Bəhlul Muradov: "Mənim başıma gətirilən müsibətləri açıqlayan, əsil həqiqətləri yazan jurnaslitləri müxtəlif cəzalara layiq gördülər. Bunu da "bacıoğlu"nun "köməyi" ilə ediblər"
gundemxeber.az "Millətim"in baş redaktoru Lalə Ramizqızına ünvanlanmış məktub şok əhval-ruhiyyə yaradıb. Belə ki, məktubu ünvanlayan, hazırda 7 saylı Ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən əlbəyaxa döyüş növü üzrə üçqat dünya çempionu Bəhlul Muradov elə şok açıqlamalar edib ki, məktubla həyəcansız tanış olmaq mümkün deyil.
Təhmasib Novruzovla tanışlıq
Məktubda Bəhlul Muradov yazır: "Hörmətli Lalə xanım! Bu məktubu yazmaqda mənim məqsədim günahkar, dələduz, dövlətə və dövlətçiliyə xəyanət etmiş şəxsin əməllərindən hər kəsi agah etməkdir. Bu şəxs Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovdur. Bu şəxslə mənim tanışlığım 2006-cı ildən başlayıb. O vaxtlar birliyi yeni yaratmışdı. Məni ona Firudin Cəlilov (sabiq Təhsil naziri nəzərdə tutulur-T.Türk) məsləhət görümüşdü və məni Birliyə Gənclər Təşkilatına sədr, İdarə Heyətinə üzv seçdilər. Mənim ətrafımda idmanda layiqli sözlərini demiş idmançılar, Vətən torpağı deyəndə, canlarından keçməyə hazır olan gənclər vardı. Təhmasib bunları görür və mənə hər dəfə "bunlar böyük gücdür" deyirdi. Mən elə bilirdim ki, o, mənim xatirimi çox istəyir, ona görə belə deyir. O vaxtlar Ruslan Bəşirlinin məhkəməsi gedirdi. Mənə piket keçirməyi təklif etdi. Məndə piketi təşkil etdim, ancaq piketi polis dağıtdı və iki idmançımı saxlayıb, bir neçə saatdan sonra buraxdılar. Təhmasib axşam mənə zəng edib dedi ki, "danışmışam piketi cəbhənin qarşısında keçirmək lazımdır. Dünən bizi səhv salıblar". Mən yenə uşaqlara dedim və 100, 150 gənclə piketi cəbhənin qarşısında keçirdik. Bunu təşkil etməyimin səbəbi, Təhmasibə olan inamım və ehtiramım idi. Təhmasib mənim keçmişim barədə ətraflı məlumatlıydı. Belə ki, mən 17 yaşımda Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Uğurlu kəşfiyyat əməliyyatlarından biri də, Nataşa ləqəbli erməni snayperçi qadını ələ keçirməyim olmuşdu. Həmin zamanlar hamı məni "malış" deyə çağırardı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qol saatıyla mükafatlandırılmışam. Təhmasib həmdə mənim Yaponiyanın Akinava adasında keçirilən əlbəyaxa döyüş növü üzrə dünya çempionu olan ilk idmançı olduğumu da bilirdi. Sözümə bütövlüyümün şahidi olduğundan, mənimlə ailəvi dostluq edirdi".
Fəhmin Haçıyevin döyülməsi
Bəhlul Muradov məktubda T.Novruzovun onu yanında "qoçu" kimi saxladığına işarə vurur və müxtəlif zamanlarda başqalarının üstünə göndərildiyini vurğulayır: "AHB-nin idarə heyətinin üzvü Şəmsiyyə Bəylərqızı (xatırladıram ki, indi o da istintaq altındadır-T.Türk) Təhmasibə zəng edib, keçmiş ərinin (Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev nəzərdə tutulur-T.Türk) ona hədə-qorxu gəldiyini bildirmişdi. O, Şəmsiyyəni mühafizə etməyi mənə tapşırdı. Fəhminin adamlarıyla mübahisəmiz düşdü, onları bərk döydük. Hadisə Sumqayıtda baş verdiyindən, bizi 3 saylı polis bölməsinə apardılar. Mən, Təhmasibə zəng edib, bildirdim ki, məni və ətrafımdakı uşaqları saxlayıblar. Təhmasib cavab verdi ki, kiminlə əlaqə saxaldığımı polis rəisinə bildirməyim. Təxminən 5-6 dəqiqə sonra rəisə zəng gəldi və o, qorxudan elə ayağa qalxdı ki, elə bil hardasa yanğın baş vermişdi: "bəli, baş üstə, buradadırlar, indi yola salıram"dan başqa heç nə eşitmədim. Mən, belə epizodlarla yalnız kinofilmlərdə rastlaşmışdım. Sonradan Təhmasibdən soruşdum ki, polis rəisinə kim zəng etmişdi? O, bunu dövlət tərəfindən bizi müdafiə edən şəxsin etdiyini və onun ləqəbinin "bacıoğlu" olduğunu bildirdi: "Öz adı İlqardı, MTN-nin (Milli Təhlükəsizlik Nazirliyi -T.Turk) Antiterror Mərkəzinin rəis müavinidir. "Bacıoğlu" deyirəm ki, şübhələnməsinlər". Təhmasib sonra mənə gülə-gülə dedi ki, "sən indi "qurdlar vadisindəki kimisən". Şəmsiyyə də bizə minnətdarlıq etdi və onun anası məni bağrına basıb: "ay oğul, sən, mənim qızıma arxa çıxdın, dedi". Mən, Təhmasibə çox inanırdım, etibar edirdim. Sən demə işi mənə gördürür, hörməti, maddiyatı özü alırmış".
MTN-in rəis müavini – “bacıoğlu” İlqar Əliyev
Yazdıqlarında bəzi anlaşılmazlıqlar olsa da, Bəhlul Muradov onu da qeyd edib ki, Təhmasibin planıyla 2006-cı ildə AXCP-nin "Azadlıq" qəzetinin ofisində yerləşən müvəqqəti qərargahını ələ keçirib, adını açıqlamaq istəmədiyi dostlarından birini AXCP sədri etməliymişlər. Bir müddət isə onun mühafizəsini təşkil etmək Bəhlula həvalə edilib, lakin həmin plan baş tutmayıb. Ya ora sədrlik məsələsində mövqelər üst-üstə düşməmiş, yada ki, sədr olmağa razılaşmış adam onları aldatmışdı. Sonradan Təhmasib Bəhlula: "planın baş tutmaması "bacıoğlu"nu bərk əsəbləşdirib və daha mənə inanmır"-deyibmiş. Bəhlul ondan dostyana soruşub ki, "nə etsək "bacıoğlu", yəni, MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev inanar? Təhmasibin açıqlamasını eşitdikdə isə, Bəhlulun ayağının altından yer qaçıb. Təhmasib ona təklif edib ki, əgər həmin sifarişi yerinə yetirsən, sənə 50 min dollar, maşın və nə istəsən veriləcək. Həm də "bacıoğlu"gil yeni xüsusi bölük yaradırlar, səni ora komandir təyin etdirəcək, vədini verib". B.Muradov yazır: "Mən ona sual etdikdə ki, bunu nədən edirsən?-o, sən bunu etsən, etdirə bilsən, dövlət xaosa düşəcək, mən öz tapşırığımı yerinə yetirmiş olacağam. Deputat olacağam. İndiyə qədər məsləhət görmürdülər, maddi imkanım düzələcək, bu da bir biznes kimidir"-deyə cavab verdi.
Bacıoğlu: "sabitlik, sakitlik bizim işə zərbə vurur”
Mənə edilən təklif Əli Kərimovu fiziki məhv etmək tapşırığı olmuşdu, Təhmasib tərəfindən. Mən Vətən, dövlət üçün canımı vermiş bir döyüşçüyəm. Belə şeyləri etmək əqidəmdə yoxdur, ona görə də bundan boyun qaçırdım. Təhmasibin zənglərinə çıxmır, görüşə gəlmirdim. Oğlu Etibar ilə də dostluq edirdim. İndi ondan da qaçırdım. O vaxtlar oğlunu universitetə əlavə testdən keçirmək üçün, mənə 5000 dollar vermişdi. İş düzəlmədi və mən həmin pulları 2 dəfəyə qaytardım, lakin o, məndən əl çəkməyərək, korrupsiya idarəsinə şikayət etdi. Mənə 8 illik məhbus həyatı yaşatmağa nail oldu. Mən istintaq təcridxanasında olduqda, səsim heç yana çatmadığından, məni müdafiə edən 3 jurnalisti məhkəməyə çəkdi. (çox güman ki, "Millətim"in baş məsləhətçisi Ramiz Tağıev, sabiq baş redaktoru Fərəməz Novruzoğlu, "ps.Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli nəzərdə tutulur- T.Türk). Təəssüf ki, həmin jurnalistləri də "bacıoğlu"nun köməyilə cəzalandıra bildi, lakin bu şəxsin etdiyi cinayətlər bununla bitmir. Belə ki, Təhmasib hər dəfə mənə deyirdi ki, "sabitlik, sakitlik bizim işə zərbə vurur. "Bacıoğlu" belə deyir. İqtidarla müxalifət arasında konflikt olmalıdı, olmasa bunu məsləhətlə yaratmaq lazımdır.
Məhəmməd Ərsoyun yerinə Bahəddin Həziyev döyülüb
Sabitliyin pozulmasının biri də, Bahəddin Həziyevin- "Bizim yol" qəzetinin baş redaktorunun döyülməsi oldu. Təhmasib "bacıoğlu" ilə danışıb dedi ki, Bahəddin mənim haqqımda əyər-əskiklik danışıb". Hiss olunur ki, Bəhlul Muradovun yazmaq qabiliyyəti zəifdir. O bu məqamda izah etmək istəyir ki, onlara "Bizim Yol" qəzetinin əvvəlki baş redaktoru Məhəmməd Ərsoyu döymək tapşırığı verilsə də, onlar səhvən, sonradan həmin qəzetin baş redaktoru Bahəddin Həziyevi əzişdiriblərmiş. Belə tapşırıqların MTN-nin Antiterror Mərkəzindən gəldiyini və həmin işlərə Təhmasibin "bacıoğlu" adlandırdığı həmin idarənin rəis müavini İlqar Əliyevin rəhbərlik etdiyini bilərək, B.Muradov geri qayıtmağın ona baha başa gələcəyini də əvvəlcədən təhmin edibmiş. B.Muradov həm də, çox maraqlı misal çəkərək bildirir ki, Azadlıq Hərəkatçıları Birliyinin təsis etdiyi "Azadlıq Hərəkatçısı" diplomuyla təltif edilmiş şəxslərdən 6-ı indi məhbəs həyatı yaşayır. Bəhlul Muradov, Nemət Pənahlı, Fərəməz Novruzoğlu, Əvəz Zeynallı, Şəmsiyyə Bəylərqızı, Ramiz Tağıyev həmin şəxslərdəndir.
Şantajlar
B.Muradov həm də Təhmasibin şantajlarından söhbət açır: "Təhmasibin oğlunun maşını vurması həm gülməli, həm də qorxulu idi. Oğlu Etibar Qaz 31-02 markalı maşını evin qabağından icazəsiz götürüb qaçırmış, qəza törətmişdi. O, Xətai rayonu Polis İdarəsini ayağa qaldırmışdı ki, guya Təhmasib Novruzova sui-qəsd təşkil olunub. Mən elə bilirdim ki, doğrudan belə olub, sonra fikir verib gördüm ki, adi yol qəzasıdı. Evinin yanında pnevmatik tapançayla maşının yan şüşəsinə atəş açılmışdı. Qəzetlər, hətta "Lider" telekanalında bunu işıqlandırdılar. Əslində özü təşkil etmişdi. Sakitçilikdi, gündəmi qarışdırmaq lazımmış". B.Muradova həm də ona təəccübünü gizlədə bilmir ki, bir müddət məhbus həyatı yaşayıb, azadlığa çıxaraq, az müddətdə 3 otaqlı mənzili, axırıncı model "mersedes" markalı avtomobili necə alıb və şəhərin mərkəzi hissəsində kirayələdiyi 5 otaqlı ofisi hansı pulla saxlayıb: "Aramız yaxşı olanda, o deyirdi ki, guya "bacıoğlu" hər ay ona 6 min dollar pul verir. Məndə elə bilirdim ki, doğrudan da, Təhmasibin bacısıoğlu ona pul verir. Mənə "bacıoğlu"nun kimliyini bildirəndə ona bu qədər pulun nə üçün verildiyini anladım. Mənim başıma gətirilən müsibətləri açıqlayan, əsil həqiqətləri yazan jurnaslitləri müxtəlif cəzalara layiq gördülər. Bunu da "bacıoğlu"nun "köməyi" ilə ediblər. Sonradan mənə məlum oldu ki, Təhmasib müxtəlif qadınları öyrədib həmin jurnalistlərə ("Nota" qəzetinə-T.Türk) zəng etdirib, hədə-qorxu qəldirirmiş ki, "biz Bəhlulun qohumlarıyıq. Təhmasibdən yazmayın, yoxsa, sizdən şikayət edəcəyik.
Təhmasibin biznes kimi baxdığı ölkədə qarışıqlıq ona sərf edirdi
Mən dəfələrlə müxtəlif qəzetlərə yazsam da,Təhmasibin "bacıoğlu" adlandırdığı İlqar Əliyevin MTN-nin Antiterror Mərkəzinin rəis müavini olduğundan ehtiyat edərək, yazdıqlarımı səhifələrinə çıxarmayıblar. İnanıram ki, siz mənim Təhmasibin şər-böhtanı ilə cəzalandırılaraq, uzun müddət məhbus həyatı yaşamağa məcbur edildiyimi nəzərə alıb, mənə əsil həqiqətləri ölkə rəhbərliyinə qəzetiniz vasitəsilə çatdırmağıma kömək edəcəksiniz. Bir daha qeyd edirəm ki, Təhmasibin dediyi kimi, guya "bacıoğlu"dan aldığı sifarişi yerinə yetirmiş olsa idim, indi məhbus həyatı yaşamazdım, onlar tərəfindən mükafatlandırılardım ki, Əli Kərimlini fiziki məhv etmişəm. Mən heç də Əli Kərimlinin fiziki məhv edilməsindən ona görə imtina etmədim ki, ona rəğbətim olub. Ona görə imtina etmişəm ki, Təhmasib dəfələrlə deyib ki, ölkədə qarışıqlıq etmək onların işinə yarayır. Təhmasibin biznes kimi baxdığı ölkədə qarışıqlıq ona sərf edirdi. Mən isə daima dövlətçiliyə xidmət etdiyim üçün, onun bu mövqeyinə rəğbətlə yanaşmamışam. "Nota" qəzetində mənim həbsimlə bağlı yazılan yazılardan sonra, Təhmasib narahat olmuş, məhkəmə prosesimizə gələrək, məhkəməyə məndən daha şikayətçi olmadığı barədə ərizə təqdim etmişdi. Ancaq, hakim onun bu jestinə "artıq gecdir"-deyə reaksiya vermişdi. Və ona "sən etdiyini ibtidai istintaq zamanı etmisən" demişdi. Xahiş edirəm ki, ailəm vasitəsilə sizə çatdırdığım məktubu səhifəyə çıxarmaqla, Təhmasib Novruzov və onu himayə edən şəxslərin əsil iyrənc məqsədlərini ifşa edəsiniz. Əvvəlcədən sizə və redaksiya heyətinə minnətdarlığımı bildirirəm".
Turan Turk
P.S. Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?