək administrasiyanın heç bir qərarından protest vermirdi. Hazırda rayonda total yoxlama gedir, onlara nəsə tapmaq lazımdır, çünki göstəriş belədir” deyə o, bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?