Sumqayıtın icra başçısı Eldar Əzizovun karyerası təhlükədədir. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, Sumqayıtda mərhum prezident Heydər Əliyevin portretinin yandırılmasına görə Eldar Əzizov hədəfə gəlib.
Məlumatda bildirilir ki, hadisədən bir neçə gün sonra icra başçısı Prezident Administrasiyasına çağırılıb. Eldar Əzizov olaya görə sərt şəkildə danlanılıb. Ona vəzifəsinin öhdəsindən gələ bilməməsi və buna görə işdən çıxarıla biləcəyi barədə xəbərdarlıq edilib. Bildirilir ki, hadisə ilə bağlı Prezident Administrasiyasına ötürülən məlumatda Eldar Əzizovla bağlı da neqativ qeydlər yer alıb. Bundan xəbər tutan icra başçısı yanğın hadisəsini özünə təxribat kimi qiymətləndirib. Bildirilir ki, Eldar Əzizov yaxın çevrəsinə Sumqayıt İcra Hakimiyyətində onunla bağlı "yuxarılar"a donos ötürənlərin olduğunu bildirib. Lakin icra başçısı konkret ad çəkməyib.
Məlumatlarda deyilir ki, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimovla Eldar Əzizov arasında konflikt var. Eldar Əzizov Sumqayıta icra başçısı təyin edildikdən sonra Seyfəddin Rəhimovun bir neçə obyektini əlindən alıb. Ehtimal olunur ki, Eldar Əzizov Seyfəddin Rəhimovdan şübhələnir. Lakin məlumatda bildirilir ki, istənilən halda Eldar Əzizovun adı artıq "qara siyahı"dadı və mümkündür ki, Avropa Oyunlarından sonra o tutduğu vəzifəyə "əlvida" desin.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?