“Müsavatsız yeni birlik yaratmaq təşəbbüsü istiqamətində addım atılıb”
Müsavat.com saytına maraqlı məlumat daxil olub. Adının çəkilməsini istəməyən tanınmış siyasətçilərdən biri müxbirimizə bildirib ki, 7 dekabrda müxalifət düşərgəsini qarışdıra biləcək bir hadisə baş verib. Belə ki, ölkənin 8 siyasi partiyasının və Ziyalılar Forumunun təmsilçiləri “Asiman” restoranında bir araya gəliblər Məsələnin maraqlı tərəfi budur ki, həmin toplantıda Müsavat Partiyasının təmsilçisi iştirak etməyib. Məlumatı verən mənbə bildirir ki, bunun səbəbi bu toplantının əslində Müsavat Partiyasına və hazırda fəaliyyətdə olan İctimai Palataya qarşı olmasındadır: “Son vaxtlar İctimai Palataya daxil olan bəzi partiyaların təmsilçiləri mətbuatda belə bir kampaniya aparırlar ki, İP-dən kənarda daha effektli bir qurum yaratmağın zamanı gəlib. Bu təbliğat işi ilə paralel olaraq, bir sıra partiyalarla separat danışıqlar da gedirdi. Bu görüş həmin danışıqların nəticəsində ortaya çıxıb. Şərti olaraq “Səkkizlər” adlanan bir formatda toplanan partiyalar Ziyalılar Forumunun təmsilçisini də aralarına qatmağa nail olublar. Bununla da İP-siz və Müsavatsız yeni birlik yaratmaq təşəbbüsü istiqamətində addım atılıb ”.
İP Koordinasiya Şurasının dönəm sədri Rauf Arifoğlu müxbirimizə deyib ki, belə bir görüşün olması faktı ona məlum deyil. Müxbirimiz həmin görüşdə iştirak edən partiyaların və onların təmsilçilərinin kimliyini müəyyən edə bilib. Bunlar aşağıdakılardır:
- ADP, Sərdar Cəlaloğlu, - AXCP, Əli Kərimli, - Ümid Partiyası, İqbal Ağazadə - ALP, Əvəz Temirxan, - VİP, Əli Əliyev, -AMİP, Yusif Bağırzadə - KXCP, Mirmahud Mirəlioğlu -Ziyalılar Forumu, Rafiq Əliyev.
Məlumatlı mənbə bildirib ki, professor Rafiq Əliyev həmin görüşə qonaqlıq adı ilə dəvət olunub. Nə baş verdiyini biləndən sonra, qısa zamanda oranı tərk edib.
Lakin o da məlum olub ki, bu görüş barədə Müsavat Partiyası və İP Koordinasiya Şurası məlumatlandırılmayıb. İlkin məlumata görə, görüşdə müxalifətin yeni birlik modelini yaratmaq, seçkilər, vahid namizəd məsələləri müzakirə edilib.
Ziyalılar Forumunun təsisçilərindən professor Rafiq Əliyevin “Yeni Müsavat”a açıqlamasında dekabrın 7-də bir qrup siyasi partiya liderləri ilə yemək süfrəsində iştirak etdiyini təsdiqlədi: “Məni dəvət elədilər ki, gəlin yemək yeyək. Mən də dəvəti qəbul elədim. Getdim birlikdə yemək yedik. Yarım saat iştirak etdim. Məni siyasətçilərdən biri dəvət eləmişdi. Mən orada olarkən hər hansı birlik yaratmaqla bağlı müzakirə aparılmadı. Bu məsələdə qeyri-adi bir şey yoxdur”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə İctimai Palatadan kənarda hər hansı birlik formatının yaradılması barədə AXCP-nin heç kimlə müzakirə aparmadığını söylədi: “Belə bir rəsmi müzakirənin getdiyi görüş olmayıb. Bu cür müzakirələr yalnız İctimai Palatanın Koordinasiya Şurasında razılaşdırılmış qaydada keçirilə bilər. İctimai Palatadan kənarda hər hansı birliyin yaradılması ilə bağlı hər hansı təmas olmayıb. Ancaq təbii ki, müxalifət düşərgəsində olan siyasətçilər istənilən zaman bir-biri ilə görüşə bilirlər, çay süfrəsi arxasında söhbətləşə bilirlər. Bu, vaxtaaşırı olan haldır. Həm AXCP-nin, həm Müsavatın rəhbərliyində olan şəxslərin şəxsi ünsiyyət dairəsi kifayət qədər genişdir. Yəni ünsiyyət dairəsi İctimai Palata ilə məhdudlaşmır. Hər hansı şəxsi rəsmi təmaslar ola bilər. Amma bu, rəsmi görüş deyil. Hər hansı birliyin yaranması məqsədi güdən görüş olmayıb. Nə AXCP-nin belə müzakirələrdə iştirak barədə qərarı var, nə də İctimai Palatanın”.
“Bəlkə, sizin xəbəriniz olmadan Əli Kərimli sözügedən görüşdə iştirak edib, müzakirələr aparıb?” sualına F.Qəhrəmanlı belə cavab verdi: “Yox. Bilirsiniz, Əli bəy çox adamla görüşür. O cümlədən onun müavinləri də çoxları ilə görüşür və ən müxtəlif məsələlər müzakirə edilir. Ancaq İctimai Palatadan kənar hər hansı birliyin yaranması məqsədi ilə görüş olmayıb”.
ADP sədri Sərdar Cəlaloğlu isə “Asiman” restoranında qeyd etdiyimiz tərkibdə görüşün olduğunu təsdiqlədi: “Bəli, görüşmüşük. Yemək-içmək olub. Rəsmi heç bir siyasi müzakirə aparılmayıb”.
Görüşün təşkilatçısının kim olduğuna gəlincə, S.Cəlaloğlunun açıqlamasından belə məlum oldu ki, “Qarabağ” bloku təşəbbüskarlı edib: “Bəzi yoldaşları mən dəvət etmişdim, bəzilərini İqbal Ağazadə. Biz özümüz “Qarabağ” blokunda fikirləşdik ki, oturaq bir yeyək-içək”.
ADP sədri onu da dedi ki, Müsavat başqanı İsa Qəmbər də görüşə dəvətli olub: “İsa Qəmbərə şəxsən mən zəng edib dəvət elədim. Dedim ki, filan vaxt gəl “Asiman” restoranına bir görüşək. “Yox” cavabını aldım”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?