Yusif Bağırzadə: “Mən təklif etdim ki, imkan daxilində belə görüşlərin biri də, prezidentin iştirakı ilə keçirilsin” Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bagirzadənin müsahibəsini təqdim edirik. - Yusif bəy, fevralın 12-də Prezident Administrasiyasnın rəhbəri Əli Həsənovla müxalifət partiyaları arasında görüş keçirilib və siz də həmin görüşdə iştirak etmisiniz. Görüş haqqında təəssüratlarınız necədir? - Mən bu görüşün keçirilməsini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu, ölkədə milli həmrəyliyə nail olunması istiqamətində ciddi hadisədir. Bildiyiniz kimi görüşün təşşəbüskarı hakimiyyət olub. Daha doğrusu bu təklif Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tərəfindən gəlib. Hesab edirəm ki, buna pozitiv siqnal kimi baxmaq lazımdır. Birincisi, bu o deməkdir ki, dövlətin siyasi partiyalara marağı artacaq. Yəni siyasi partiyalar artıq gündəmə gəlir. Bildiyiniz kimi həm də qarşıdan parlament seçkiləri gəlir. İkincsi, bu görüşdən sonra ictimaiyyətdə siyasi partiyalara olan münasibət kökündən dəyişəcək. Nəzərə almalıyıq ki, indiyə qədər siyasi partiyalara münasibət birmənalı deyildi. Üçüncüsü, hesab edirəm ki, siyasi partiyalar məsələsi gündəmə gəldikdən sonra başqa dövlətlər və mərkəzlər tərəfindən idarə olunan başıpozuq qüvvələr siyasi gündəmdən çıxacaq. Mən qeyd etməliyəm ki, bəzi Qeyri Hökumət Təşkilatları var ki, onlar bu gündə Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər və həm də xarici dövlətlərdən, təşkilatlardan maliyyə dəstəyi alırlar. Fikrimcə, ölkə daxilində siyasi qüvvələr arasında sivil münasibətlərin yaranması bu cür qüvvələrin qarşısını alacaq. Ən əsası odur ki, bu dialoq səmərəli olaraq davam etsə gələcəkdə keçiriləcək parlament seçkilərində şəffaflığın təmin olunmasına, habelə seçkidə iştirak edən qüvvələrin məğlub və ya qalib gəlməsindən asılı olmayaraq tərəflər bir-birini qəbul edəcəklər. Əslində sizə deyim ki, mən bu fikirlərimi görüşdə də bildirdim. Ən əsası da, odur ki, bu institutların təkmilləşdirilməsi prosesi gedəcək. Bu gün Azərbaycanda siyasi partiya institutlarının təkmilləşdirilməsinə ehtiyac var. Bundan başqa da, Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara diqqət olmalıdır. Başqa sözlə, mən ölkənin müstəqilliyindən bu yana fəaliyyət göstərən partiyalada diqqətin göstərilməsini, onlara maddi yardımın edilməsini nəzərdə tuturam. Yəni maliyyələşmə məsələsinə də baxılmalıdır. Qənaətimcə, əgər dövlət siyasi partiya institutlarını formalaşdırmaq istəyirsə proporsional seçki sistemi bərpa olunmalıdır. - İki ay bundan öncədə hakimiyyət nümayəndəsi ilə müxalifət partiyaları arasında görüş keçirilmişdi. Həmin görüşdə siz proporsional seçki sisteminin tətbiq olunmasını təklif edirdiniz. Bu görüşdə hansı təklifləriniz oldu? - Bəli, fevralın 12-də keçirilən görüş zamanı da, mən proporsional seçki sisteminin bərpa olunması haqda danışdım. Mən hesab edirəm ki, Seçki Məcəlləsinə dəyişiklik edərək bu institutun bərpa olunmasına çalışmaq lazımdır. Çünki Siyasi Partiyalar Haqqında Qanuna edilən son dəyişikliklər birbaşa proporsional seçki sisteminə hesablanan dəyişikliklərdir. - Görüşün formatı sizi qane etdimi? - Hesab edirəm ki, format normal idi və mən bunu yüksək qiymətləndirirəm. - Siz proporsional seçki sisteminin bərpa olunmasını təklif etmisiniz. Bəs qarşı tərəfin mövqeyi necə oldu? - Mən bu təklifi dilə gətirdim. Hakimiyyəti təmsil edən Əli Həsənovun da mövqeyi belə oldu ki, biz reqlament müəyyən edirik, iki aydan bir görüş keçiriləcək, format müəyyən olunsun. Həm də görüşdə iştirak edən partiyalar bundan sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə təkliflər verəcək. Şöbədə təkliflər ümumiləşdirildikdən sonra konkret müzakirə ediləcək məsələlər siyasi partiyalara göndəriləcək. Əlbəttə, mənim fikrimcə, ola bilsin ki, proporsional seçki sistemi ilə bağlı müzakirələr partiyaların gündəminə gətirilsin. - Proporsional seçki sistemi bərpa olunsa nə baş verəcək ki? - Azərbaycanda siyasi partiya institutu formalaşacaq, gündəmə gələcək, inkişaf edəcək. Başqa
dövlətlərdə bu seçki sistemi tətbiq edilir. - Mən bildiyim qədər siz görüşdə çox maraqlı təkliflərlə çıxış etmisiniz. Konkret daha hansı təklifləriniz olub? - Hər bir partiya sədri təkliflər verdi. Mən bildirdim ki, siyasi partiyaların iş fəaliyyəti ilə dövlət tanış olsun. Bu səbəbdən də, təklif etdim ki, cənab Əli Həsənovun rəbərliyi ilə imkan daxilində partiyaların ofisləri ziyarət olunsun, iş rejimi ilə tanışlıq olunsun. Hər halda bir daha qeyd edirəm ki, görüş uğurlu və səmərəli keçdir. Ola bilsin ki, gələcək görüşlər bu formatda keçirilsin və ya bir qədər də formatda genişlənmə olsun. İki aydan sonra növbəti görüş keçiriləcək. - Müzakirələr zamanı təklif olunub ki, siyasi partiyalarla bir görüş də prezidentin iştirakı ilə baş tutsun. Bu haqda nə deyə bilərsiniz? - Bəli, mən təklif etdim ki, imkan daxilində belə görüşlərin biri də, prezidentin iştirakı ilə keçirilsin. Mən təklif kimi bunu səsləndirdim. Hesab edirəm ki, bu görüşlər hər iki aydan bir keçiriləcək. - Bu görüşdə iştirak edən partiyalar Azərbaycan siyasi spektirini tam ifadə edirdimi? - Bu haqda daha yaxşı görüşün təşkilatçısı deyə bilər. Nəzərə alın ki, dəvət məsələsini təşkilatçı müəyyən edir. Cənab Əli Həsənov açlq formada dedi ki, bizim qapımız hər kəsin üzünə açıqdır. Yəni kim müraciət etsə, onlar da bu prosesdə iştirak edə bilərlər. - Yusif bəy, iqtidar-müxalifət görüşü öz yerində, bəs regionda mövcud olan ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? - Regionda ciddi proseslər yaşanır. Bizim qonşularımız arasında ciddi gərginlik mövcuddur. Xüsusilə, Ukrayna məsələsinə görə Rusiya ilə Avropa Birliyi arasında qarşıdurma yaşanır. Bu, əlbəttə, bizim üçün arzuedilən deyil. Biz Avropa Şurası Parlament Assambleyasında Rusiyanın nümayəndə heyətinin fəaliyyətinin dayandırılması məsələsində mövqeyimizi bildirdik. Biz istəməzdik ki, heç bir ölkənin ərazi bütövlüyünə qəsd olunsun. Ən azından Azərbaycanın ərazi bütövlüyünə qəsd edilib, torpaqlarımız işğal altındadır. Biz nəzərə almalıyıq ki, qeyri rəsmi məlumata grə, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Bu soydaşlarımızın həyat şəraiti, yaşayışı bizim üçün vacib məsələdir. Əgər Rusiyada sosial həyatda, iqtisadiyyatda çətinləşmə olarsa, şübhəsiz ki, bu bizim soydaşlarımızın durumuna da ciddi təsir göstərər. Odur ki, indi regionda gedən bu gərgin proseslərə həssaslıqla yanaşmalıyıq. Biz, indiki vəziyyətdən istifadə edərək heç olmasa Qarabağ ətrafı rayonlarımızı azad etməliyik. Bizim fəaliyyətimiz bundan ibarətdir. Bunun üçün milli həmrəylik vacibdir. Odur ki, Azərbaycanda heç kim başıpozuq, siyasi düşüncəsi dar, kiminsə tərəfində olan qüvvələr belə hallardan istifadə edə bilərlər. Mən hesab edirəm ki, buna yol vermək olmaz. - Ukrayna hadisələri necə bitə bilər? - Bizim üçün daha çox bu proseslərdə Azərbaycanın hansı uduşlar əldə edə biləcəyi maraqlıdır. Bildiyiniz kimi bizim həm Rusiya, həm də Ukrayna ilə böyük ticarət əlaqələrimiz var. Hər iki dövlətdə kifayət qədər azərbaycanlı yaşayır. Həm də, biz Ukrayna ilə birlikdə Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramında iştirak edirik. Nəzərə alın ki, indilikdə müşahidə etdiyimiz münaqişə böyüdükcə Dağlıq Qarabağ məsələsi yaddan çıxır. Biz çalışmalıyıq ki, Dağlıq Qarabaq məsələsi daima gündəmdə qalsın. Odur ki, biz daha çox danışıqlar prosesinin aktivləşdirilməsinə, sülh yolu ilə problemin həllinə nail olmalıyıq. Mən şəxsən münaqişənin sülh yolu ilə həll ediləcəyinə inanmıram. İkincisi, sülh baş vermirsə, biz məsələni Avropa Yay Olimpiya Oyunlarından sonra lazımdırsa güc yolu ilə həll etməliyik. - İndi bəzi ekspertlər iddia edirlər ki, vəziyyətin bu sürətlə davam etməsinin nəticəsi olaraq Rusiya Azərbaycana hərbi əməliyyatlar keçirməsi üçün yaşıl işıq yandıra bilər. Bu nə dərəcədə mümkündür? - Mən buna inanmıram. Ermənistan Rusiyanın təsiri altındadır. Azərbaycan ərazilərinin işğalı zamanı Rusiyanın bir sıra hərbi hissələri Ermənistana dəstək verib. Ermənistan-Rusiya münasibətlərində gərginlik mövcuddur. Xüsusilə, Gümrüdə rus əsgərinin bir erməni ailəsini qətl etməsi, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında erməni deputatlarının Rusiyanı müdafiə eetməməsi münasibətləri pisləşdirib. Əslində isə bu münasibətlərin necə olmasından asılı olmayaraq biz azərbaycanlılar öz torpaqlarımızı azad etmək haqqında
düşünməliyik. Şəxsən mən inanmıram ki, Rusiya bu məsələdə Azərbaycanın xeyrinə pozitiv addım atsın, Azərbaycan torpaqlarının azad edilməsi üçün İrəvana təsir etmək haqqında düşünsün. Mən Rusiyanın müəyyən mərhələdə Azərbaycanın hərbi əməliyyatlar keçirməsinə də göz yumacağına inanmıram. Şüşhəsiz ki, Rusiya bu məsələdə neytar mövqe tutsa, biz Qarabağ məsələsini həll edə bilərik. Azərbaycanın yaxşı nizami ordusu, kifayət qədər silah-sursatı var. Azərbaycan Ordusu dünyanın 50 yaxşı ordusundan biri hesab olunur. Həmin siyahıda erməni ordusunun adına rast gəlinmir. Bizim ordumuz da, insan potensialımız da, hərbi texnikamız da var. Biz heç kimə inanmamalıyıq, yalnız öz gücümüzə inanaraq bu məsələni həll edə bilərik. ATƏT 20 ildən artıqdır ki, Minsk Qrupu yaradıb. Həmin qrup isə prezidentlərin görüşünü təşkil edə bilmir. Biz daha çox öz gücümüzə inanmalıyıq. Yalan vədlər və sözlərə də inanmamalıyıq. - Azərbaycan-Amerika münasibətlərinə necə baxırsınız? - Nəzərə almalıyıq ki, ABŞ dünyanın super dövlətidir. Biz hüquqi dövlət, gözəl xalqıq, Avropanı enerji təhlükəsizliyi ilə təmin edirik. Bu da imkan verir ki, biz daima ABŞ-la münasibətləri normal saxlayaq, daima bu platformadan çıxış edək. Əlbəttə, ABŞ-da güclü erməni diasporası var, onlar 907-ci Düzəlişi Konqresdə keçirib. Bizdə orada öz gücümüzü, lobbimizi formalaşdırmalıyıq. Yalnız özümüzə inanmalıyıq. - Azərbaycan ABŞ və Avropadan uzaqlaşaraq Rusiyaya yaxınlaşır. Bunu necə qiymətləndirirsiniz? - Mən buna inanmıram. Bizim öz maraqlarımız var. Biz Avropanın bir hissəsiyik, Avropaya enerji satırıq, Şərq Tərəfdaşlıq Proqramında iştirak edirik. Ancaq bizi nə uyğundursa, marağımız təmin edilən platformada da olmalıyıq. Biz çox istərdik ki, Avropa Ermənistanı aqressiv dövlət kimi tanısın, ittiham etsin. Biz ABŞ və Avropa ilə münasibətlərimizi normal saxlamalıyıq. İndiki mərhələdə bizə Rusiya ilə yaxınlıqda siz deyən xeyir eləmir. Məncə, balans siyasəti davam etdirilməlidir. Biz bütün platformalarda-ABŞ Konqreində, Avropa Şurasında, Avropa İttifaqında, Rusiya Dövlət Dumasında işləməliyik. - Avrasiya İttifaqı modelinin tarixin arxivinə getdiyini demək mümkündürmü? - Mən əvvəllərdə Avrasiya İttifaqının perspektivinə şübhə ilə yanaşırdım və bunu da sizinlə müsahibəmdə xüsusi qeyd etmişdim. Bu model özünü doğrultmayacaq. Aparıcı dövlət olan Rusiya o gücdə deyil ki, Avrasiya İttifaqı formatında Belarusu, Qırğızıstanı, Ermənistanı öz arxasınca çəkib aparsın. Qazaxıstan isə daha çox çalışır ki, bu model işləməsin. Mən belə başa düşürəm ki, artıq Avrasiya İttifaqının perspektivindən danışmağa dəyməz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?