Nuşirəvan Məmmədov: Oğlumu öldürüb onun meydi ilə alver edənlər, kim zəmanət verə bilər ki, bu torpağı, bu Vətəni də satmazlar?
Bir neçə gün bundan redaksiyamıza üz tutan Ağcabədi rayonu Həzi Aslanov küçəsi ev-224 ünvanında yaşayan Məmmədov Nuşirəvan Məhərrəm oğlu, təkrar ünvanladığı şikayət ərizəsində başına gətirilən olaylardan bəhs edir, əksər vəzifə sahiblərini çoxsaylı qanunsuzluq əməllərinə qol qoymaqda da ittiham edir. O, yazdığı şikayət ərizəsində bildirir ki, “həyat yoldaşım Əhmədova Nazilə Əhməd qızı ilə birlikdə “Gündəm Xəbər” qəzetinin redaksiyasına biz şikayət ərizəsi yox, əslində valideyin fəryadı yazmışıq. Çünki, ailəmizin böyük oğlu Məmmədov Elnur Nuşirəvan oğlu 1994-cü ildə hərbi xidmətə getsə də, 1996-cı ildə ailəmizə qəfil Sumqayıt şəhər Hərbi Prokurorluğunun müstəntiqi, baş leytenat Elman Kişiyevin göndərdiyi hərbiçilər tərəfindən belə bir xəbər verildi ki, oğlunuz iki nəfər əsgəri öldürüb. Tez Sumqayıt şəhər Hərbi Prokurorluğuna gəlməlisiniz dedikdə, biz ailəlikcə dəvət olunan ünvana gedib Elman Kişiyevi tapdıq. Bizimlə söhbətində o, bildirdi ki, “gedin 2 min dollar pul gətirin və oğlunuzu da aparın gedin. Narahatçılığa heç bir əsas yoxdur. Mən oğlunuzun həbs olunmasına imkan verməmişəm və öz yediyim yeməkdən hər gün ona yemək də verdirirəm. Odur ki, heç bir problem yoxdur, özü də bəy kimi yaşayır”. Biz istənilən pulu düzəldib müstəntiqə verə bilmədik, belə halda oğlumu 17 gün hansısa bir yerdə saxladılar. Çox götür-qoy etdik ki, bu necə cinayət hadisəsidir ki, baş verən olay 2 min dollar pulun müqabilində həllini tapır. Çox keçmədi ki, üzləşdiyimiz olayla bağlı sonra ayrı-ayrı instansiyalara, o cümlədən həmin illərdə ölkə rəhbəri vəzifəsini daşıyan mərhum prezidentimiz Heydər Əliyevə, Baş Prokurorluğa, Hərbi Prokurorluğa, Ali Məhkəməyə, Ədliyyə Nazirliyinə, “Azadlıq” qəzetinin redaksiyasına və digər qurumlara, vəzifə sahiblərinə şikayət ərizələrimi ünvanladım. Hər bir vəzifə sahibindən bizi qəbul edib köməklik göstərmələrini də xahiş etdim. Ünvanladığım şikayət ərizələri əsasında yalnız Prezident Administrasiyasının qəbul şöbəsində Kamal müəllim bizi qəbul edib bildirdi ki, “gəlin siz şikayət ərizələrinizdən əl çəkin” deməklə, bizi “yola verməyə” də çalışdı. Kamal müəllimin danışdıqlarına fikir vermədən, yenə də ayrı-ayrı ünvanlara üzləşdiyimizin problemin həlli ilə bağlı şikayət ərizələrimi ünvanladım. Ünvanladığım şikayət ərizələri əsasında mərhum prezidentimizin qəbuluna düşüb dərdimizi danışmaq istəsəm də, bizi yenə də PA-da Kamal müəllim qəbul etdi. O, bu dəfə də bildirdi ki, sizi ölkə rəhbəri deyil, Ali Məhkəmədə Brujayev soyadlı şəxs qəbul edəcək. Hansı ki, o, sədrin köməkçisidir. Edilən təklifə ilk öncə razı olmasaq da, sonra fikirləşdik ki, suda boğulan hər kəs xilas olmaq üçün hətta ot çöpünə də əl atır. Çox keçmədi ki, ünvanımıza belə bir məktub da daxil oldu ki, oğlunuza 13 il iş düşürsə həmin cəzanı on ilə endirmək olar. Oğlumuzla görüşə gedərkən isə, o, mənə bildirdi ki, verilən cəza heç də mənə aid deyil. O, iş əslində komandirim Zakir adlı şəxsin və baş çavuş Filman Bədəlovun işi olduğu halda, baş verənləri ört-basdır etmək üçün, onlar məni cəzalandırmağa qərar verdilər. Baş verən haqsızlıqlarla bağlı, yuxarıda qeyd olunan instansiyalara şikayət ərizələrimi yenidən ünvanlamağa başladım. Oğlum hələ Ağcabədidə yerləşən Ağdam orta ixtisas məktəblərində təhsil alarkən, həm karate üzrə idman növü ilə, həm də musiqi təhsili almaqla da məşğul olurdu. 7 saylı orta məktəbdə təhsil alarkən isə, məktəbin ən nümunəvi şagirdlərdən biri hesab olunurdu. ...... Onu da qeyd edim ki, oğlum Şüvəlandakı Müvəqqəti Saxlama Təcridxanasında 3 aya yaxın müddətə qədər saxlanıldı. Sonra toplanmış iş materiallar Bayıldakı Hərbi Tribunala göndərildi. Tribunalda işi aparan hakim Ilqar Abdullayev, oğluma vəkillik edən və əslən Ağcabədi rayonundan olan Raqub Məmmədovun vasitəsilə məndən 10 min dollar rüşvət istədi. Biz olduqca kasıb ailə olduğumuzdan, hələ Sumqayıtda istənilən 2 min dolları düzəldib verə bilmədiyimiz halda, 10 min dolları necə düzəldib verə bilərdik? Nəhayət çox çək-çevirdən sonra, oğluma 1996-cı ildə 13 il həbs cəzası verdilər. Çıxarılmış həbs cəzasından təqribən 1 ay sonra, oğlumu 6 saylı cəzaçəkmə müəssisəsinə göndərdilər. Bir müddətdən sonra isə, 17 saylı cəzaçəkmə müəssisəsinə yerini dəyişdilər. Oğlum Məhərrəm Məmmədovun yeri niyə dəyişdirildi deyə maraqlandıqda, bizə bildirdilər ki, oğlunuz vərəm xəstəliyinə tutulduğu üçün belə bir yerdəyişmə həyata keçirilib. Mən ayrı-ayrı instansiyalara şiklayətimi yenə də ünvanladım. Məqsədim Konstitusiya ilə qorunan hüquqlarımı təmin etmək idi. Eyni zamanda həmin illərdə ölkə rəhbəri vəzifəsini daşıyan mərhum prezidentimiz Heydər Əliyevə inanırdım ki, məhz onun rəhbərlik etdiyi dövlətdə, mütləq biz haqqımıza qovuşa biləcəyik. Günlərin birində 3 saylı cəzaçəkmə müəssisəsinin həkimi Cəmil adlı şəxs mənə bildirdi ki, “get 2 min dollar tap gətir, həbsxananın rəisi işinizi qaydaya salıacaq, sən oğlunu buradan apara biləcəksən”. Edilən təklifdən sonra, qohum-əqrəbadan 1150 dollar pul düzəldib həmin pulu Cəmil həkimə verdim. O, mənə bildirdi ki, “pulu mənə yox, apar həbsxananın rəisinə ver” dedikdə, rəisin kabinetinə girib 1150 dolları ona verdim. Həbsxananın rəisi mənimlə çox qəzəbli danışdı və bildirdi ki, pulu Mərdəkan qəsəbəsində həbsxanalara baxan, hansı ki, bu gün adını müəyyən səbəblər üzündən unutduğum hakimə ver dedi. Həmin hakim də pulu məndən alıb bildirdi ki, “bu pul 1150 dollar yox, 2 mim dollar olmalıdır” dedi. Mən pulu 27 iyun 2003-ci il (həftənin beşinci günü) tarixdə verdim. 28 iyunda isə, günün səhər saatlarında oğlumun meytini bizə verdilər. Bu da onu söyləməyə əsas verir ki, oğlumun meydini həmin şəxslər pulla bizə satdılar desəm, heç də yanılmaram. Hörmətli redaksiya! Oğlumuzu hərbi xidmətə sağlam, təhsilli, nizam-intizamlı, Vətənini sevən bir övlad olaraq vermişdiksə, səbəb nə oldu ki, onu şərlədilər, vərəm etdilər, son andada da pulumuzu alıb onun meytini bizə pulla satdılar. Əgər o, vərəm xəstəliyinə düçar olmuşdursa, o halda onu sağaltmaq mümkün deyildimi? Yaxud da o, Vətənini sevib hərbi xidmətə gedibsə, torpaqlarını sevibsə, səbəb nə oldu ki, onlara rəhbərlik edənlər oğlumu sevmədilər, ona şər, böhtan atıb bu dünyadan da köçürə bildilər. Bax budur faciə, budur bir valideyin olaraq bizim fəryadımız! Oğlumu öldürüb onun meydi ilə alver edənlər, kim zəmanət verə bilər ki, yuxarıda adları çəkilən şəxslər, bu torpağı, bu Vətəni də satmazlar? Çünki, bu torpaqlar onlar üçün, daha da qiymətlidir. Onlardan nə desən gözləmək olar. Bütün bunlar bir ailənin iztirabı, üz-üzə qaldıqları faciələrin varlığıdır. Görəsən kasıb, minbir zülmət, əzab-əziyyət içində yaşayan Məmmədovlar ailəsi, nə vaxt haqqa-ədalətə qovuşa biləcəklər ki, Nuşirəvan Məmmədovun od tutub yanan ürəyi, azacıq da olsa rahatlıq tapa bilsin. Axı, oğul dərdi ağır dərddir! P.S. Baş verən olayları diqqətdə saxlayacağıq və Məmmədovlar ailəsinin üz-üzə qaldığı faciələrdən, haqsızlıqlardan yenə də bəhs edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
Sorğu
Yeni dizaynımız necədir?