Baş redaktorun səhhətində problemlər yaranıb, o, ürəyində ağrılar olduğunu, əsəb gərginliyi keçirdiyini, kəskin baş ağrılarından əziyyət çəkdiyini, nəfəs almalarında problemlər yaşadığını və şəkər xəstəliyinin əlamətlərini müşahidə etdiyini bildirib
Fevralın 25-də axşam saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi xəstəxanasının həkimləri Bakı İstintaq Təcridxanasının tibbi-müayinə məntəqəsinin baş həkimi Qurban iştirakı ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının sağlamlıq durumu ilə bağlı müraciətindən sonra müayinədən keçiriblər. Onlar bir sıra analizlərin alınmasını labüd sayaraq, Ə.Zeynallının sağlıq durumunu normal-sabit olaraq dəyərləndiriblər. Bu günlər zərurət yarandığı təqdirdə Ə.Zeynallının BİT-nın tibbi-müayinə məntəqəsinə köçürülməsi məsələsinin də həllini tapacağı gözlənilir. Məlumat üçün bildirək ki, hazırda siyasi sifarişlə həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhətində problemlər yaranıb. O, ürəyində ağrılar olduğunu, əsəb gərginliyi keçirdiyini, kəskin baş ağrılarından əziyyət çəkdiyini, nəfəs almalarında problemlər yaşadığını və şəkər xəstəliyinin əlamətlərini müşahidə etdiyini bildirib. Qeyd edək ki, bir müddət əvvəl də Penitensiar Xidmətin tibb-sanitar şöbəsi Ə.Zeynallının sağlıq durumundakı problemlərlə bağlı arayış vermişdi. Arayışda bildirilirdi ki, baş redaktor “Xroniki hepatoxolesistit, hepatomeqaleya; Böyrəkdə duzların kristallaşması; Bel fəqərələrinin ostreanxondrozu, radikulinevralgiya; Xroniki sobatrofik rinit” xəstəliklərindən əziyyət çəkir. Diaqnozun ciddiliyinə baxmayaraq, Ə.Zeynallı ƏN Penitensiar Xidmətin BİT-da yerləşən tibbi-sanitar hissəsinə yerləşdirilməmişdi. O baxımdan bu gün də baş redaktorun səhhətində ciddi problemlər qalmaqdadır. Əvəz Zeynallı 16 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə prosesinin getdiyi 10 ay müddətində Ə.Zeynallıya qarşı qaldırılmış heç bir ittiham öz təsdiqini tapmayıb. Baş redaktor dəfələrlə PA rəhbəri R.Mehdiyevin sifarişilə həbs olunduğunu sübut edən dəlillərlə çıxış edib. Ə.Zeynallının həbs olunduğu müddətdən bu günə kimi mütəmadi olaraq qeyd etdiyi kimi şər və böhtanına məruz qaldığı Gülər Əhmədovanın özü deputat mandatından və YAP üzvlüyündən məhrum edilərək, haqqında AR CM-nin 178 (Dələduzluq) və 307.2 maddələrilə cinayət işi qaldılıb. Hazırda o Bakı İstintaq Təcridxanasının tibbi müalicə və müayinə müəssisəsində saxlanılır. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Ə.Zeynallıya qarşı irəli sürülmüş ittihamları saxta hesab edir və baş redaktorun iri çinli məmurlar haqqında tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər. Onlar hesab edirlər ki, Əvəz Zeynallının həbsi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsinə ziddir və Ə. Zeynallı dərhal azad olunmalıdır. 2013-cü ilin yanvar ayında Avropa Şurası İnsan Haqları Komitəsi Ə.Zeynallının səhhətində kəskin problemlər olduğunu bəyan etmiş və digər 5 siyasi məhbusla birlikdə onun da dərhal azad olunmasını tələb edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?