Eldar Əzizovun gənclər şəhərində yarıtmaz idarəçiliyi
İkinci yazı
Sumqayıtın icra hakimiyyəti başçısı Eldar Əzizov ona etimad göstərənlərə and-aman edə bilər ki, harada üsyan baş versə də, bu şəhərdə heç bir olaydan söhbət gedə bilməz. Bəri başdan deyək ki, onun bu vədinə inananlar ilk növbədə özləri aldadılmış olacaqlar. Çünki məhz Eldar Əzizovun bu şəhərə topladığı soyğunçuların hesabına Sumqayıt bir barıt çəlləyinə dönüb. İndi buradakı vəziyyət sabit görünə bilər, soyulan sahibkarlar, icra strukturlarının harınlamış məmurlarının müxtəlif təzyiqləri ilə üzləşən insanlar da hələ ki başıaşağı dolaşa bilərlər. Lakin unutmayaq ki, üsyanların baş verməsi bəzən bir qığılcımdan asılı olur. Sumqayıtda isə qığılcım ocaqları yetərincədir. Ötən yazıda Sumqayıt Təhsil Şöbəsinin müdiri Mahal Əliyevin özbaşınalıqlarından yazmışdıq. Əldə etdiyimiz məlumata görə, bu yazıdan sonra bəzi direktorlar şəhər prokurorluğuna dəvət edilərək onlardan haqq istənilib-istənilmədiyi soruşulub. Eviniz yıxılmasın, guya biz yazmasaydıq prokurorluqda Mahal Əliyevin 4 aydan bəri şəhərin təhsil sisteminin başına açdığı oyunlardan xəbəriniz yox idi? Sumqayıtda hər kəs neçə vaxtdır adıçəkilən məmurun özbaşınalıqlarından danışır...
Polis rəisinin narahatlığı
Eldar Əzizov Sumqayıta gələn kimi şəhərin hüquq-mühafizə orqanları ilə özünün və ətrafına topladığı məmurlarının qanunsuz əməllərinin müdafiəçisi qismində davranırdı. Məsələn, hansı obyekti yerlə-yeksan etmək planlaşdırılırdısa, əraziyə yüzlərlə polis əməkdaşı yerləşdirilirdi. Söküntüyə etiraz edən anındaca tutulub aparılırdı. Əlbəttə, belə olanda polisə də müəyyən qədər qazanc imkanı yaranırdı. Ancaq polisin icra başçısının qalxanı kimi istifadəsi sözsüz ki, bu qurumun rəhbərliyinin xoşuna getmirdi. Sözümüzün məqsədi ondadır ki, məhz Eldar Əzizovun nəzarətindən çıxarmaq üçün daxili işlər naziri Ramil Usubov ötən ilin sonlarında Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi Sahib Mirzəyevi Sumqayıt şəhər Polis İdarəsinin rəisi təyin etdi. Deyilənə görə, yeni rəis özünü və kollektivini icra hakimiyyəti başçısının asılılığından qurtara bilib. Sahib Mirzəyev həm də şəhərdəki narazılıqlarla bağlı ciddi addımlar atmağa başlayıb. Buradaca qeyd edək ki, başçı Sumqayıtda hələ də ən iri klan sayılan İsgəndərovlarla tam bacara bilmir. Lakin bu klandan istədiyi məbləğı ala bilib. Ötən yazılarda qeyd etmişdik ki, İsgəndərovlara məxsus “Cavid” Ticarət Mərkəzinin bayır hissəsinə alkopon-şüşə örtüyü vurulması üçün 100 min manat alınıb. Bir daha xatırladırıq, başçının bu yığım kampaniyasına Memarlıq, Arxitektura və Şəhərsalma İdarəsinin rəis müavini Hacı Kamil Məmmədov və onun yanında gəzdirdiyi Zaur nəzarət edirlər. Bu cütlük obyektlərin sahəsinin genişləndirilməsi, alkopon-şüşə ilə örtülməsi üçün külli miqdarda pul alsalar da, heç kəsə layihə verilmir. Bu da ən böyük qanunsuzluqdur. Çünki nə vaxtsa Sumqayıta başqa birisi icra başçısı təyin olunsa, həmin obyekt sahiblərinin başına istədiyi oyunu açmaq üçün tutarlı bəhanəsi olacaq. Qayıdaq İsgəndərovlardan alınan pul məsələsinə. Şübhəsiz ki, 100 min verilibsə, Zaman İsgəndərov və “Cavid”də indi daha çox at oynadan oğlu, keçmiş deputat Nizami İsgəndərov həmin məbləğı ticarət mərkəzindəki icarədarlardan çıxarmalıdırlar. Onlar belə də ediblər. Son vaxtlar icarə haqqı elə həddə qaldırılıb ki, istər-istəməz icarədarların ciddi narazılığına səbəb olub. Hətta deyilənə görə, bir müddət əvvəl onlarla icarədar “Cavid”in qarşısında İsgəndərovlara etiraz üçün aksiya keçirmək niyyətində də olublar. Ancaq yeni polis rəisi dərhal narazılıqdan xəbər tutaraq Zaman İsgəndərovu yanına çağırıb. Mənbənin verdiyi məlumata görə, Sahib Mirzəyev ticarət mərkəzindəki olaylardan xəbərdar olduğunu vurğulayaraq ata İsgəndərova icarədarlarla daha insaflı davranmağı məsləhət görüb. Yeri gəlmişkən, illərdən bəridir İsgəndərovlar böyük bir ərazini tutan ticarət mərkəzindəki gəlirlərini vergidən yayındırmaqda da əməlli-başlı qanunsuzluqlara yol verirlər... Son məlumata görə, polis rəisinin xəbərdarlığına baxmayaraq “Cavid”dəki icarədarların narazılığı qalır. Sizcə, Sumqayıtda üsyan üçün daha bir ocaq bura deyilmi? Sumqayıtın üsyana sürüklənməsində İsgəndərovların da rolu yoxdurmu?
Adam döyən Nemətov, adamsoyanlıq da bacarırmış
Sumqayıtın yeni polis rəisinin şəhərdə sabitliyin pozulmaması üçün atdığı bir addımdan bəhs etdik. Yeri gəlmişkən, Sahib Mirzəyevin yeni müavini Süleyman Nemətovun qədəmlərini Sumqayıta basar-basmaz ilk hərəkətindən də söhbət açaq. Çoxumuz Nemətovu Bakının Nəsimi rayon Polis İdarəsindən tanıyırıq. O, müxalifətin aksiyalarının dağıdılması proseslərindəki əməlləri ilə onsuz da tarixə düşüb. Yeni vəzifəsində sumqayıtlıların da yaddaşında Nemətov başqa imicdə qala bilər. Bu faktı sadalamaqla həm də rəisi Sahib müəllimə müavininin də əməllərinə nəzarət etməsinin vacib olduğunu xatırladırıq. Rəis müavini Sumqayıtdakı yerini isidən kimi bəzi obyekt sahiblərinin yanına elçilərini göndərməyə başlayıb. Etibarlı mənbə bildirir ki, həmin elçilər Corat qəsəbəsindəki obyektlərdən birinin sahibinin yanına gələrək Süleyman müəllimin onunla görüşmək istədiyini deyiblər. Həmin obyekt sahibi isə yaxın adamları ilə məsləhətləşəndən sonra Nemətovun hüzuruna getməyib. Digər məlumata görə, artıq Nemətov onlarla obyekt sahibini yanına dəvət edib. Belə davam etsə, Sahib Mirzəyevin müavini də Sumqayıtda üsyan üçün zəmin yaradacaq bir şəxsə çevriləcək. Görəsən, polis rəisinin bundan xəbəri varmı?
Eldar Əzizovu geri oturdurlar
Eldar Əzizov Sumqayıta icra başçısı gələndən bəri Əbülfəz Babayevə qarşı xüsusi təqib və təzyiq kampaniyası başlatsa da, onun öhdəsindən gələ bilməyib. Mətbuatda dəfələrlə yazıldığı kimi, başçı bələdiyyə sədrinin külli miqdarda maliyyə israfçılığına yol verdiyi, müxtəlif vəzifələrə təyin etdiyi qohum-əqrabası vasitəsilə saysız-hesabsız qanunsuzluq edildiyindən xəbərdar olub. Əslində başçının bələdiyyə sədrinə qarşı bu cür addımına haqq qazandırmaq üçün yetərincə əsas var. Necə deyərlər, burada Eldar müəllimə haqq qazandırmamaq insafsızlıq olar. Qeyd edək ki, Əzizov bura gələndən az sonra hətta vətəndaşlardan külli miqdarda pul alınması hesabına verilən qanunsuz torpaq sahələrinin geri alınması prosesinə şəxsən rəhbərlik edib. Məsələn, “Yaşıl dərə” adlanan ərazidəki torpaq sahələrinin kənarına çəkilən hasarlar yerlə-yeksan edərkən ora gələn bələdiyyə sədrini qovmuşdu. Əzizov uzun müddət Babayevi icra hakimiyyətində keçirilən tədbirlərə belə buraxmırdı. O zamanlar söylənilirdi ki, bələdiyyə sədri tezliklə istefa vermək məcburiyyətində qalacaq. Amma Əbülfəz Babayev bu günədək yeni başçıya, necə deyərlər, meydan oxuyur. Əslində Babayevin fəaliyyəti Eldar Əzizov Sumqayıta gəlməmişdən əvvəl də bələdiyyə üzvlərinin bir hissəsini qane etmirdi. Bu səbəbdən ümumi yığıncaqlarda bir neçə dəfə onun istefası məsələsi gündəmə gətirilib, hətta bir dəfə ümumi yığıncaqda qəti şəkildə onun istefası tələb edilib. Həmin vaxtlar istefa məsələsinin Eldar Əzizovun sifarişi ilə gündəmə gətirildiyi də iddia edilirdi. Bundan əlavə, icra başçısı şəhər prokurorluğuna bələdiyyədəki qanunsuzluqlarla bağlı ciddi araşdırma aparılmasını da tapşırmışdı. Başçı öz ssenarisini gerçəkləşdirmək məqsədilə müxtəlif manevrlər etdiyi dönəmlərdə Əbülfəz Babayev müxtəlif bəhanələrlə şəhərdən aralanırdı. Təbii ki, məqsəd həm də özünün müdafiəsini qurmaq idi. Və həqiqətən bir müddət sonra Eldar Əzizovun bələdiyyə sədrinə qarşı təzyiq və təqib kampaniyası səngidi. Bu səbəbdən sula ortaya çıxdı: Əbülfəz Babayevin himayəçisi kimdir ki, hakimiyyətdəki ən yüksək vəzifəli məmurların yaxın adamlarını sıxışdırmaqdan vaz keçməyən, hətta bəzilərini Sumqayıtdakı vəzifələrindən kənarlaşdıran başçı geri çəkildi. Şübhəsiz, Babayev elə məmura sığınmalıydı ki, necə deyərlər, onun qılıncının həm dalı, həm də qabağı kəssin. Bizim araşdırmamız nəticəsində maraqlı fakt ortaya çıxdı. İcra hakimiyyətindəki mənbələrdən aldığımız məlumata görə, bələdiyyə sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səviyyəsində müdafiəsi cəhdi alınmayıb. Daha doğrusu, Əzizov Mehdiyevin adından edilən xahişi vecinə almayacağını bildirib. Bundan sonra Əbülfəz Babayevin müdafiəsinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov özü qoşulub. Mənbə iddia edir ki, bələdiyyə sədri başçı tərəfindən sıxışdırlan zamanlarda dəfələrlə Naxçıvana gedərək Talıbovdan şəxsən dəstək istəyib. Nəticədə Talıbov şəxsən Əzizovun yanına gələrək ona Babayevə qarşı hər hansı təzyiq tətbiq edəcəyi təqdirdə başına açılacaq oyunlar barədə xəbərdarlıq edib. Məhz bundan sonra Əzizov, necə deyərlər, qınına çəkilib. Babayev isə atını əvvəlki kimi dördnala çapa bilməsə də, vəzifəsini qoruyub. Deməli, Əzizovu geri oturdanlar da tapılırmış.
Bələdiyyədə müəmmalı yanğın
Əbülfəz Babayev həqiqətən nümunəvi bələdiyyə sədri deyil. Məsələn, onun Sumqayıta məxsus torpaq sahələrinin qanunsuz paylanması ilə bağlı saysız-hesabsız faktlar var. Hətta əvvəllər bu faktlara görə bələdiyyənin bir neçə məsul şəxsi saxlanılıb, sonradan kimlərinsə tapşırığı ilə azadlığa qovuşa biliblər. Onu da qeyd edək ki, bələdiyyədə bu cür qanunsuzluqlara qol qoyanların əksəriyyəti Babayevin qohum-əqrabalarıdır. Bu, başqa yazının mövzusudur. Qanunsuz torpaq satışı varsa, deməli ortada konkret cinayət əməli var. Bu əməli sübut edəcək sənədlər də kifayət qədər olur. Sumqayıt bələdiyyəsinin həmin sənədləri mülkiyyətin idarəetməsi şöbəsində saxlanılırdı. Bu şöbəyə isə Babayevin etibar etdiyi Fətulla Fətəliyev rəhbərlik edir. Fevralın 16-da həmin şöbənin yerləşdiyi binada yanğın baş verib. Xatırladaq ki, Qubadlı rayon Prokurorluğu da həmin binada yerləşir. Maraqlıdır, yanğın yalnız adıçəkilən şöbənin ərazisində fəsadlar törədib. Fəsad dedik, əslində mülkiyyətin idarəetməsi şöbəsindəki bütün arxiv sənədləri, digər avadanlıqlar külə dönüb. Bizə verilən məlumata görə, yanğın Fətulla Fətəliyevin öz kabinetindən, hansı ki, bütün sənədlər orada saxlanılırmış, başlayıb. Bələdiyyədəki mənbədən verilən məlumata görə, yanğının qəsdən törədilməsi ilə bağlı ciddi şübhələr var. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası araşdırmaya başlayıb. İlkin rəyin nədən ibarət olduğu açıqlansa da, bu hadisəyə görə Fətəliyevin sorğu-suala tutulacağı istisna edilmir. Hətta deyilənə görə, Fətəliyevin müalicə olunmaq adı ilə İrana getdiyi bildirilsə də, bu, FHN-nin həmin komissiyasının sorğu-suallarından yayınmaq məqsədilə ortaya atılan məlumatdır. Onun hazırda Sumqayıtda olduğu deyilir. Hər halda, komissiyanın araşdırmasından sonra hansısa nəticəyə gəlinəcək. Görəsən, nə qədər qanunsuz verilən torpaq sahəsinin sənədi yanğın zamanı məhv olub? Babayev və onun ətrafındakılar öz qanunsuzluqlarını yanğın vasitəsilə yuya biliblərmi? Sonda qeyd edək ki, hazırda bələdiyyə sədri və onun yaxın adamları Əzizovun əleyhinə ciddi bir kampaniyaya başlayıblar. Babayev də öz çevrəsinə icra başçısının yaxın zamanlarda işdən çıxarılacağı haqda müjdə də verib. Görəsən, Sumqayıtda baş verə biləcək etiraz dalğasında Babayevin rolu necə ola bilər?
Sorğu
Yeni dizaynımız necədir?