Bakı Apelyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən və apelyasiya instansiyasında bəraət alan Sahib Ağayevin işi üzrə yenidən məhkəmə prosesi davam edir.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş şəxs qismində 3 nəfər ifadə verib. Zərərçəkmişlər ifadə verəndən sonra Sahib Ağayev onların izahatlarına uyğun olaraq danışıb.
O, qeyd edib ki, dələduzluq cinayətlərində əsas məqsəd vəsaitin alınmasına qədər və ya sonra vəsaitin ələ keçirilmə niyyətinin olub-olmaması təyin edilməlidir: “Mənim vəsaiti ələ keçirmə niyyətimi sübut edən heç bir fakt aşkar olunmayıb. Əksinə, maddi vəziyyətimin kəskin dərəcədə zəifləməsi səbəbi ilə vəsaiti qaytara bilməməyim göz qabağında idi”.
Onun sözlərinə görə, əsas məqsəd Ali Məhkəmənin hakimi Fərhad Kərimovun çıxardığı qanunsuz qərarın tətbiqini həyata keçirərək onu həbs etməkdir: “Üzərimə qoyulan əsas tələb pulun tam məbləğdə qaytarılmasıdır. Mən əgər hazırda məhkəmələrin ucbatından işsizəmsə, 10 kv metrlik evdə kirayə vəziyyətində yaşayıramsa və ailəmdə gündəlik 10 manat əmək haqqı ilə tək atam çalışırsa, mən borclu olduğum vəsaiti tam olaraq necə ödəməliyəm? Qanunlar borclu şəxsi məbləği tam ödəməyə vadar edir, yoxsa şəxsə şərait yaradılaraq borc öhdəliyini hissə-hissə ödəməsini tələb edir? Bəzi məhkəmə üzvlərinin sözlərinə istinad etsəm, belə çıxır ki, mən ya oğurluq və ya quldurluq edərək mülki qaydada borclu olduğum məbləği ödəməliyəm”.
“Məni məhv etməyə çalışırlar”
Sahib Ağayev bildirib ki, məhkəmə iclası sentyabrın 9-da davam etdiriləcək. Bu arada Sahib Ağayev günahsızlığını sübut etmək üçün növbəti dəfə prezident İlham Əliyevə müraciət edib. O, müraciətində qeyd edib: “Bir neçə gün öncə ictimai formada Sizə müraciət etmişdim. 14 avqust 2015-ci il tarixdə mənim Apellyasiya Məhkəməsində yeni məhkəmə baxışım təyin edilmişdir və məhkəmə davam edir. Məhkəməyə sədrlik edən hakim cənab Qədim Babayevdir. Bəraət hökmü ilə nəticələnən hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən əvvəlki məhkəmə prosesində bütün hadisələrin tam olaraq araşdırılmasına və mənim dələduz olmamağım barədə yekun qənaətə gəlinərək bəraət hökmü almağıma baxmayaraq, indiki məhkəmə iclasında tam əksi, yəni mənim
əməllərimi qanunsuz olaraq dələduzluq əməlinə uyğunlaşdırılmasına cəhd göstərirlər. Mənim mülki qaydada bəzi şəxslərə borcum qalmışdır. Ailəmin 3 ildən çoxdur ki, çox ağır vəziyyətdə yaşamağına və 11 ay həbsdə olmağıma baxmayaraq, mənim maddi vəziyyətimin ağır olduğunu bilərəkdən, borclu olduğum məbləğin tam ödənilməsini tələb edirlər. Bunun qeyri-mümkün olduğunu bilə-bilə... Halbuki Sizin sayənizdə günü-gündən inkişafda Azərbaycan Respublikasının heç bir qanununda müflis olmuş, maddi vəziyyəti ağırlaşmış borclu şəxsin məcburən borcunu tam ödəməsinə məcbur edilməsi barədə heç bir qərar yoxdur. Bu işdə Unibank KB ASC-nin rəhbərliyi, Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük müstəntiqi Rəşad Məmmədovun əllərinin olmasına heç bir şübhə yoxdur. Çünki bu şəxslər, öz savadı ilə özünü müdafiə edərək bəraət hökmü almış sadə bir Azərbaycan vətəndaşının qarşısında məğlubiyyətlərini qəbul etmir və saxta əməllərini ört-basdır etmək məqsədilə hər bir yolla məni məhv etməyə çalışırlar”.
“Dəli olmaq ərəfəsindəyəm”
Sahib Ağayev prezidentə ünvanlandığı müracətində əlavə edib ki, əvvəlki müraciətimdə bildirdiyim kimi, ailəmiz çox ağır vəziyyətdədir, borc içində, kirayədə yaşayırıq: “Ailəmizdə atamdan başqa çalışan yoxdur. Onun da gündəlik əmək haqqısı 10 manatdır. Artıq 3 ilə yaxındır ki, məhkəmələrdə sürünürəm, mənim rahat nəfəs alaraq işləməyimə heç bir şərait yoxdur. Məhkəmələrin tələbi odur ki, borcumu tam ödəyim, baxmayaraq ki, borcumu ödəmək üçün dəyərli heç nəyim yoxdur. Məhkəmələr, dövlət ittihamçıları tərəfindən qanunsuz olaraq bu şərt irəli sürülür. Eyni zamanda, Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Borcumu tam ödəməyim üçün mən ya oğurluq, ya quldurluq etməliyəm. Yəni, dələduz olmadığımı sübut etməyim üçün oğru və ya quldur adını almalıyam. Bunları etməyi bacarmıram və etmək niyyətim də yoxdur. Mən artıq dəli olmaq ərəfəsindəyəm, hər günüm depressiya və stress içində keçir, fikirdən gecələr 1-2 saat yata bilirəm. Qalan bütün zamanlarda ancaq fikir çəkirəm. Çünki təkəm, heç kimim yoxdur. Ümidimi ancaq göydə Allaha və yer üzündə isə Allahın layiq bəndəsi və xalqımızın Atası olan Sizə bəsləmişəm. Sizdən çox xahiş edirəm mənə borca pul verəsiniz ki, dələduz adını üzərimdən götürərək, məhkəmədə qanuni haqqımı alım və 4 ilə yaxın əzab-əziyyətlərdən sonra, bir gün rahat nəfəs alaraq, işə düzəlib Sizin borcunuzu ödəyim. Sizdən çox xahiş edirəm harayıma gəlin, mənim yaşamaq həvəsim və gücüm ancaq Sizə olan inamımda və Sizdən gələcək köməkdədir. Əvvəlcədən Sizə
öz təşəkkürümü bildirərək, Sizə uzun ömür, can sağlığı və bütün işlərinizda daha böyük uğurlar arzu edirəm”.
Qeyd edək ki, Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan Sahib Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsində, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Sahib Ağayevin barəsində təyin edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Məhkəmə Sahib Ağayevə bəraət verib. Həbsdə olan Sahib Ağayev məhkəmə zalından azadlığa buraxılıb.
Həmin qərardan narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək bəraət hökmünün ləğv edilməsini istəyib. Ali Məhkəmə baxışı zamanı hakim Fərhad Kərimov dövlət ittihamçısının şikayətini təmin edib və apelyasiya instansiyasının qərarını ləğv edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?