Sabirabadda çirkab suları bələdiyyə torpağına axıdan 35 yaşlı kişi qonşusunu bellə döydü
Şirvan Apelyasiya Məhkəməsində Sabirabad rayon sakini, 1980-ci il təvəllüdlü İlkin Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, İlkin Mehdiyev 4 iyun 2014-cü il tarixdə, saat 20.00-da yaşadığı Sabirabad rayonunun Əsgərbəyli kəndindəki evinin yaxınlığında, kənd bələdiyyəsinə məxsus torpaq sahəsində həyətinin çirkab sularını axıtmaq üçün quyu qazıb.
Həmin vaxt ona qonşusu Ruslan Ağammədov irad tutub. Buna görə də qonşular arasında mübahisə yaranıb. İlkin Mehdiyev həmin vaxt Ruslanın baş və bədəninin müxtəlif nahiyyələrinə əlindəki bel ilə vuraraq, ona xəsarət yetirib.
İlkin Mehdiyev Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Sabirabad Rayon Məhkəməsinin hökmü ilə İlkin Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan İlkin Mehdiyev apelyasiya şikayəti verərək daha yüngül cəza ilə cəzasının əvəz edilməsini istəyib. Həmçinin təqsirləndirilən
şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı zərərçəkmiş Ruslan Ağammədov da apelyasiya şikayəti verib.
Tərəflərin şikayətinə hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə İlkin Mehdiyev apelyasiya şikayətindən imtina edib. Buna görə də onun şikayətinə məhkəmə prosesində baxılmasına xitam verilib. Zərərçəkənin isə şikayəti təmin edilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?