Bir müddət bundan əvvəl, ət bazarında qiymətin ucuzlaşmanı eşidən hər kəs sevindi. Bəlkə də günlərlə, həftələrlə ət üzünə möhtac qalan elə ailələr də oldu ki, bu xəbəri sanki toy-bayram kimi də qarşıladılar. Axı, niyə də ki, qarşılamasınlar? Ümumiyyətlə, ət yeməklərini yemək insan orqanizmində yaddaşın, zehni qabiliyyətin güclənməsinə təsir edən və əvəzsiz rola malik olan səbəblərdən biridir. Bəli, bu haqda kifayət qədər elmi əsasların varlığı, bir daha söylədiklərimizi isbat etməyə əsas verir.
Düzdür, ət yeməklərinin yeyilməsi orqanizmin tez qocalmasına da səbəb olur deyənlər də var. Belə bir amilin varlığı nə qədər ziyanlı olsa da, həqiqət naminə onu qeyd edək ki, bu gün əhalinin daha çox istifadə etdiyi gündəlik tələbat mallarından biri də ətdir.
Bəs görəsən ətin qiymətində ucuzlaşma baş versə də, bu gün baş verən ucuzlaşmaya nəzarət aidiyyəti qurumlar tərəfindən necə aparılır? Elə bu səbəbdən də, şəhərimizin müxtəli ünvanlarında olduq və bəzi müşahidələrimizi də apardıq. Bəlli oldu ki, bəzi yerlərdə ətin qiymətində enmələr olsa da, əksər ünvanlarda yenə köhnə hamam köhnə tasdır. Yəni, yenə də 1kq əti 8 manata satan işbazlar var. Belə bir ünvanlardan biri də, Bayıl bazarının ətrafındakı ət mağazalarıdırlar. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, həmin ərazidə təqribən 4-5 ət dükanı var və hər birində də 1kq ət 8 manata satılır. Apardığımız müşahidələr zamanı Fəridə adlı yerli sakin bildirdi ki, “ay bala bu ət satanlar sanki, bir-biri ilə müqvilə imzalayıblar ki, heç kim 1kq əti 8 manatdan aşağı qiymətə satmasın. Onlar sata bilərlər, bə bu hökümət hara baxır? Bəyəm dərəbəylikdir ki, bunlara bir tapşırıq verən, bunlara bir nəzarət edən yoxdur! Görün Sabunçuda, Binəqədidə, Biləcəridə, Neftçilərdə neçəyədir? Elə yer var 1 kq 6man 50 qəpik, elə yer də var ki, 7 manatdır. Bu belə olanda, bə bunların buynuzumu var ki, ətin 1 kq-nı 8 manatdan əskik vermirlər”.
Həqiqətən də Fəridə adlı xanımın dedikləri düz çıxdı. Yəni, həmin dükanlardan müştəri adı ilə bir-bir soruşduqda, o da bəlli oldu ki, xanımın söylədikləri həqiqətdir. Ət satanlar sanki möhtəşəm bir sənədə imza atıb öhdəlik də götürüblər ki, bir kimsə ətin qiymətini endirməsin. Hələ, bu azmış kimi onu da müşahidə etdik ki, satılan ətlərin heç birinin üzərində həkim möhürü də yoxdur. Kim necə istəyir, eləcə də satır. Ərazidə ət məhsullarının satışına nəzarət edən həkimin isə vəzifə borcu, hər səhər dükanlardan analiz adı ilə bir qədər ət götürmək və topladığı ətləri ya evinə, yaxud da başqa ünvana çatdırmaq olur.
Bu zaman meydana maraqlı suallar çıxır. Axı, dövlətimiz var, aidiyyəti qurumlarımız var, kənd təsərrüfatı nazirliyimiz var. Hələ, Metrologiya Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsini, Dövlət Baytarlıq Xidməti idarəsini və hüquq-mühafizə orqanlarını demirik. Bütün bunlar olduğu yerdə, sakinlərin qeyd olunan ünvanda “imtahan”a çəkilməsinə,bəs görəsən nə ad vermək olar?.
Düşünürük ki, qeyd olunan açıqlamanı oxuyan qurum rəhbərləri, Bayılın bazarətrafı ərazilərindəki ət dükanlarına nəzarət edəcəklər və qiymətlərin tənzimlənməsində yardımçı da olacaqlar. Necə ola bilər ki, şəhərin bir hissəsində 1kq ətin qiyməti 6 man 50 qəpik, Bayılın bazarətrafı ərazisində isə, 1 kq ətin qiyməti 8 manat olsun. İndi görürsünüzmü qiymət fərqini?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?