İcra başçısının evinin yandırılması əvvəlcədən planlaşdırılıb
gundemxeber.az Qubanın keçmiş icra başçısı Rauf Həbibovun vəziyyətinin gərgin olması xəbərini əvvəldən də vermişdik. İndi isə 1 mart tarixində Qubada baş verən olaylarla bağlı əldə etdiyimiz ilginc faktlar məsələnin həm də daha qəliz olduğunu ortaya qoyur. Xatırladaq ki, bir neçə gün əvvəl məhkəmə istintaqı zamanı məlum hadisələrə görə həbs olunan keçmiş bələdiyyə sədri Elxan Əliyev şok faktları açıqlamışdı və bildirmişdi ki, o, Rauf Həbibovun qubalıları təhqir etdiyi iddia olunan məlum qalmaqallı çıxışı köçürtdürüb Qubadan olan deputat Vahid Əhmədova verib və hətta bu məsələdən Prezident Adminirstrasiyası da xəbərdar olub. Bu barədə qəzetimizə danışan mənbə bildirir ki, əslində Rauf Həbibova qarşı qiyamın arxasında elə Prezident Administrasiyası dayanıb: «Bu fakt istintaq araşdırmasında da sübuta yetirildi. Sadəcə olaraq, hüquq-mühafizə orqanları məsələnin üstünə yeriyə bilmədilər. Çünki işin arxasında daha böyük qüvvələr dayanırdı». Daha sonra mənbəmiz həmin olaylar zamanı Bakıdan gedən «sülhməramlı korpus»un tərkibinə də nəzər yetirməyimizin vacibliyini önə sürür: «Diqqət yetirin, Bakıdan ora Zeynal Nağdəliyevlə Ziya Məmmədov getdi. Onların hər ikisi administrasiya rəhbərliyinə zidd gedən fiqurlardır. Amma vəziyyəti nəzarətə ala bilmədilər. Hətta bu məsələdə daha betər olaylar planlaşdırılırdı. Rauf Həbibovu öldürməyə qədər geldəcəkdilər». Keçmiş icra başçısının evinin yandırılmasının sırf təxribat olduğunu bildirən mənbəmiz iddia edir ki, bu yolla PA-nın ssenarisi üzrə süni gərginlik yaradılmalı idi: «Alındı da. Amma əks tərəf müqavimət göstərmədi. Bu səbəbdən məsələ şişmədi. Yəni iş təkcə Rauf Həbibovun başında deyildi». Onu da qeyd edək ki, redaksiyamıza bu olaylarla bağlı çox ciddi faktlar ötürülüb və əməkdaşlarımız hazırda həmin faktlar üzrə geniş material hazırlamaqdadır. Bizi izləyin…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?