“Gülər Əhmədovanın əsas işi, insanları şantaj etmək, üzünə durmaq, adam tutdurmaq, ev yıxmaq olub...”
Danışmadı. Biz də qərarlaşdıq ki, həmin səsyazısı dunləniləndə T.Əhmədovun özü də burada iştirak etsin. Onun iştirakını təmin etmədiniz. Hətta prokuror da söz verdi ki, “bəli, əgər səs yazısında T.Əhmədovun dediklərini təsdiq edən bir şey olmazsa, o zaman onu gətirərik”. O da sözünün arxasından qaçdı. Aydın Heydərovun şahidi Əlirza Allahverdiyev adlı adamın da şəxsiyyətinin müəyyənləşdirilməsi üçün bir daha məhkəməyə gətiriləcəyinə söz vermişdi, amma eləmədi. O zaman da bura saxta bir şahid gətirmişdilər. Gülər Əhmədovanın digər şahidi Tənzilə Rüstəmxanlı da dedi ki, “mən heç nə bilmirəm, Gülərin yalançısıyam”. O da Əli Həsənovun cəbhəsinə girmək üçün hər yollara əl atmağa hazır olan adamdır. Onun da ümumiyyətlə, üzərimə qoyulan ittihamları təsdiqləyəcək heç nəyə şahid olmadığını gördük. Bu prokuror, 11 ay məhkəmə prosesi gedəndən sonra da “qıp-qırmızı” üzümüzə dayandı, həmin şahidlərin dedikərinə manasibət bildirəndə deyir, “ittiham təsdiqini tapıb”. Hansı, necə, nə cür təsdiqini tapıb? Oğlunun heç nədən xəbəri yoxdur. İstintaqı aparan müstəntiq Qabil Qasımov nə yazmışdısa, köçürüb, imza atdırıblar. 11 ayda o da sübut olundu ki, mənim guya şantaj məqsədilə dərc etdiyim “anonslar” olub. Sübut olundu ki, heç bir anons olmayıb. Heç o adamların heç biri də həmin “anonslar”ın mətnini belə xatırlaya bilmədilər. Olmayan yazını bu adamlar necə xatırlaya bilərdilər ki? İddia olunduğu kimi G.Əhmədovanı şantaj edəcək “Xural” qəzetində bir dənə də olsun yazı yoxdur, olmayıb. İttiham tərəfi bi anonsu sübut kimi ortaya qoydu. Orada da Gülər Əhmədovanın adı belə çəkilməyib. Gülər fala baxırdı ki, qəzetdə nə gedəcək? Qanun açıq şəkildə göstərir ki, sübut etmək yükü ittiham tərəfinin üzərindədir. Bütün şübhəli məqamlar təqsirləndirilən şəxsin lehinə tövsif olunur. Bir dənə də olsun, normal məqam yoxdur. Başdan- ayağa ittihamları fırıldaqdır, yalan və böhtandır. Gülərin dördüncü şahidi, ailəvi yaxın rəfiqəsi Rüxsarə Axundovanın ümumiyyətlə, heç nədən xəbəri yoxdur. Bəlkə Gülər bunu aldadıb və Rüxsarənin yalan ifadə verməsi üçün əsas yaratmağa çalışıb? Onun sözünə görə adamı nədəsə ittiham etmək olarmı? “Gülər ağlayıb”. Niyə ağlayıb? Bilmirik. Hansı yazıya görə? Onu da bilmirik. Eyni zamanda qanunla G.Əhmədovanın şahidlərinin dördü də saxtadır. Qanunda – AR CPM-nin 125-ci maddəsində açıq şəkildə yazılır ki, “şahidlər yalnız öz adından ifadə verə bilərlər...” Şahidin dindirilməsi haqqında maddələr göstərir ki, şahidlər yalnız birinci şəxsin adından dindirilə və ya ifadə verə bilər. Bu nə deməkdir? Yəni hadisənin içərisində özləri iştirak edən adamlar şahid ola bilərlər. G.Əhmədovanın bütün şahidləri onun adından danışırlar. Qanun göstərir ki, o halda G.Əhmədovanın “adından danışmaq olardı ki, iddiaçı ölsün”. Gülər ölməyib. Hələ ölməyib. İnşallah ölməz də. Yəni, əgər Gülər Əhmədova ölsəydi, o zaman onun saxta və yalançı şahidlərinin verdiyi ifadələr mötəbər sübut kimi bəlkə də tanına bilərdi. Gülər Əhmədova siyasi hakimiyyətdəki gücündən və nüfuzundan istifadə edərək, həmin o dörd şahidi istintaqa pərçimləyib. İstintaq da Gülərin qorxusundan – bu gün də həbsdə olan Gülər Əhmədovanın adı gələndə dəli olursunuz, o zaman görün vəziyyət necə olub – bütün hadisələri saxtalaşdırıb və mənim üzərimə saxta ittihamları qoyaraq, həbs etdirmək istəyib. Ötən məhkəmə proseslərindən açıq şəkildə aydın oldu ki, Gülərin həm şahidlərinin heç birinin hansısa yazılardan və anonslardan xəbəri olmayıb, həm də həmin şahidlərin hamısı qanunla şahid kimi dindirilə bilməzlər. Çünki Gülər Əhmədovanın özü ölməyib. Qanun onların heç birini şahid qismində tanıya bilməz. Ramazan Hadıyev özünü burada “biabır etməklə”lə deyil ki... Hər şey ortadadır. S.Tarverdiyevin dediyi kimi, “qanun bir gün dürmələnib, adamın gözünə girəcək, axı...” Qanun açıq deyir –OLMAZ. Bu adamların şahid kimi dedikləri ifadələr qəbul edilə bilməz. Şahidin qanunla təmzinlənən halı və vəzifələri var. İstintaq böyük bir səhv eləyib, yalançının yanına dörd şahid qoşub. Bu adam öz oğlunu belə şahid kimi göstərməkdən çəkinməyib. İndi həmin oğlunu, Allah salamat qaytarsın, cəbhə bölgəsinə apardılar ki, anası burada səsini çıxarsa, onu da orada öldürüb, göndərsinlər. Həmin oğlunu, siz məhkəmə heyəti demədinizmi ki, səsyazısı dinləniləndə bura gətirdəcəyik? Niyə eləmədiniz? Niyə təkrar onu bura gətirmədiniz? Gülərin oğlu idi, ona görə? Bütün dediklərim onu sübut edir ki, 311.3 ilə 311.3.4 bu cinayət işində yoxdur. Hələ mən Gülərin həbs olunmasını, Gülərin məhz özünün cinayət törətməsini, özünün rüşvət alıb-verməsini, Gülərin Ramiz Mehdiyevin əlində alət olmasını, Gülərin R.Mehdiyevin pul yığanı və sayanı olmasını, onun ciayətlərinin əsl şahidi olan Sevinc Babayevanı necə ölkədən çıxarıb, qaçırdığını, sonradan onu necə öldürtdüyünü demirəm. Bu gün də məlum olur ki, Gülər Əhmədovanın əsas işi, insanları şantaj etmək, üzünə durmaq, adam tutdurmaq, ev yıxmaq, çıraq keçirmək olub. Və bu adam o mafiyanın bu işlərini görməsi üçün görəvli adamı olub. Həmin mafiyada – mütəşəkkil cinayətkar dəstədə bunun rəsmən vəzifəsi bu olub. Bacarmayıblar, şantaj ediblər. Bacarmayıblar, adamı susdurmaq üçün üzünə durub, həbsə atdırıblar. Mən ilk məhkəmə iclasında – 2012-ci ilin may ayının 14-də sizə vəsatət vermişəm.
G.Əhmədova haqqında CM-nin ən azı 6 maddəsilə cinayət işinin açılmasını 11 ay əvvəldən demişdim
Vəsatətimi qəbul etmədiniz. Dediklərimdən çox az müddət sonra prokurorluq bu adam haqqında başqa cinayətlərini faş edən maddələrlə cinayət işi açdı. Baxın, G.Əhmədova hansı maddələrlə cinayət məsuliyyətinə cəlb olunmalıdır: 1. AR CM maddə 156 - Şantaj 2. Maddə 163 - Jurnalistlik fəaliyyətinə maneçilik törətmə 3. Maddə 312.1 - Nüfuz alveri 4. Maddə 312.2 - Rüşvət təklif eləmə 5. Maddə 178 - Dələduzluq.
Mən burada ilk gündən deyirdim ki, təqdimat verin, bunun deputat toxunulmazlığını qaldırın. Bu adam fırıldaqçıdır, yalançı və dələduzdur. Sizin hamınız mənə gülürdünüz. Prokuror da özündən getmişdi. Gördün? İndi mən sizə gülürəm. Nəyə gülürdünüz? Məhkəmə rişğənd yeridir? Yoxsa sizin məntiqinizlə, bir balaca vəzifəsi olan adam başqalarının üzünə dayanıb, şər-böhtan atıb, onu susdura bilər? İndi özünüz də deyirsiniz ki, bu adam dələduz və fırıldaqçıdır. Ramazan, mən deyən oldu, olmadı? Oldu. Gördülər ki, mənə qarşı 311.3.3, və 311.3.4 ilə qaldırılan ittihamları təsdiq edə bilməyəcəklər, dərhal ona 311.3.2 –ni qoşdular. CM-nin 311.3.3 və 311.3.4 maddələri istintaqın 311.3.2-i isə Prezident Aparatının “taxtabaş” şöbə müdirinin ağlının məhsuludur. Bizdə necə olur? Əvvəlcə adamı tuturlar, sonra ona qarşı ittihamlar quraşdırırlar. Administrasiyanın bu işi yönləndirən mətbuat “prokuror”u Əli Həsənov yəqin ki, bir hüquqşünasla məsləhətləşib, o da buna başa salıb ki, 311.3.3, və 311.3.4 ilə jurnalisti həbs etdirə bilməzsən. O zaman nə edək? Bu ölkədə ən asan şey bir baş redaktorun üzünə iki min adamı qoymaqdır. O qədər inciyən, yaralanan, cinayətinin faş olmasını istəməyən, tənqid elədiyimiz, darmadağın elədiyimiz adamlar olub ki... Azərbaycanı çapıb, talayan o qədər düşməni, banditi var ki! Hələ mən təəccüb elədim ki, nə yaxşı 3 nəfərlə kifayətləndilər. “Mən Əvəz Zeynallıya 2005-ci ildə 100 manat vermişəm...” Burada demişəm, bir daha təkrarlamaq istəmirəm. Amma verənin də, alanın da, ittiham oxuyanın da, sifariş verənin də, ölüsünə-dirisinə lənət... Bura üç “gülməşəkər” gəldi. Hörmətli baş prokuror, E.Abdullayevin işində qaş-qabağını sallaya-sallaya dedi ki, E.Abdullayevdən soruşmaq lazımdır ki, 7 ildir harada idiniz? Həmin Baş prokurorluğun həmin Korrupsiyaya qarşı Mübarizə İdarəsinin həmin bu istintaqı aparan gülməşəkərləri niyə soruşmadılar ki, “Aydın Heydərov, 7 ildir harada ölmüşdün? Akif Məmmədov 7 ildir bəs sən harada idin? Sabir Tarverdiyev, 7 ildir nə olmuşdu ki, şikayət etmirdin?” Sabir Tarvediyev bu zalda demədimi ki, “əgər mənim orada imzam varsa, 14 balam ölsün?” Ramella xanıma üzünü tutub demədimi ki, “nə lazımdır eləyim, amma Əvəzi buraxın?” Üzədurmaq belə olur. O adamların hamısı banditdir. Azərbaycan dövlətini gəmirən banditlərdir. Əli Həsənovun qudası Səttar Mehbalıyevin iş ortağıdır bu Akif Məmmədov. Əli Həsənovun xəttilə də cinayət işinə qoşulub. Amma o da burada dedi ki, “mən Əvəz Zeynallıya heç vaxt rüşvət verməmişəm. Azərbaycan dövlətini çapıb, talayan banditlərini mən qorxutdum? Mən onları qorxutmuşdum ki, 7 il yatmışdılar, şikayət etməmişdilər? Xeyr. Mənim qorxumdan yatmayıblar? Məni 2011-ci il oktyabrın 28-də həbs edəndən bir gün sonra o adamları zorla istintaq evindən götürüb. O bədbəxt Xanoğlan Muxtarov bunların qorxusundan şəkər xəstəliyi tutub. O biri bədbəxt Mürvət Həsənlini Allah bir dəfə vurmuşdu, yenə vurub. Hələ onu da demirəm ki, prokuror onun burada dediklərinin heç birinə əhəmiyyət verməyib israrla onu istiqamətləndirirdi, bəs “ibtidai istintaqa verdiyiniz ifadəni təsdiqləyirsinizmi?” Mürvət də dedi, “bəli, təsdiqləyirəm”. Sonra da mənə baxıb dedi ki, “bu işdə yoxam”. Ay Mürvət, mənə qarşı ifadə vermisənmi? “Yox, yox...” Ay Mürvət, ifadəni təsdiqləyirsənmi, “hə”... Həm üzümə durur, həm də durmur. Bu necə olur? O da, bu da... Mən Ramazan Hadıyevə bircə ona görə təşəkkür edirəm ki, Mürvət Həsənli dedikcə ki, mən Əvəz Zeynallıya pul verməmişəm, o Mürvətin istintaqa verdiyi ifadəsinin altından çəkdiyi imzanı ona göstərdi ki, bu sənin imzandırmı? O da, “hə” dedi. Hətta Ramella xanım kimi təcrübəli bir hakim də bu zaldan onun dediklərinə əsəbsiz qulaq asa bilmədi, dedi ki, bunun ifadəsində ziddiyyət var. Bütün hallarda hətta Mürvət də dilinə rüşvət sözünü ala bilmədi. Vüqar Məmmədov ümumiyyətlə, üzə çıxmadı. Dubaya getdi, nə bilim orada nə işlə məşğul olur. İnsanlara təzyiq edə-edə, şantaj və hədə-qorxu ilə istintaqa daxil edən də sizsiniz. Bəlkə eşitmədiniz? Amma yenə təkrar edirəm, Akif Məmmədov burada açıq dedi ki, “nə Əvəz Zeynallı məndən rüşvət istəməyib, nə də ki mən ona rüşvət verməmişəm”. Sabir Tarverdiyev bütün ölənlərinin ruhuna and içdi, min oyundan çıxdı burada, amma mənə rüşvət verdiyini demədi. Dedi, “Elmar Vəliyevdən yazı yazmamaq üçün məndən kompyuter istədi”. Hələ bu da işin başqa tərəfidir ki, niyə bu “xəstə”istintaq araşdırmayıb ki, E.Vəliyevin adamı niyə buna zəng vurub nəsə xahiş etməlidir? Kimdir o adam? Əgər S.Tarverdiyev deyirsə ki, Elmar Vəliyevlə onun heç bir tanışlıq əlaqəsi yoxdur, niyə Elmar Vəliyevin özündən bu məsələylə bağlı ifadə alınmayıb? Hətta Ramella xanım kimi əzəmətli bir hakim, ona dedi ki, ağsaqqal kişisən, danışığına fikir ver. O da nəsə demək istədi, hətta hakimlərə də pul təklif elədi, “Gələcəm yanınıza, görəcəm sizi” dedi. Sonra nə oldu, bilmirəm. Aydın Heydərovu bura məcburi qaydada gətirdiniz. Adam üzəduranlığını axıradək edə bilmədi, zaldan baş götürüb, qaçdı. Ürəyini tutub qaçdı. Adamdan sonra səs də çıxmadı. Maraqlanan da olmadı ki, adam öldümü, qaldımı? Ölübdürsə, işin içindən adını çıxaraydınız, qalıbsa bura niyə gətirmədiniz? Bu adam istintaqa yalan ifadə verməyə gedəndə ürəyi tutmalı idi, məhkəməyə gəlib mənim üzümə dayananda yox. Gedəndə dedi ki, məni idarəyə də zorla aparmışdınız, bura da zorla gətizdirdiniz. Hamı onun dediklərini eşitdi, burada əyləşən yüz adam onun dediklərinin şahididir. Niyə zorla adamlara təzyiq edərək, üzəduranlıq etdirirsiniz? Marağınız nə idi. Mənim heç 2005-ci ildən neçə illər əvvəldə də bu adamlarla əlaqəm olmayıb. Onların heç mobil telefonlarının nömrəsi belə məndə olmayıb. Bu adamın varlığını belə unutmuşam. Haradan çıxdı bu adamlar? Üzə dürmağa keyfiyyətli adamlar tapa bilmədinizmi? Nə oldu? Təsdiq edə bildinizmi? Prokurorluq hər şeyi beləmi təsdiq edir? Siz xəstəsiniz, dəlisiniz, nəsiniz? Belə də istintaq aparmaq olarmı? Belə də adam həbs etdirmək olarmı? Belə biabırçılıq olarmı? Hər şeyi bir kənara qoyaq. Məni susdurmaq üçün həbs etmək istəyirdilərsə, elə o pulu Gülərə, Tənziləyə verib, yanıma göndərəydilər də...
IV Hissə
Əli Həsənov müstəqil mətbuatın belini pulları konvertə qoyub redaksiyalara göndərəndə qırdı
Sonra da mətbuatı at kimi idarə etdi. Görünür, o planı quranlar çox gözəl biliblər ki, biz heç kimə satılmadan müstəqil qəzet çıxarmışıq. Xalqımız, millətimiz üçün çalışmışıq. Hamı kimi vicdanımızı pula satmamışıq. Bunların da əlində olan pullar, bu xalqın deyilmi? Kimin pulunu kimə xərcləməlidirlər ki? Rüşvəti bunlar götürüblər, biz yox. Mənim işimdə Korrupsiya İdarəsi 100 min manatdan çox rüşvət yığdı. Bələdiyyə sədrindən tutmuş, iş adamına qədər. Bunlar məni almadığım rüşvətin ittihamı ilə tutub, sonra özləri adamlardan rüşvət aldılar ki, onları bu işə qatmasınlar. Hərəsindən ən azı 15 min manatdan pul yığıblar. Eşitmədinizmi, əsas şahidlərdən biri olan Xanoğlan Muxtarov dedi ki, “mən kiməm ki, nökərəm də...” Gülər dedi ki, “mən balaca adamam...” Bu səlahiyyət sahibləri bir dənə normal adamı üstümüzə göndərmədilər ki, heç olmasa bugünkü gün deməyə söz tapsınlar. Aydın Heydərovla bizim məhkəmə çəkişməmiz olub. 2006-cı ildə Nərimanov rayon məhkəməsinin hakimi Liliya Mavrinaya ərizə ilə müraciət edib ki, biz Ə.Zeynallı ilə barışmışıq, ona görə də şikayəti üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib. Məhkəmə də işin materialları ilə tanış olaraq hesab edib ki, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Bu olub 2006-cı il noyabrın 15-də... O zaman tutalım ki, mənim heç bir hüquqi təhsilim yoxdur. Bəs burada əyləşən savad dəryası Ramazan Hadıyev niyə Aydın Heydərova sual vermədi ki, əgər 2006 –cı ilin fevralında Ə.Zeynallı səndən pul istəyibsə, sən də Ə.Zeynallının istəyilə ona pul veribsənsə, sən 2006-cı ilin noyabrında məhkəməyə müraciət edəndə niyə bütün bunları şikayətinə əlavə etməyibsən? 2006-cı il noyabrın 15-də xüsusi ittiham qaydasında işə xitam veriləndə bunu niyə deməmisən? CPM-nin 34-cü maddəsində açıq şəkildə yazılır: Dövlət ittihamçısının, xüsusi ittihamçının şəxsə qarşı cinayət tərkibindən könüllü imtina etməsi, eyni cinayət əməlinin təkrarən həmin şəxsə istinad edilməsini istisna edir.” Sabir Tarverdiyev bizim işimizdə Elmar Vəliyevin adından çıxış edib. Yevlaxın icra başçısının müavininin pul verərərk məni tutdurmaq istədiyini də Sabir Tarverdiyev dəfələrlə burada təkrarladı. Nə üçün istintaq araşdırmayıb ki, bu adam kimdir ki, pul verib jurnalist tutdurmaq istəyib? Bu adamların belə situasiyalardakı atdıqları addım budurmu? Deməli belə çıxır ki, kim bunlar haqqında nəsə yazır, o saat pul verib həmin adamı tutdura bilərlər. Heç həmin adam çağırılıb, dindirilməyib də... Söhbət əsl cinayətdən gedir. İstintaqın nə marağı olub ki, həmin adamları qoruyub, adlarını işə daxil etməyib? İstintaq qanuni aparılsaydı, onlar həmin adamları da istintaqa cəlb etməli idilər. Elə bir hadisə olubsa, deməli, ən azı 3 il əvvəldən mənim həbs olunmağımla bağlı plan olubmuş... Azərbaycanın ikinci paytaxtı olan Gəncə kimi şəhərin icra başçısı olan Elmar Vəliyev kimi bir nüfuzlu adamın müavini 2009-cu ilin sonu 2010-cu ilin əvvəllərində pul verib, məni tutdurmaq istəyibsə, deməli onlara qarşı da cinayət məsuliyyəti yaranmalı idi. Bununla nə ibtidai istintaq məşğul olmadı, nə də bizim həşəmətli prokurorumuz. AR CPM-nin yenə 34-cü maddəsinin 3-cü hissəsində yazılır: “Hər hansı əməlin törədilməsinə görə şəxsin barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü varsa, həmin şəxsin haqqında eyni əmələ görə cinayət təqibinin təzələnməsi, ittihamın daha ağır ittihamla əvəz edilməsi və ona daha ağır cəza verilməsi yolverilməzdir”. S.Tarverdiyevin iddia etdiyi iş Elmar Vəliyevin işidir. E.Vəliyevlə bizim məhkəmə çəkişməmiz olub. E.Vəliyev səlahiyyətlərdən istifadə edərək, məhkəmənin əli ilə mənə il yarım islah işləri verdirib. 10 min manat cərimələdib. Ortada qanuni qüvvəyə minmiş hökm var. S.Tarverdiyev haradan çıxdı? Niyə o adamlar buna zəng vurmalı idilər ki? Özü də deyir ki, onlarla şəxsi tanışlığım yoxdur. O zaman S.Tarverdiyevə bu adamlar niyə etibar edib, söz deməli idilər, məni həbs etdirəcəklərilə hədələməli idilər? İstintaq bunu niyə araşdırmadı? Elmar Vəliyevin qanuni qüvvəyə minmiş hökmü olan məhkəmə işinə Sabir Tarverdiyevi 3 ildən sonra kim gətirib qoşa bilərdi və kim onunla bağlı qərar verə bilər? Qanun açıqca yazır: Əgər qanuni qüvvəyə minmiş hökm varsa, daha ağırlaşdırıcı səbəb gətirib iş oxumaq olmaz. Mən hesab edirəm ki, proses zamanı nə Aydın Heydərov, nə də Sabir Tarverdiyev kifayət qədər dindirilməyiblər. Özü də əgər nəzərə alınsa ki, nə S.Tarverdiyev, nə A.Heydərov, nə də A.Məmmədov latın əlifbası ilə oxuyub, yaza bilmirlər, o zaman belə çıxır ki, onlar tanış olmadıqları, istintaq tərəfindən hazırlanmış saxta bir ittihama imza atıblar. Xanoğlan Muxtarov da dedi ki, materialı evdə oxuyub, imza atıb. Sonra dedi ki, “oğlum oxudu, mən imza atdım”. Danışdıqca istintaqı bərbad etdi. Yəni 311.3.2-lə Əvəz Zeynallıya iş kəsmək üçün yeddi başlı əjdaha olmaq lazımdır. Yeddisini də kəsərlər. Qanun açıq şəkildə göstərir - Aydın Heydərov da, Akif Məmmədov da xüsusi ittiham qaydasında olan işləri geri götürüblər, onları təkrar istintaqa qoşmaq nəinki qanunsuzluq, saxtakarlıq, biabırçılıqdır. Sabir Tarverdiyevin özü haqqında isə ən azı CM-nin 178-ci – Dələduzluq maddəsilə cinayət işi açılmalıdır. Elmar Vəliyev əgər bu işdə yoxdursa, deməli, bu adam onun adından dələduzluq eləyib. Kimdən pul alıb, kimə pul verib, o pullar haradadır, kimin cibindədir? Niyə o ümumiyyətlə kiməsə pul verməli idi? Dəlidir, nədir? Başına at təpib? Elmar Vəliyev iri bir şəhərin icra başçısıdır. Vəkillə araşdırdıq, məlum olur ki. S.Tarverdiyev onun adından danışdığı zamanda E.Vəliyev heç Yevlaxın da icra başçısı olmayıb. İstintaq o zaman hara baxırdı? 311.3.2-nin də belə boş gedəcəyini hesablamalı idiniz. “Daş, taxta, kartof kafalı” məmurlar seviniblər ki, elə 311-ci maddənin ən ağır hissəsilə bunu yükləyəcəyik, istədiyimiz qədər də iş kəsib, tutduracağıq. Özlərini bu işlə bərbad etdilər. Bu da onlara dərs olar ki, bundan sonra günhsız insanlara şər, böhtan atdırıb, tutdurmazlar. Hər şey ortadadır. Sadəcə işə ədalətli, qanunla yanaşmaq lazım idi ki, görmək istəmədiklərinizi görəsiniz. Gülər Əhmədova mətbuatdakı ümumi tanışlara demişdi ki, “hələ bu harasıdır, ona qarşı ən azı 100 adam ifadə verəcək və ən azı 1-2 milyon manatlıq rüşvət ortaya qoyacaqlar”. Gülər Əhmədova bunu demişdi. Mən onu “Yeni Müsavat”a yazdığım yazıda qeyd etmişəm və həmin yazını da məhkəməyə təqdim etmişəm. Bunlar əvvəldən belə bir plan uydurub, hazırlayıblar. Bu plan da hansısa səbəblərdən baş tutmayıb. Həmin bu 3 adam da həmin planın altında qalıb. Mürvət Həsənli indi qapı-qapı gəzib deyir ki, “Əvəz Zeynallının həbs olunmasında mənim rolum yoxdur”. Təbii ki, yoxdur. Mürvət kimdir ki? Əli Həsənovun əl buyruğu. Deyib, “get üzünə dur”, o da durub. Bu məsələdə Ə.Həsənov hamının arxasında gizlənib, elə bilib ki, onu görən yoxdur. Bu cinayət işinin çox spesifik bir özəlliyi var. Burada təxminən 13 nəfər “üzəduran” var. Mən 311-ci maddəni nəzərdə tuturam. Diqqət edin, 11 aydır məhkəmə prosesi gedir, 13 adamın bir dənəsi məhkəmə proseslərində nə iştirak etmir, nə də onları təmsil edəcək nümayəndə göndərmirlər. Bu adamların heç biri yoxdur. Mətbuatda
Gülər Əhmədova, “mən Əvəz Zeynallını tutdurmamışam, mən bu işdə yoxam!” dedi
Cinayət işinə baxın. O zaman onun mənim ittihamım əsasında həbs edilmədiyini görərsiniz.” Sonra deyir: “Əvəz Zeynallını mənə görə ittiham etməyiblər. Əgər mənim dediklərim təsdiqlənmirsə, lap yaxşı, təsdiqlənməsin. Mən bir şeyi deyə bilərəm. Onu mənimlə bağlı ittiham etməyiblər, cinayət işində tamam başqa ittihamlar var. Mən bu cinayət işində şahid kimi keçmişəm...” Bir daha deyir, “qoy bütün media nümayəndələri bilsin”. Bu adam hamımıza meydan oxuyur: “Əvəz Zeynallı mənim ittihamım və yaxud da mənim şikayətim əsasında həbs edilməyib. Arzu edirəm ki, onu tezliklə azadlığa buraxsınlar...” Yəni mən artıq icazə verirəm, qoy buraxsınlar. Gülərin kefi ilə mənə azadlıq verəcəklər... Və nəhayət Gülər deyir: “Qəzetiniz vasitəsilə Əvəz Zeynallıya müraciət edirəm. Hörmətli Əvəz Zeynallı, sizi mənə görə həbs etməyiblər. Qoy cinayət işini yaxşı oxusun və verilən ittihamları görsün. Özü hüquqşünasdır.” Sonda deyir: “Natiq, axı mən üçüncü dəfədir deyirəm ki, Əvəz Zeynallı mənə görə həbs olunmayıb”. Bu da Gülər. Nə olsun ki, bura gətirdə bilmədiniz. Mesajını mətbuatla verdi. Bu belə... Digərləri də deyir ki, “mən bu məsələdə yoxam...” O biri də, bu biri də... Onda siz bu ittihamları haradan alıb, haqqımda 11 il iş oxudunuz? İndi də yenə bu adam mənə xəbər göndərir ki, mən bu işdə yoxam, lazım gəlsə danışacam. Bu adam haqqında cinayət işi açılanda da MTN-nin səlıahiyyətlərinin yanında demişdi ki, çox üzərimə gəlsəniz, Əvəz Zeynallı kartını açacam. Mən də deyirəm, çağırın bu adamı gəlib, o kartları açsın. Kim nə edir, kim nə barmaq silkələyir, bilmirəm. Zaman-zaman hər şeyin üstü açılacaq, o zaman görəcəksiniz ki, Əvəz Zeynallı yuxu görmür. Yazılı formada sizi qane etmirsə, o zaman Gülərin səs yazısını sizə təqdim edək, özünüz dinləyin. “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlıya bir dənə sorğu göndərin, o da səsyazısını məhkəməyə təqdim eləsin. Qanun deyir ki, hamı məhkəmə qarşısında bərabər hüquqludur. Qanunlar deyir axı bunu. Hanı bizim hüquq bərabərliyimiz? Bir məqama diqqətinizi çəkmək istəyirəm. Bu iş Gülərlə başlayır, Mürvətlə bitir. Hamıdan çox-çox üzr istəyirəm. Mənim toyumda gəlin maşınını üzəduran Mürvət Həsənli idarə edib, sağdışım da üzəduran Vüqar Məmmədov olub. Təsadüfən təcridxanada şəkillərdən birində gördüm, dəhşətə gəldim. İndi baxın, görün kimləri mənim üzümə qoyublar? Mən o qədər də onların düşündüyü adam deyiləm ki, sağdışımdan, solduşumdan hədə-qorxu və şantaj yolu ilə rüşvət tələb edəm. Bəlkə siz edərdiniz, amma mən nəinki onlardan, heç kəsdən heç bir zaman rüşvət tələb etməmişəm, özü də hədə-qorxu ilə... Tənzilə Rüstəmxanlı buradan başını götürüb, qaçdı. Halal oğlu Toğrul Əhmədov bu tribunada öldü, yerə keçdi. Anasından fərqli olaraq üzəduranlığın nə olduğunu yəqin yaxşı dərk edirmiş. Yalandan öz balanı da qurban vermək, hər ananın da işi deyil. Rüxsarə Axundova ümumiyyətlə, nəyə şahidlik etdiyini heç özü də bilmirdi. Vüqar Məmmədov Dubaya qaçdı. Xanoğlan Muxtarov dedi ki, ay Əvəz, nökərəm də, padşah deyiləm ki? Adamı işlədiyi “Qismət” Şadlıq Evindən oğurlayıb, 3 gün Korrupsiya İdarəsində saxlayıblar. Bunlar şantaj və hədə-qorxu yolu ilə adamlardan mənə qarşı ifadə alıblar. İndi də şərləyən, üzə duran adamların heç biri 11 aydır ki, burada yoxdurlar. Bir Ağabəy Əsgərovun nümayəndəsi sonadək, məhkəmədə iştirak etdi və biz də qəbul etdik ki, bu adam qanunlara hörmətlə yanaşdı. Hanı Vüqar Səfərlinin nümayəndəsi? Nüşabə Ələsgərlinin də bura gətirdiyi nümayəndəsi Zülfiyyə Bayramova gah onun adından danışdı, sonra Gülərin vəkili oldu, sonra da Gülərin qardaşı İlqar Mikayıloğluna ərə getdi. Gəl indi baş çıxar, bunlar hansı mənsəbə qulluq edirlər. Bütün bunlar məhkəmə heyətinə düşünməyə imkan vermirmi? Məni də burada susdurmaq mümkün deyil. Açıq-aşkar deyirəm ki, məni kim tutdurub.
V Hissə
İnsan haqlı olanda səsi Allahın yanına çıxır
Haqsız olanda da beləcə dilini qısıb oturursan. Gülər deputat olanda yeri-göyü dağıdıb, hamıya meydan oxuyurdu. İndi də deyir ki, mən ona qarşı çıxış etməyəcəm. Bilirsiniz niyə? Haqlı deyil, ona görə... Haqlı olsaydı onun da səsi yeri-göyü dağıdardı. Ona görə gündə bir atmaca atıb, yerinə qısılır. Əgər bu adam bizə qarşı cüzi haqlı olsaydı, yeri-göyü başımıza yıxardı. O da gözəl bilir ki, daha zaman o zaman deyil. Adama yalanını yedirdərlər. Bu da məhkəmə üçün bir nümunə, örnək olmalıdır. Məhkəmə heyəti müşavirə otağında bu haqda da düşünməlidir. Məni əsassız, qanunsuz, saxta ittihamlarla şərləyib tutublar, indi də sübut edə bilmirəm ki, mənim həbs olunmağımda bunlardan istifadə ediblər. Bu işin spesifik özəlliyi də odur ki, 11 ayda gedən məhkəmə iclaslarına da bu adamlar zorla gətizdirildilər. Hətta siz onların bura məcburi qaydada gətizdirilməsilə bağlı qərar verdiniz. Dördü də gəlmək istəmirdi. Qanun da açıq şəkildə deyir ki, təqsirləndirilən şəxs şahidi dindirmək hüququna malikdir. Bu iş Avropa Məhkəməsinə qədər getdiyi təqdirdə bilirsinizmi nə olacaq? Mən Güləri dindirməmişəm, Vüqarı, Aydın Heydərovu axıra qədər dindirməmişəm. Prokuror da burda iş oxuyanda deyir ki, ittihamlar “sübut edilmişdir”. Bizdə adamı belə tuturlar. Deyirlər ki, “Gülər Əhmədovanın şikayəti əsasında həbs edilmiş Əvəz Zeynalovun filan-filan cinayətləri törətmə ehtimalları var. İcazə verin, filan əməliyyat tədbirini həyata keçirək”. Deməli, əvvəlcə adamı tutub, içəri soxurlar, ondan sonra da ona torba tikirlər. Qanunla törədilən cinayətə görə adamı tutarlar və cəzalandırarlar. Bizdə adamı tuturlar, təcridxanaya göndərirlər. Deyirlər, sən orada bir az dincəl, biz sənə torbanı tikəcəyik. Sonra da 6 ay istintaq araşdırması altında insanlara torba tikirlər. Amma bununla belə onlar da 311.3.2-nin də bu dərəcədə fiaskoya uğrayacağını biliblər. Kimsə ağlı başında olan bir adam tapıblar və bir yerdə qərara gəliblər ki, 311-ci maddə də boş bir şeydir. Üzümə duran 4 adamdan 3-ü ilə bizim məhkəmə çəkişməmiz olub. Onların 3-də məhkəmədən ərizələrini geri götürüblər. İndi nə deməklərinin də heç bir əsası yoxdur. Çünki əgər 7 il əvvəl belə hadisə olmuşdusa, niyə o zaman məhkəməyə bu haqda məlumat verməmişdilər və yaxud da niyə 7 ildən sonra bu ölülər dirilib, eyni vaxtda Korrupsiya İdarəsinə müraciət etdilər? AR hüquq-mühafizə orqanlarının bəziləri azad insanları, azad iş adamlarını əzmək, tapdalamaq, sıradan çıxarmaq üçün işgəncə aparatına çevriliblər. Bu aparatlardan biri də Vergilər Nazirliyidir. Bizim Prezident Aparatımızın hörmətli, kartof və taxtabaş məmurları fikirləşiblər ki, Ə.Zeynallıya qarşı 213-cü maddəni də qaldırmaq olar. Ən azı prokurorun əlinə alət vermiş olacaqlar ki, bu maddə ilə istədiyi rəqəmi bizə yükləyib, ən ağır cəzanı tətbiq eləsin. Ağır cinayətlə heç bir bağlılığı olmayan CM-nin 213-cü maddəsində nə var? Bu maddənin bir maraqlı xüsusiyyəti ondadır ki, bu maddə nə 306-cı maddə deyil, nə də 311-ci maddə deyil. Burada əsas sözü rəqəmlər deyir. AR CM-nin ən mənasız maddələrindən biridir. Baxmayın ki, bu maddə ilə milli qəhrəman obrazında olan Rasim Balayevi sındırdılar. Kimlərsə bu gün də bu maddədən çəkinirlər. Bu maddədən çəkiniləsi heç nə yoxdur. Kimə bu maddə ilə cinayət işi qaldırırlarsa, getsin qonaqlıq versin. Riyaziyyatdır. Bunlar yeddi min manatlıq bir hesab çıxardılar. Vəkillərimiz də onların çıxardığı rəqəmi əsaslandıraraq, sildilər yerinə 1196 manat 53 qəpiklik hesab çıxarıblar. Mənim ən ağır sözlərlə xatırladığım, heç bir abır hissi olmayan istintaq - hətta ibtidai istintaq ekspert təyin etdi, hətta o belə bu qədər böyük vicdansızlığın qarşısında dedi ki, bu qədər də olmaz və istintaqın 7 min manatlıq cəriməsini 4 min manata endirdi. Məhkəmə zamanı da bütün işləri, riyazi hesablamaları apardıq. Bir çox şeyləri o da nəzərə almamışdı, sakitcə burada etiraf etdi və biz onun 4 min manatlıq hesabının əslində heç 1000 manata çatmadığını sübut etdik. Biz bu müddət ərzində Vergilər Nazirliyinin bu maddə ilə qaldırdığı işin dayandırılması və bu işə heç bir aidiyyatı olmadığı üçün bundan sonra ona baxılması üçün məhkəməyə müraciət etdik. Bu məhkəmə zalında Vergilər Nazirliyinin nümayəndəsi nə dedi? “Onsuz da İnzibati İqtisad məhkəməsi icraatı dayandırmayacaq”. Biz nə dedik? Dedik ki, “sən məhkəmənin hansı qərarı çıxaracağını əvvəlcədən necə bilə-bilərsən?” O nə etdi? Bu zalda quruyub qaldı. Ağzından çıxan sözə yiyə dura bilmədiyinin fərqinə vardı. 22 iyun 2012-ci ildə 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin hakimi
Miminat Hacıbəyova üç həftənin içində haqqımızda iki qərar çıxardı.
Deməli, bu Miminat xanım, bizim xeyrimizə qərar çıxartmışdı. Mətbuatda bu haqda məlumat gedəndən sonra həmin Miminat Hacıbəyova (Hər iki sənədi zala göstərir) cəmi 20 gün sonra öz qərarını ləğv edib, bizim əleyhimizə qərar çıxardı. Ay Ramella (hakim) xanım, belə biabırçılıq olar? Bir hakim öz qərarını necə ləğv edib, başqa qərar çıxara bilər axı? Əgər Məhkəmə Hüquq Şurası bu hakimi sıralarından qovmayıbsa, ciddi səhvə yol verib. Çünki tək bu hadisəyə görə Miminat Hacıbəyova dərhal tutduğu vəzifədən qovulmalı idi. Mən belə məhkəmə sisteminin nəyinə inanım? Bu prokuror, “o zaman dedi ki, görürsünüzmü, ədalət var”. Bu bizim işin bu qədər ədalətsikliklə aparılmasının bəlgəsidir. Baxın hər iki sənədin imzasına - Miminat Hacıbəyova. Tamamilə bir-birini təkzib edən iki qərar çıxarıb. Bu qədər biabırçılıq, yalnız siyasi sifarişlə adam tutduranda belə şeylərə rast gəlmək olar. Heç olmasa, Miminatın bizim xeyrimizə çıxardığı qərarı hakim Limonat Hacıbəyovanın qərarı ilə dəyişdirsəydilər, yenə bu qədər biabırçılıq olmazdı. Miminat Hacıbəyovanın çıxardığı iki qərar bir daha sübut edir ki, bizi tam sıradan çıxarmaq planı həyata keçirilib. Baxın. Dövlət məmuru olan ekspert istintaqın müəyyənləşdirdiyi hesabı 4 min manata endirdi. Bizim Ramazan Hadıyev nə etdi? Siz hələ də gəlib burada otura bilirsinizsə, möhtəşəm adamsınız. Mən oturmazdım, ona görə də buradayam. Mən bu ölkənin ən ali vəzifələrində belə bu cür oturmazdım. (Hakimin, “Zeynalov, mahiyyəti üzrə” deyəndən sonra) Mən Gülərdən danışıram. Gülər kimdir? Gülər artıq mənim işimin mahiyyətidir. Gülər deputat olanda bu zalda dedi ki, “8 aydır həyatımızı zəhər eləmisən...” Mən Gülərin həyatında artıq bir ömür boyu varam. Ömrümün axırına qədər harada olacaqsa, mən də orada olacam. Mən heç bilmirdim ki, kiçik qızımın 8 yaşı olanda Gülər Əhmədovanın şəri ilə həbs olunmuşam, onun da kiçik oğlunun 8 yaşı olanda özünü həbs etdilər. İndi də onun vəkilləri mətbuata müsahibə verirlər ki, “Gülər bircə 8 yaşlı oğlu üçün darıxır. Heç 8 yaşlı uşağın anasını da tutmaq olardımı? Uşağının ad günündə onu həbs etdilər.” Sən 8 yaşlı, iki qız uşağının atasını şərlə, böhtanla həbs etdirib, o uşaqların gözlərini yaşlı qoyarsansa, sənin də 8 yaşlı oğlunun anasını tutub apararlar, gözü yaşlı qalar.
Allahın ədalətinə baxın!
Mənim evimi barbarlar kimi dağıdıblar. Evimdə adam olmayıb, vəkilim olmayıb, yaxınlarımı içəri buraxmayıblar, möhtərəm hakimlər. Darvazadan keçib, qapımı sındırıb, içəri keçiblər. İri karatlı brilliant, qızıl külçə axtarıblar, silah tələb ediblər. Mənim uşaqlarımın dərs dəftərlərini götürüb aparıblar. Bu gün Fikrət Əhmədov müsahibə verir ki, bunlar mənim 8 yaşlı uşağımın cizgi filmi olan diskini də aparıblar. Sən 8 yaşlı qızın dərsliklərini apartdırarsansa, sənin də oğlunun “multik”lərini apararlar. Hələ Fikrət Əhmədov şikayət edir, deyir ki, mənim arvadımın hamamdan şampunlarını da aparıblar. Yox, sağ olsunlar, bizim evdən şampun-filan aparmayıblar. Mənim evimdə külçə axtaranların evlərindən vedrə ilə brilliant və qızıllar götürülüb, “Laçın” bazarında satışa çıxarıldı. Bir jurnalisti necə korrupsiya ittihamları ilə həbs etdirmək olar? Mən məmuram, əlimdə dövlətin səlahiyyətləri var? Mən nə qədər bu cəmiyyət üçün təhlükəli olmuşam ki, 6 ay istintaq, 11 aydır da məhkəmə məni həbsdə saxlayır? İndi sular durulur. Baxın görün, kimlərdir korrupsionerlər, rüşvətxorlar. Jurnalist özünü öldürsə belə, ondan korrupsioner çıxmaz. Bizi korrupsiyada ittiham edən adamın onlarla evi, bağı, mülkü siyahıya alındı. Millət görmədimi? Bu qədər rəzillik olarmı? Bəyəm, bütün bunlar işin mahiyyəti deyil? Necə olur, “10 min manat istəyibsən” iddiası ilə bir jurnalistin on ildir başa gətirdiyi bütün işlərini darmadağın etdilər, texniki avadanlıqlarına qədər yağmaladılar. Amma bunlar 1 milyonla rahat alver edirlər. Həbsimdən sonra seyfimdə olan son 300 dolları oğurladılar. Olanım o idi, qalanım da... Onu apardılar. Gülər Əhmədovanın şəhərin içində 9 villasının – həbs etməsəydilər, Allah bilir daha nə qədər olacaqdı – 5-6 gözəllik salonunun, 4 bağ evinin və s. müəyyənləşdirilib. Halal pulla qazanılıbsa, özünə qismət, deputat məvacibi ilə almışdı onları? Bu cinayət işinin sonu ora gəlir. N.Ələsgərlinin işində Nərimanov məhkəməsinin hakimi Sevinc Quliyeva üzərimizə 3 min manatlıq cərimə qoydu. Ondan əvvəl də bu Sevinc Quliyeva “Baltika-Bakı” MMC-nin iddiasını təmin edib, haqqımızda 50 min manatlıq cərimə çıxarmışdı.
S.Quliyeva sifarişli qərarları icra etdiyi üçün Məhkəmə Hüquq Şurası onu hakimlikdən qovub
Bu gün də həmin məhkəmə işimizdə nə əvvəlki hakim vəzifəsində qalıb, nə MMC qalıb, nə də məni məhkəməyə verən Tlexuray qalıb. Onu da işdən qovdular, müəssisəni də əlindən alıb başqasına verdilər. Bilirsinizmi niyə? Çünki bu Tlexuray Azərbaycanda insan həyatı üçün təhlükəli olan virusla yoluxmuş pivələri yenidən istehsal edərək, insanlarımıza satdırırdı. Əlimizdə bununla bağlı kifayət qədər video, dəlil-sübut olduğu halda bizi bir hakim belə dinləmədi. İndi də təzə hakim deyir ki, “məhkəmə bəyəm kontordur ki, sifarişlə qərar qəbul eləsin?” O hakimi hələ görməmişəm. Görsəm deyəcəm ki, “bəli, bizim rastlaşdığımız bütün məhkəmələr kontordur, gerisindən də Allah saxlasın”. Adamı yazdıqlarına görə həbs edərlər? Yazmışam, yazmışam da... 50 dəfə məhkəməyə vermisiniz, yenə də verin. 2005-ci ildə mülki qaydada olan işlərinin qanunla cəlbetmə müddəti 2 ildir. Nərimanov rayon polis idarəsi də sizə məktub göndərib ki, həmin səndlərin vaxtından 3 il keçdiyinə görə yandırılıb. Niyə? Çünki müddəti keçib. Siz 2 il cəlbetmə müddəti olan ölü bir işə yenidən can verirsinizsə, artıq bu şərdir. Cəmi iki il cəlbetmə müddəti olan, adidən-adi məhkəmə çəkişməmiz olan bir işi üstündən 7 il keçəndən sonra gətirib Ramiz Mehdiyevin tapşırığı ilə açılan cinayət işinə əlavə edərsinizsə, artıq bu şərdir. Bu qədər də adamın üzərinə gəlmək olarmı? Ağır cinayət törətmişəm – 11 il... Bunlar hələ görünür onu da planlaşdırıblar ki, “Xural” qəzeti yaranan gündən əvvəlki tarixə qədər getsinlər. Nə yeyir, nə içir?
Deməli, belə çıxır ki, biz yaşamamalıyıq bu ölkədə?
213-cü maddə bəs nə verir? Maraqlıdır, deyilmi? Birincisi, bunun sanksiyası nədir? Cinayətin törədildiyi sübut olunarsa, mənə hansı cəzanı vermək olar? 3 ilədək müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə, 2 min manatadək miqdarda cərimə.Və ya iki ilədək müddətə islah işlərinin verilməsi, və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası. Bizim ədalət və vicdan mücəssəməsi olan bu prokuror, bütün alternativ yolları bir tərəfə buraxıb, heç bir qanuni əsası olmayan ağırlaşdırıcı cəza – 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasını istədi. Fevralın 13-də prokuror Ramazan Hadıyev bu zalda çıxış edib, mənə 11 il həbs cəzası istəyəndə, hakimlər gərgin, əsəbi və qaşqabaqlı idilər. Çünki onlara da təlimat verilmişdi ki, Əvəz Zeynallıya ən ağır cəza verin. Maksimum müddət oxuyun. Nə hakimlər, nə də prokurorun özü məmnun deyildilər. Ona görə prokuror isterika içərisində çıxışını edib, hakimlərin qapısından da getdi. Mən də bilirəm ki, belə məsələlər bunların öz xoşu ilə həll olunmur. Prokuror 213-cü maddəyə 2 il cəza istəyə bilərmi? Bilər. Amma bu maddənin “qeyd” deyilən bir bəndi var. Orada yazılır: “Bu məcəllənin 213.1 və 213.2 maddələrində nəzərdə tutlan əməlləri ilk dəfə törətmiş şəxs, yəni mən cinayət nəticəsində vurulmuş ziyanı, tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad olunur”. Dünya hüququ ilə çox maraqlanmışam və inkvizitor məhkəmələri çox diqqətimi çəkib. Hətta onlar belə çox araşdırmaçı olublar. Tutalım ki, siz heç hüquqşünas da deyilsiniz. Adam CM-nin 213.1 maddəsinə 2 il iş istəyir. 3 il 306.2 maddəsinə görə, 10 il də 311-ci maddəyə görə... Hesab çıxarıb 15 il deyir. Sonra da öz aləmində yüngülləşdirici amillər tapıb, guya 4 il güzəştə gedir və 11 il oxuyur.
VI Hissə
Bu işin altında prokuror Ramazan Hadıyevin imzası var
Kimin hansı sifarişi verməsindən asılı olmayaraq... O imzanın cavabını da vaxtında alacaq. Əslində necə olmalı idi? 213.1 maddəsilə bizə vicdansız ekspertizanın təyin etdiyi 7 min manatı, bunların digər eksperti 4 min manata saldı. Biz də burada hesabladıq, hesablama apardıq. Bütün müvafiq orqanlardan lazım olan sənədləri tapıb məhkəməyə təqdim etmişik və qənaətimiz də o olub ki, uzaqbaşı min manat cəriməmiz ola bilər. Lap elə bizim cəriməmiz 7251 manat, 20 qəpikdir. O zaman prokuror nə etməli idi? Ya bu cəriməni ödətdirməli, ya da başqa cəza istəməli idi. O nə etdi? Həm cərimənin ödənilməsini, həm də qanunu ziddinə gedərək, mənim 2 il müddətinədək azadlıqdan məhrum edilməmi istədi. Həm bu pulu ödəsin, həm də həbs olunsun, deyə bilərmi? Deyə bilməz. Bu qanunların yazıldığı kitabı nə qədər yerə atmaq, nə qədər etiraz etmək lazımdır ki, daşıdığınız mundirə hörmət edib, qanunlarla hesablaşasınız? Sən deyə bilərsənmi ki, Ə.Zeynallı həm cəriməni ödəsin, həm də 2 il azadlıqdan məhrum edilsin? Bunu ancaq bir qanuni tələbi ola bilər. Əvəz Zeynallı 7251 manat 20 qəpiyi ödədiyi təqdirdə cinayət məsuliyyətindən azad edilsin, ödəmədiyi təqdirdə azadlıqdan məhrum edilsin. Necə ola bilər ki, sən qanunun açıq şəkildə göstərdiyi qeydi belə ayaqlarının altına alırsan, tapdalayırsan. Sənin marağın nədir ki, bu maddələrin ən agır cəza növlərini seçmisən? Ən ağır sanksiyaları tələb etməkdə məqsədin nədir? Bayaqdan burada sübut etdim ki, haqqımda 306.2 maddəsilə qaldırılan cinayət işinin mənimlə heç bir əlaqəsi yoxdur. 306.2 ilə mənə bir gün belə iş kəsilə bilməz. Qanunsuzluqdur. 11 ildən 3 ilini çıxdıq, 8 il qaldı. 213.1-dən də ortada avtomatik olaraq heç nə yoxdur. Ramazan Hadıyev oradan özünü assa da o cinayətlə də mənim heç bir bağlantım yoxdur. 8-dən də 2 ili çıxanda 6 il qaldı. 311-ci maddə ümumiyyətlə, mənə şamil edilə bilməz. Hələ o da başqa bir şeydir ki, mən hüquqi yox, fiziki şəxsəm. Mən ümumiyyətlə, dövlət məmuru deyiləm. Mən rüşvət ala bilmərəm. Mən o əhatə dairəsinə girmirəm. Bu ağır cinayətlər məhkəməsində son 1 bir ildə ən azı 7-8 dənə qəzetə qarşı 311-ci maddə ilə iş açıblar. Sonradan da məhkəmələr onları açıb-buraxıblar ki, jurnalistə korrupsiya maddələrilə cinayət işi açıla bilməz. 6 ildən də 11 ili çıxanda “-5” qalır. Ramazan Hadıyevin mənə -5 il “can borcu” var. Sən necə prokurorsan ki, qanunun bütün tələblərini nəzərə almadan, 11 il iş oxuya bilirsən? Ramella xanım, bu cinayət işində guya mənim qeydiyyatda olduğum ünvana göndərildiyi iddia olunan bildirişi aylardır, sizdən ala bilmədim. O sənəd saxtadır. Saxta olduğu üçün də mənə vermədiniz. Cinayət işi ilə ilk tanış olduğum zaman demişdim. Gülərin telefonlarıma göndərdiyi mesajlar saxtadır. Məlum oldu ki,
Gülər mesajlarla insanları şantaj edir
Sevinc Babayevanın oğlu Ayxan Məmmədovu da mesajlarla şantaj eləmişdi. İndi də o yolla başqalarını şantaj edir. Yəni bu qadın professional şəkildə, bu dəstədə insanları məhz şantaj etməklə məşğul olub. Mesaj məsləsini dəqiqləşdirmək üçün, nə illah elədik, 11 ayda mən həbs olunarkən əlimdən alınan telefonları tapıb, özümə qaytara bilmədiniz ki, bu mesajlara aydınlıq gətirək. Azercell Korrupsiyaya qarşı Mübarizə İdarəsinin ünvanına bütün mesajları göndərib. O saxta mesajların da məntiqi olaraq ardıcıllığa qoyanda qurama olduğunu bilmək çətin deyil. “Sabah filan saatda gələrsiz” Mesaja baxın. Sonra da Gülər mənə mesaj atır ki, “icazə ver, redaksiyaya gəlim”. Məntiqlə mən bu adama görüş saatını deyirəmsə, necə olur ki, bu yenidən mənimlə görüşmək istədiyini yazır. Bunu ağlı, dəngəsi yerindədirmi ki, o cür mesaja, bu cür cavab yazır. Yox.. Mesaj saxtadır. Guya indi istintaq demək istəyib ki, mən bunu redaksiyaya çağırmışam ki, ondan pul alam. Amma istintaqın Gülərdən mənə gələn mesajın saatını saxtalaşdırmaq ağlına gəlməyib. Ona görə də ardıcıllıq pozulub və belə biabırçı bir mənzərə yaranıb. Həmin Gülər Əhmədovanın şahidi dindirmə protokollarında göstərdiyi əl telefonlarının nömrəsi başqadır, bu işdə mənə mesaj gəldiyi iddia olunan telefonlar başqa telefonlardır. Mən dəfələrlə bu haqda dedim, vəsatət də qaldırdım ki, yoxlama və araşdırma aparılması üçün sorgu göndərilsin, görək bu telefonlar G.Əhmədovanın öz adına olan telefonlardırmı? Gülər heç bir ifadəsində yazmayıb ki, mənim telefonlarım. O yazıb ki, istifadə etdiyim telefonlar. Bəyəm istintaq üçün bunu araşdırmaq çətin idi? Onlar da biliblər ki, Gülərin telefonları o telefonlar deyil. Ona görə də deyəndə ki, məhkəmə istintaqı yenilənsin, hər şeyə görə, vəsatət qaldıranda ki, bu telefonların kimə aid olduğu yoxlanılsın, eləmədiniz. İstintaqın qərarı var. Həmin qərarın surətini məhkəmə bizə vermədi. Həmin sənəddə istintaq qərara alıb ki, G.Əhmədovanın da telefonlarına gəlib-gedən zənglər və SMS məzmunları götürülsün. Bəs niyə götürmədiniz? İndi istintaqı yeniləsəydiniz, hər şey gül kimi açılacaqdı. Onsuz da bu iş nə vaxt olsa, açılacaq. G.Əhmədova kiminlə həmin ərəfədə danışıbsa, özü də bunların heç kimdən qorxuları yoxdur, onlara baxanda nəticə çıxarmaq olardı ki, mənim həbsimdən əvvəl bu adam kimlərdən təlimat alıb. İstintaqda Gülərin telefonları kimi göstərilən telefonlar, ona məxsus deyil. Mənim telefonlarıma gələn bütün zənglər çıxarılıb. Qanun deyir ki, lüzumsuz dəlillərin toplanmasına yol verilmir. Hər yola əl atılıb. Gülərin əlahəzrət “fakt” dediyi audioyazıya gəlincə isə, vəkil E.Sadığov da məhkəmədə bu audio yazının istintaq zamanı tutumunun 1 gbt həcmində dəyişdirildiyini sübut etdi. 2011-ci il 22 dekabrında bu audioyazı diskə köçürülüb. Gülər Əhmədovanın görüntüsü ilə seriallar yayımlandı, adamın boynuna qoymaq mümkün deyil. Avropaya, Rusiyaya adam göndərir. Daha nə bilim kimləri saxtakarlıq aparmaq üçün öz cinayətlərinə sövq edir. Qanun açıq şəkildə deyir ki, aldatma və işgəncə ilə əldə olunan sübutlar dəlil olaraq qəbul edilə bilməz. Hələ onu da demirəm ki, mənə “qardaşlıq elə, mən də sənə bacılıq edim” deyən adamdan necə rüşvət tələb etmək olar? Bu adam mənə bacılıq təklif edirsə, mən ondan nə üçün rüşvət tələb etməliyəm ki? Zatən mənə bacılıq edir də... Deməli, Gülər Əhmədovanın mənim məkanıma gəlməsi, mənim yanımda məndən xəbərsiz səsimi yazması, o səsi istintaqa verib, haqqımda cinayət işi açdırması, məni şərləməsi cinayətdir. Ancaq E.Abdullayevin öz otağında, öz məkanında özünü bu cinayətkar dəstədən müdafiə etmək üçün apardığı videoçəkilişlər cinayət deyil, özünümüdafiədir. Iki dünya bir olsa da, bunun qanuni yolu budur. Hər zaman E.Abdullayevin əleyhinə yazmışam, onunla olan münasibətlərimi də hamı bilir. Amma bu gün o adam Azərbaycanı lərzəyə salan “təmiz əl” əməliyyatını aparır. Burada səsyazısı dinlənildi. Səsləri tanımadım. Gülərin kabluk səsindən başqa heç bir səs aydın eşidilmirdi. Əsas danışan adam da Gülərin özü idi, pul təklif edirdi və deyirdi “qəzetə kömək etmək istəyirəm, imtina edəndə də dedi, öz qəzetimin xərclərini hesablayıram. Özü hesabladı, 26 minə çıxdı, sonra da dedi ki, onun yarısını verəcəm”. Bunu harasında hədə-qorxu var? Dəfələrlə disklərə köçürülüb, həcmi dəyişdirilən “sübut” sübut kimi qəbul edilə bilməz. İbtidai istintaq da çox böyük səhv buraxıb. İttiham tərəfi qanunun bütün müddəalarını pozub. Qanun açıq şəkildə deyir. CM-nin 125-ci maddəsi – Sübutların mümkünlüyü. Zorakılıq, hədə-qorxu, işgəncə və yaxud digər qeyri insani, insan ləyaqətlərini alçaldan hərəkətlərin tətbiq edilməsilə əldə olunursa, sübut sübut sayıla bilməz. Mən hər zaman bunun əleyhinə olmuşam. Bizim işimizi bizə qadağan elədilər, indi özləri bir-birlərini çəkirlər. Biz çəkə bilərik, biz yaza bilərik! Bu bizim peşəmizdən irəli gəlir. Bizi çəkdilər, bizi şərlədilər. Gülər adamın səsini necə yazıb, onu şantaj edə bilər? Bu adam deputatdır, əlində də min səlahiyyət var. Allah qoymasa, qanunları da hamıdan gözəl bilməlidir. Bunu qorxudurdumsa, haqqında dediyi kimi yazılar yazırdımsa, məhkəməyə müraciət edəydi. Niyə eləmədi? Çünki yuxarıdan Ramiz Mehdiyev ona dedi ki, get, üzünə dur. AR CM-nin 125.3 maddəsi deyir, 125.2 maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar – Gülərin diski, Gülərin telefon yazısı, mesajları ona aiddir – sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bu maddələri nə qədər oxumaq olar? Qanun açıq deyir ki, bu fırıldağı siz sübut kimi qəbul edə bilməzsiniz. Siz sübut kimi qəbul edibsiniz. Hər zaman demişəm, bir daha xatırladıram. 10 min manat söhbəti olmayıb. O saxta səsyazısında da 10 min manat söhbəti olmayıb. Öz-özünə hesab aparıb, sonra da deyib ki, o qədər yox, amma yarısı qədər qəzetə kömək edərəm. O adam mənim yox, öz səsini mənim otağımda yazmağa gəlmişdi.
10 min manat söhbəti PA-nın şöbə müdiri Əli Həsənovun otağında aparılıb
Əgər söhbət Gülərin dediyidirsə, hesab onun apardığı hesabdırsa, o zaman o 26 min manat deyib. Onun yarısından söhbət gedirsə, o zaman bu pulun yarı məbləği 13 min manatdır. 10 min haradan çıxdı? Plan onun kabinetindən çıxıb. Bu gün də Əli Həsənov dövlətin milli teleseriallar çəkmək üçün ayırdığı 10 milyon manatı oğlu Şamxal Həsənova həvalə edib. Korrupsiya faktı budur. Mənim əməlimdə korrupsiya elementləri axtaran Əli Həsənovun özünün iş fəaliyyəti yoxlanılmalıdır, özü haqqında korrupsiya maddələrilə cinayət işi qaldırılmalıdır. Bu adamda bilmirəm, “vicdan” deyilən bir şey varmı? Yoxsa, bu da Gülər kimi heç bir zaman cəzasını almayacağını düşünür? Bunlar nə boyda olduqlarını zənn ediblər ki, gündən-günə yüksələn, sözün kəsərini artıran, müstəqillik əhatəsini genişləndirən, Əli Həsənovun cibindən, əlindən asılı olmayan bir gündəlik qəzetin baş redaktorunu şərləyib tutdururlar, ürəkləri soyumur, hələ utanmaz-utanmaz törədilməyən cinayət müqabilində ona 11 il iş oxuyurlar? Mən Əli İnsanovam, yoxsa Fərhad Əliyevəm? Mən Zakir Qaralovam, Ziya Məmmədovam, Fikrət Məmmədovam, kiməm? Mən hansı səlahiyyətlərimdən istifadə edib, korrupsiya əməli törədə bilərdim? Mən jurnalistəm. 16 aydır da həbsdə heç bir səbəb olmadan saxlanılıram. Bunlar əgər məni yazılarıma görə həbs etməmişdilərsə, o zaman kollektivimin “ASİ” adlı çıxarmaq istədikləri qəzetin nəşrinə niyə qadağa qoydular. Biz həbsimdən sonra da “Xural”ı nəşr etdirmək istədik, amma “Ekspress” nəşriyyatından birbaşa bizə bildirdilər ki,
PA-dan Əli Həsənov şəxsən zəng vurub, qəzetin nəşr olunmasına qadağa qoyub
O zaman bu nə ittihamlardır, mənə qarşı irəli sürmüsünüz? Sizin hikkəniz, qəzəbiniz nə həddədir ki, mənə 11 il iş istəyirsiniz? Bilirlər ki, bunların KİV DF adlı oyuncaq qurumlarını, Mətbuat Şurası adlı fırıldaqçı mətbuat oyuncağını, MTRŞ adlı ailə bandasını faktlarla üz-üzə qoyacaq yeganə adam mənəm. MTRŞ-nın bir başa üzvü var, onun 6-sı Ə.Həsənovun sinif yoldaşı, əqrəbasıdır, biri də arvadı. Bu ölkə Əli Həsənov kimi adamların arvad-uşağından ibarət deyil axı. İttiham tərəfi saxta sübutları, olmayan şeyləri məhkəməyə təqdim edib. Ramella xanım, necə olubdur ki, siz onları icraata götürübsünüz, qəbul etmisiniz? Sübutların dəyərləndirilməsində deyilir ki, sübutlar tam, hərtərəfli, obyektiv şəkildə tərif edilməli, daxili inam formalaşmalı və vicdani qənaətlə hökm oxunmalıdır. Varmı, vicdan, ədalət, insanlıq? Humanistliyiniz varmı? Ehtimallarla, “mən yuxuda gördüm ki, Əvəz Zeynallı məndən pul istəyib”, deməklə, niyə bu adam bizim köləmiz olmur, deməklə 11 il iş oxumaq olarmı? Özü də havadan... Ötən 16 ayda hadisələr elə cərəyan edib ki, hər şey məhkəmənin araşdırması olmadan da aydınlaşıb.
VII Hissə
Gülər Əhmədova indi bizimlə Ramiz Mehdiyevi təhdid edir
S.Tarverdiyev Milli Dövlətçilik Partiyası adından oktyabrın 8-də guya bəyanat verib, o bəyanatı da işə əlavə ediblər. Orada yazılır ki, “yaxşı ki, bu qəzet bağlandı”. Halbuki, “Xural” qəzetinin nəşrinə oktyabrın 19-da R.Mehdiyev tərəfindən yağmalanandan bir gün sonra qadağa qoyulub. Necə olur? Bunlar falçıdırlar, uzaqgörəndilər ki, 12 gün əvvəl bəyanat veriblər ki, “yaxşı ki, bu qəzet bağlandı?” Onlara bunu məhkəmədə deyəndə özləri də quruyub qaldılar. Tanıdığım, yaxın bildiyim adamlarla çox iblisanə oyun oynayıblar. Mən yanılmıramsa, Azərbaycan mətbuatının tarixində bizim işimiz yeganə işdir ki, bu qədər ictimai-siyasi xadim və iş adamı bir redaktorun üzünə qoydurulur. Baxın. 1. Akif Məmmədov sabiq “Kurort” SC-nin prezidenti, Ə.Həsənovun qudası S.Mehbalıyevin iş ortağıdır. 2. Sabir Tarverdiyev İrəvan Mühacir Hökumətinin prezidenti, Milli Dövlətçilik Partiyasının sədri, Sumqayıt Maşın bazarının sahibi, iş adamıdır. 3. Aydın Heydərov “İnturAvto” SC-nin prezidenti, Sabir Tarverdiyevin xalası oğludur. 4. Vüqar Səfərli KİV DF-nin icraçı direktoru, Əli Həsənovun cinayət ortağıdır. Onun rəhbərlik etdiyi qurumu ona görə yaradıblar ki, o müstəqil mətbuata dəstək versin, onlarsa müstəqil mətbuatı məhv etməklə məşğuldurlar. Buna nail olublar da... 5. Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının direktoru, əməkdar jurnalist, Əli Həsənovun iş ortağıdır. 6. Nüşabə Ələsgərli Əməkdar artistdir. Özünün 50 obyekti var, birinə də vergi ödəmir, “qaşın üstündə gözün var” deyən də yoxdur ona. Niyə? Çünki üzəduranlarıdır, ona görə. 7. Bunların arasında ən balaca adam Mürvət Həsənlidir. O da “Xəmsə” restoranının sahibidir. Bu yaxınlarda da 8 min toyuğunun oğurlandığını, oğurlandığı zaman onların stress keçirdərək, daha yumurtlamadığını bəhanə gətirərək, 8 nəfəri tutdurb, ocağını söndürüb. Mənim işim yeganə işdir ki, Azərbaycanın rəhbər strukturları son dərəcə biabırçı, son dərəcə axmaq bir oyunla məni susdurmağa çaışıblar. Onlar nəyə ümid eləyib, belə bir yola üz tutublar, bilinmir. Əvvəldən demişəm, yenə deyirəm. Bizə qarşı olan iddiaların hamısının kökündə tənqidi yazılarımız durur. Oktyabrın 3-də Sumqayıt maşın bazarı haqqında tənqidi yazılar gedib, 8-də partiyanın bəyanatı verilib. Həmin bəyanatda da ayın 20-də olacaq hadisəyə 12 gün əvvəl qiymət verilib. G.Əhmədovanın da iddiaları başdan-ayağadək yazılarla bağlıdır. Son müsahibələrində də də yalnız yazılardan danışır. Heç bir hədə-şantaj da xatırladılmır. O müsahibələrin hamısını məhkəməyə təqdim etmişik.
Gülər ANS-də deyirdi ki, “Bunu susdurmaq mümkün deyildi, Bu ağır yükün altına mən girdim”
Məni daşımağa sənin çiyinlərin dözərdimi? Dözmədi də... Aydın Heydərov, Akif Məmmədov, Ağabəy Əsgərov, hamısı burada yazılardan danışdılar. Nə yazmışdıq ki? Yazmışdıq, “Azərbaycan” nəşriyyatının ərazisində “novostroyka” evlər tikdirib, oradan Ramiz Mehdiyevə, Əli Həsənova evlər verib. Yazıya görə, bura gəlmişik. İndi də məlum olur ki, mənim burada üzümə duranların hamısı Ramiz Mehdiyev komandasının adamlarıdır. R.Mehdiyev o adamların əli ilə məni həbs etdirib, bu gün də məhkəməyə təzyiq göstərərək, məni uzun müddətə həbsə göndərmək niyyətindədir. Mənim işimdə hər hansı bir cinayət əməli yoxdur, ola da bilməz. Bu gün beynəlxalq qurumlar ciddi şəkildə demokratik dövlət olmaq üçün Azərbaycandan müstəqil mətbuatın varlığını tələb edirlər. ABŞ-ın qurucu prezidentlərindən biri olan Cefersondan soruşanda ki, “Mətbuatsız hakimiyyət, yoxsa hakimiyyətsiz mətbuat?” O tarixi cavab verib ki, “hakimiyyətsiz mətbuat”. Yəni hakimiyyətdən asılı olmayan, müstəqil mətbuat olmadan dövlət inkişafda ola bilməz. Bunun qarşılığında bizim hakimiyyətdə olan səlahiyyətli qüvvələr bütün cəhdlə müstəqil mətbuatın səsini boğub, dövləti inkişaf etməyə qoymurlar. Mən 10 il Türkiyədə oxudum, işlədim və Avropa mətbuatının içində oldum. Mənim Türkiyə mətbuatında dərc olunan yazılarım cildlənsə, Ramazan Hadıyevin qarşısındakı kitabdan qalın olar. Mən Avropa, dünya mətbuatının ən layiqli sıralarına çıxmaq uğrunda mübarizə aparıram və hər zaman da bu mübarizəni davam etdirəcəm. Mən gələcəyimi müstəqil mətbuatın inkişafında görürəm. Ona görə də bu ölkədə CM-nin 147-148-ci maddələrlə jurnalistləri həbs etmirlər. Çünki bu maddələrlə jurnalisti həbsə atmaq mümkün deyil. Heç 306 ilə də, 213-lə də mümkün deyil. Bir ara məni CM-nin 303-cü maddəsilə hədələdilər. Onunla da mümkün deyil. Bu adamlar müstəqil mətbuata qarşı o qədər qəzəbli oldular ki, 311-ci maddəni işə saldılar. Bütün dünya korrupsiya əməlinə pis baxır. Düzgün hesablama aparmadılar, düşündülər ki, 311-lə məni şərləyəcəklər, hamı da bunlara inanacaq. Amma beynəlxalq qurumların ilk sualı o oldu ki, “jurnalistdən necə ola bilər ki, korrupsioner olsun?” Bununla da bunların 311-ci maddəsi fiasko oldu. “Xural”ın və Əvəz Zeynallının məsələsi əvvəldən axıradək sözün məsələsidir. Biz müstəqil mətbuat çıxardığımıza, mətbuatın müstəqilliyini tələb etdiyimizə və bu yolda ardıcıl addımlar atdığımız üçün həbs olumuşuq. Azərbaycanda çox yazar var ki, qələmindən “qan damır”. Amma onlara, “gözün üstə qaşın var” deyən yoxdur. Bilirsinizmi, nə üçün? Ardıcıl və mütəmadi deyillər. Ardıcıllıq məqsədlərin bir çoxuna nail olmağa imkan verir. Mən mətbuatın başına açdıqları oyun müqabilində Ə.Həsənov və V.Səfərli barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşırdım. Məni mübarizə apardığım şeylərə görə həbs etdilər. Sizin çiyinlərinizi boş yerə ağır bir yükün altına verdilər. G.Əhmədovanın çiyinləri dözmədi. R.Hadıyevin də çiyinləri dözməyəcək. Çünki haqq sözün altında çiyin dözməz. Haqq söz adamı parça-parça edər. Möhtərəm hakimlər, bu işdə bəraətdən başqa, hər hansı işin oxunmasını Allahsızlıq və vicdansızlıq hesab edirəm. Ona görə də bu məhkəmədən yalnız bəraət istəyirəm. Bilmirəm, sizin o müşavirə otağınızda dövlət telefonu varmı? Bilmirəm, siz o telefondan gələcək zəngi gözləyəcəksinizmi? Bilmirəm, kimlərin sözü sizin üçün daha etibarlı olacaq, amma mənim işimdə, bu işdə, bəraətdən başqa hansısa bir qərar nə mənim tərəfimdən, nə cəmiyyət tərəfindən, nə də beynəlxalq qurumlar tərəfindən müsbət qəbul olunmayacaq. O baxımdan da, Mən sizdən qeydsiz-şərtsiz bəraət istəyirəm!
Sorğu
Yeni dizaynımız necədir?