Xalq artisti İlhamə Quliyevanın dünyasını dəyişməsindən sonra onun mirası üzərində qalmaqal, vəsiyyətnamənin olub-olmaması barədə gəzən söz-söhbətlər səngimək bilmir. Bu hadisə vəziyyətnamənin vacibliyi barədə ictimai rəyin formalaşmasına da müəyyən təsir etdi.
Bəzi məlumatlara görə, indiyə qədər vəsiyyətnamə barədə düşünməyən məşhurlar da artıq özlərindən sonra qalmaqal yaranmaması üçün vəsiyyətnamə yazmağa hazırlaşır.
Xalq artisti Nazpəri Dostəliyeva Cebhe.info-ya açıqlamasında vəsiyyətnamə yazmağa normal yanaşdığını bildirib:
“Fərqi yoxdur istər xalq artisti, istər digər peşə sahibləri nəinki qocalığında, hətta gənc yaşlarında belə vəsiyyətnamə yazıb qoymalıdır. Çünki bu həyat sığortasıdır. Lakin mən öz həyatım barədə elə düşünürəmki, sağlığımda öz ailəmi, həyatımı planlaşdırım və vəsiyyətnaməyə ehtiyac olmasın. Amma qanuna görə vəziyyətnamə labüddür”.
Cavabı heç də ürəkaçan olmasa da, xalq artisti Nisə Qasımovanın da fikirlərini təqdim edirik:
“Mən xahiş edirəm, mənə bu sualla müraciət etməyin. Mən heç bu sualı sizdən gözləməzdim də. Bu, mənim şəxsi işimdir, şəxsi həyatımdır. Mən öz ailə işimi, şəxsi işlərimi, şəxsi fikirlərimi ictimaiyyətlə bölüşmürəm”.
Hər zaman yazdığı şeirləri ilə gündəmə gələn Elza Seyidcahan da vəsiyyətnaməyə müsbət yanaşanlardandır:
“Hər bir insanın təbii ki, istər yazılı, istərsə də şifahi nəsihətləri, vəsiyyətləri olu. Bizim etdiklərimiz, hər bir hərəkətlərimiz də bizdən sonrakı gənclərə bir vəsiyyətdir, istər pis, istərsə də yaxşı. Biz də bizdən öncəki nəsillərdən, ziyalılardan görmüşük, öyrənmişik, götürmüşük, oğurlamışıq. Mən istərdim ki, gənclərimiz oğru olsunlar. Söz oğrusu olsunlar, kəlam oğrusu olsunlar. Mən oğruları alqışlayıram, ən gözəl oğru məhz söz oğrusudur. Mən vəsiyyət yazılmasının tərəfdarıyam. Əlbəttə yazılmalıdır. Özündən sonra sənin doğmaların, yaxınların çaşqınlıq halında qalmasınlar. Hər bir kəs vəsiyyət etməlidir ki, bu dünyada son sözü qalmasın. Bu dünyadan köçərkən ruhu nigaran qalmasın”.
Mərhum xalq artisti İlhamə Quliyevanın miras məsələlərində açıqlamaları ilə gündəmə gələn müğənni Əli Mirəliyev də vəsiyyətnamə yazılmasına tərəfdardıdır:
“Ölüm gözlə qaş arasındadır. O, hər zaman insanın qapısını döyə bilər. Əgər bir insanın həyatda heç kimi yoxdursa, o zaman mütləq vəsiyyətnamə yazmalıdır. Yox əgər bu adamın oğlu, qızı, yurdunda qalacaq kimisə varsa vəsiyyətnamənin yazılması ayrıseçkilikdir. Əvvəllər bir başqa idi həyat. Ailənin sahibi, böyüyü bir kəlmə deyərdi ki, ay oğul, mən öləndən sonra mənim yerim sənindir. Ailəyə böyüklüyü sən edəcəksən. Bu kifayət edirdi ki, heç bir problemsiz ailə idarə edilsin. Amma indi elə bil insanlar azğınlaşıb. Ailə başçısı dünyasını dəyişən kimi aləm qarışır bir-birinə. Ev davası, mülk davası, məhkəmə çəkişmələri. İnsanlar ayaqlarını yorğanlarına görə uzatmalıdırlar. Yoxsa 3 uşaq birindən, 2 uşaq birindən, 1 uşaq birindən. Sağlığında günah edir, ölüb gedir, öləndən sonra da rəhmət yerinə lənət qazanır. Mənim özümə gəldikdə isə mənə heç lazım da deyil vəsiyyətnamə. Sağlığımda artıq qızım üçün də, oğlum üçün də gün ağlamışam pis-yaxşı. Mən qaldığım evdi bir dənə, mən öləndən sonra bu ev də oğlumundur. Mən uşaqlarıma elə bir tərbiyə vermişəm ki, onlar elə bir əxlaqın sahibidirlər ki, onlar heç vaxt məndən sonra mal-mülk davasına çıxıb heç vaxt rüsvayçılıq etməzlər. Mən sözümə, özümə, ailəmə güvənirəm. Ailəsinə, sözünə, kişiliyinə güvənməyənlər lap vəsiyyətnamə yazıb qoysalar da yenə dava-dalaş düşəcək”.
Xalq artisti Bilal Əliyev isə vəsiyyətnamənin şərtlərlə yazılmasının vacibliyini vurğulayıb:
“Vəsiyyətnamə şərtlərlə olmalıdır. Onun xüsusi bəndləri olur ki, heç bir tərəfdə narazılıq doğurmasın. Hər bir valideynin, hər bir insanın ətrafında olan doğmalar o vəsiyyətnamədə öz əksini tapmalıdır, onların payı, onlara çatacaq əmlak orada ayrılmalıdır. Əgər valideyin bir övladının adına daha çox pay, digərinə az pay vəsiyyət edirsə, bu haqsızlıqdır. Digər övlad hüquqlarının pozulması ilə bağlı olaraq məhkəməyə müraciət edib haqqını tələb edə bilər. Nə qədər kobud səslənsə də qanunla belədir. Əgər birinin kimsəsi, əmlakının qalacağı yaxını yoxdursa, bu əmlak dövlətin balansına keçməlidir, onun mülki aztəminatlı ailələrə, imkansızlara verilməlidir. Yox əgər birinin övladı, oğlu, qızı varsa, onun varidatı oğlu və qızı arasında bərabər bölünməlidir. O ki qaldı mənim şəxsi həyatımla bağlı, mən istərdim ki, məndən sonra mənim mülküm oğluma qalsın”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?