Müqaviməti ilə zülmə meydan oxuyan əziz qardaşım Tale Bağırova ithaf olunur!
Seçkilər yaxınlaşdıqca fəallıq artır, ümidlər çoxalır, təzyiqlər şiddətlənir. Bu təsir və əks-təsirlərin nəticəsi isə olduqca maraqlıdır. İstədiyi adamı şərləyərək həbs etməkdə xüsusi məharəti olan iqtidar bunu tez-tez xatırlatmağı özünə borc bilir, gənclərə qarşı hər cür divana hazır olduğunu elan edir, daha böyük xof yaratmağa çalışır. Qarşılığında isə xalqın qəzəbi və nifrəti çoxalır, səbri tükənir, gənclər daha fəallaşır, olan-qalan qorxu da tökülüb gedir. Dörd ay öncə həbsxanadan çıxmış gənc və mübariz ruhani Tale Bağırovun yenidən həbs olunmasında ciddi mesaj var: həbsxana insanların mübarizə əzmini qıra bilmir, hakimiyyət isə onları həbs etməkdən başqa heç bir çıxış yolu görmür. Son günlərdə NİDAçıların, AXCP və Müsavatdan olan fəal gənclərin, dindarların, etirazçı fəhlələrin həbsi, ADNA-da tətbiq edilən absurd qadağalar, Taksi şirkətində Orta əsrlərə xas inkvizisiya, İlqar İbrahimoğlunun haqlı çıxışlarına təpkilər və digər məsələlər təqib və təzyiqlərdə yeni mövsümün başlandığını göstərir. Maraqlı nüans budur ki, bu təzyiqlər dindar və qeyri-dindarlara qarşı paralel aparılır. Səbəb aydındır: bu gün müxalifət qruplara bölünmür və o bütün xalqdan ibarətdir. Vətəndaş cəmiyyətini də bu barədə yekdil hesab etmək olar. Həm də təsadüfi deyil ki, bir akademik özünün son müsahibəsində dindarların siyasiləşməsindən narahatlığını ifadə etmişdi. Cəmiyyətdə müəyyən qədər tanınan nüfuzlu adamlarla söhbət edəndə xalqın passivliyindən gileylənirlər. Təbii ki, repressiyalar bəzi insanları qorxuda bilmiş, son 20 ildə məqsədli şəkildə xalqın şüuruna və təhtəlşüuruna yeridilən təslimçilik və təmkinlilik ruhu təsirsiz ötüşməmişdir. Lakin aparıcı və nüfuzlu adamlar, tanınmışlar, liderlər öz üzərlərinə düşəni yerinə yetirə bilmişlərmi? İndiyədək hər şeyi gözə alıb etiraza qalxmış qubalıları, ismayıllıları, Binə tacirlərini, rüsvayçı ittihamlarla həbs olunan ruhaniləri, NİDA-çıları və digərlərini yetərincə müdafiə etmişlərmi? Aparıcı və nüfuzlu adamlara, liderlərə bir müraciətim də Feysbuk şəbəkəsi ilə bağlıdır. Onları çətin olsa da, bu dəfə Fəzail Ağamalının təklifi üzərində düşünməyə çağırıram. Çünki Feysbukun zərəri xeyrindən çoxdur. Nə üçün? Ona görə ki, bu şəbəkələr cəmiyyətimizin olduqca məhdud bir dairəsini əhatə edir. Hansı ki, həmin məhdud dairə onsuz da fəaldır, sosial şəbəkələr bağlandıqda onlar birbaşa informasiya resurslarına, müxalif saytlara müraciət edəcək və məlumatsız qalmayacaqlar. Əvəzində isə, fəallar öz fəaliyyətlərini sözügedən şəbəkələrdə həmişə eyni və onsuz da məlumatlı olan adamlar arasında yox, sözün əsl mənasında xalqın arasında aparacaqlar. Bu isə çox möhtəşəm məsələdir. Nə üçün Zamin Hacının çox kəskin yazılarına dözən iqtidar Tale Bağırovun Maştağa məscidindəki çıxışlarına dözmür? Çünki Zaminin oxucularının 95 faizi yetərli informasiyalara malik olan fəallardan ibarətdir və bu yazılar onların ürəyinə su səpib sakitləşdirir. Moizə dinləyiciləri isə əksərən passiv insanlardan, internetlə əlaqəsi olmayan, yaxud az olan adi camaatdan ibarətdir. Yəni ruhani işinin xisləti belədir və Tale Bağırov da ruhaniləri məhz buna çağırırdı. Ruhanilərə qarşı repressiyaları, cümə namazlarında vahid xütbə siyasətini, Müsavat başqanının bölgə səfərlərinə yaradılan əngəlləri, Tofiq Yaqublu və İlqar Məmmədovun İsmayıllı səfərlərinə qarşı son dərəcə dözümsüz reaksiyanı və El hərəkatının nümayəndəsi Eldəniz Quliyevin Lənkəran səfərində muzdur qüvvələrin canfəşanlığını bu konteksdən izah etmək olar. Yeri gəlmişkən, El hərəkatının xalqın nə iqtidara, nə müxalifətə qoşulan passiv çoxluğunu istiqamətləndirmə təşəbbüsü bu baxımdan çox təqdirəlayiqdir. Hamıya bəllidir ki, ən optimal informasiya vasitəsi olan televiziya kanalları iyirmi ildir hakimiyyətin inhisarındadır. Həqiqətən müstəqil kanalların nəinki ölkə daxilində, heç Türksat peyki üzərindən yayımlanmasına da imkan verilmir. Bu mənada xalqımız əsl informasiya blokadasındadır və bu blokada götürülməyincə Əli Kərimlinin dəfələrlə vurğuladığı ədalətli seçki mühiti yaranmayacaq. Sözügedən blokadanı götürmək üçün yalnız virtual aləmdə yox, daha çox xalqın içində təbliğat işləri görülməlidir. Məhz buna görə rejimə qarşı çıxan ruhanilər əsl təhlükə mənbəyi sayılırlar. Misir diktatoru devriləndən sonra həm ordu, həm də supergüclər Mübarəkin kadrlarından olmuş Əhməd Şəfiqin prezident seçilməsini arzulayırdılar. Bunu gözəl başa düşən Misir inqilabçıları küçələrə axışıb ədalətli və demokratik seçki mühitini təmin etdilər və sonucda seçkinin nəticələrini saxtalaşdırmaq müyəssər olmadı. Vaxtilə Türkiyədə azad və ədalətli mühitin, daha konkretləşdirsək, xalqın fəallığının olmadığına görə Ərbəkan hakimiyyəti ordu tərəfindən devrildi. Demokratik seçkilərdə qələbə çalmış Əlcəzair müxalifəti məhz xalqdan istifadə edə bilməməsinə görə çevrilişə məruz qaldı. Qarşıda bizi nə gözləyir? Bunu yalnız Allah bilir. Allahın isə belə bir qanunu var: O, məhv etmək istədiyi rejimləri elə çaşdırır ki, get-gedə daha çox səhvlər buraxır və sonlarını yaxınlaşdırırlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?