Milli Məclisin üzvü Qənirə Paşayeva Parisdə jurnal redaksiyasına edilən terror hücumuna və bu hadisədən sonra İslam dininə qarşı yönələn kampaniyaya münasibət bildirib. Musavat.com xəbər verir ki, deputat bu barədə Facebookda yazıb:
“1.5 milyarddan artıq müsəlmanın Peyğəmbərinin gülüş hədəfinə çevrilməsini müsəlmanların hamısı qınadığı kimi, bu addıma cavabı olaraq Parisdə silahlı terror törədilməsini, insanların qətlə yetirilməsini də müsəlmanların əksəriyyəti qınayır və hamısı qınamalıdır. Amma bir qrup cahil terrorçunun törətdiyi cinayətə görə bütün müsəlmanları təhqir edən, hədəf alan, terrorçu adlandıranları, bütün media qurumlarını İslam Peyğəmbərinin karikaturasını yaymağa çağıranları, vəziyyəti daha da gərginləşdirmək istəyən bir sıra siyasətçilər, partiya və mətbuat və media qurumlarını da dinindən asılı olmayaraq hər kəs qınamalıdır. Bu terror hadisəsini, cinayəti törədənlər onsuz da ən böyük zərbəni elə müsəlman dünyasına vurdular və müsəlmanların əksəriyyəti bunu kəskin qınayır və törədənlərin də ən sərt cəza almasını dəstəkləyir. Məsələn, Azərbaycan bir müsəlman ölkəsi olmasına baxmayaraq cənab Prezidentimiz İlham Əliyev başda olmaqla hər bir azərbaycanlı bu terror hadisəsini qınayır amma biz bundan istifadə edib bütün müsəlman dünyasını təhqir, həqarət edən, aşağılayan, hədəf göstərənləri də qınayırıq. Belə addımlara və açıqlamalara əl atanlar bilməlidirlər ki, bu bütün dünyada gərginliyi sadəcə daha da artıra bilər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?