Media Hüquqları İnstitutu 1 mart 2012-ci ildə Qubada baş vermiş hadisələrlə bağlı prokurorun məhkəmədəki çıxışını pisləyib
Media Hüquqları İnstitutu (MHİ) 1 mart 2012-ci ildə Qubada baş vermiş hadisələrlə bağlı prokurorun məhkəmədəki çıxışını – iki jurnalistə qarşı 4,% il müddətinə azadlıqdan məhrumetmə cəzası istəməsini pisləyib. Regional “Xəyal TV” telekanalının icraçı direktoru və baş redaktoru Vüqar Qonaqov və Zaur Quliyev Quba rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun yerli sakinləri təhqir etdiyi çıxışını yayıblar. Bu kadrlar sonradan İnternetdə yerləşdirilib və əhalinin narazılığına və Həbibovun villasının talan edilməsi və yandırılması ilə müşaiyət olunan kütləvi iğtişaşlara səbəb olub. Cəmiyyət üçün çox əhəmiyyətli məlumatı yayan jurnalistlərə qarşı bu qədər sərt cəza çıxarmaq çağırışı qanunsuzdur, deyə MHİ-nin bəyanatında bildirilir. “İctimai əhəmiyyətli məlumatların əldə olunması, hazırlanması və əhalinin diqqətinə çatdırılması jurnalistlərin əsas vəzifəsidir”, deyə bəyanatda bildirilir. Bu halda söhbət rayon icra başçısının mətbuat üçün açıq olan rəsmi tədbirdə çıxışından gedirdi. İğtişaşlarla jurnalistlərin videomaterialı paylaşması arasında heç bir əlaqədən söhbət gedə bilməz. Bundan başqa, materialın özündə hüquqpozma – təhrif, əlavə, şərh və ya çağırış yoxdur, deyə MHİ qeyd edir.Buna görə, jurnalistlərin peşə fəaliyyətlərinə görə cəzalandırılması və prokurorun jurnalistləri həbs etmək təklifi yolverilməzdir. İfadə azadlığı yalnız xoşagələn, sevindirici məlumatları yaymaq demək deyil. Qubada baş verənlər pis idarəetmə, korrupsiya, əhalinin hakimiyyətin siyasətindən narazılığı ilə də bağlı ola bilərdi. Quba jurnalistlərinə qarşı sərt cəza KİV-i məmurların davranışı və dövlət orqanlarının fəaliyyəti haqqında obyektiv və dəqiq informasiya yaymaqdan çəkindirmək məqsədi daşıyır. MHİ jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunmasını pisləyir və onların azad edilməsini tələb edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?