Son günlər Rusiya mətbuatındakı antiazərbaycan isteriyası və ermənilərə məhəbbət bu yazının səbəbkarıdır. Rusiyanın Vətənimə düşmənçiliyinə baxmayaraq mən Rusiyaya düşmən kimi baxmıram. Bunun iki səbəbi var. Birincisi, heç bir qonşumun düşmən olmasını istəmirəm, ikincisi, gəncliyim, həyatımın ən xoş 15 ili Rusiyada keçib və bu müddət ərzində rus xalqından özümə qarşı heç bir pislik görməmişəm. Mövzu çox böyük olsa da (bu barədə daha ətraflı “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabından tanış olmaq olar) çalışacam qısa şəkildə bəzi məqamları nəzərinizə çatdırım. Baş verənlərdən, Qarabağın timsalında, bu gün biz əziyyət çəkiriksə, əminəm ki, belə davam edərsə, yaxın zamanlarda bu əziyyəti ruslar da çəkəcək.
Azərbaycanın ən gözəl, səfalı məkanı Qarabağdırsa, Rusiyanın da ən gözəl, səfalı məkanı Krasnodar, Stavropol diyarları və Rostov vilayətidir. Krasnodar diyarını ruslar bu gün də Rusiyanın Mirvarisi (Кубань - Жемчужина России) adlandırırlar. Qarabağa ermənilər sonradan gəldikləri kimi adıçəkilən torpaqlarına da ermənilər sonradan köç etmişlər. SSRİ dağılandan sonra isə həmin ərazilərdə, xüsusən Rostov, Krasnodar, Soçi, Adler, Tuapse, Kislovodsk, Pyatiqorsk, Yessentuki, Minvodı şəhərlərində ermənilərin sayı birə beş artdı. Bu gün həmin ərazilərdə yaşayan əhalinin az qala yarısı ermənilərdir, əsasən də Bakıdan köçmüş. Həqiqətən, Qarabağ problemi başlayandan sonra Bakının ən gəlirli yerlərində işləyən, Bakının ən görkəmli rayonlarında yaşayan varlı ermənilər əvvəlcə Yerevana üz tutsalar da, az sonra Rusiyanın adıçəkilən məkanlarına köçdülər və bu gün orada ən gəlirli sahələrdə işləyir və ən prestijli rayonlarında yaşayırlar. Həmin regionun bütün biznesi də məhz ermənilərin nüfuz dairəsindədir. Hələ mənim oralarda yaşadığım vaxtlar, onlar Armavir şəhərində erməni məktəbinin, bağçalarının açılmasına nail olmuşdular.
Əminəm ki, Rusiyanın çətin günləri başlayanda, əvvəllər olduğu kimi, ermənilər həmin məkanların da qədim erməni torpaqları olduğunu iddia edib orada yaşayan rusları didərgin salacaqlar. Bu artıq bir neçə dəfə olub. Yaşlı nəslin gördükləri bir məqamı yada salım. SSRİ dövründə də ölkə rəhbərliyində əhalinin sayına görə rəhbərlikdə ən çox təmsil olunan erməni millətindən olanlar idi. Məhz onlar "Qorbaçov Yenidənqurması" başlayan kimi Ermənistanın SSRİ-nin tərkibindən çıxımaq iddiasını qaldırdılar. Mən hələ tarixə qayıdıb Türkiyədə ən mühüm vəzifələri tutmalarına, ən yaxşı yaşayanlardan olmalarına baxmayaraq Türkiyənin çətin günlərində Vətənlərinə xəyanət etdiklərini demirəm. Elə qonşu Gürcüstanda Cavaxetiya problemi də bunun bariz nümunəsidir.
Rusiya telekanallarındakı verilişlərdə Rusiyanın adından danışan antiazərbaycan isteriyasında boğulanlar da rus millətinə aidiyyatı olmayan ermənilər və jirinovskilərdir. Verilişlərə baxanlar görməmiş olmazlar ki, onlar Rusiyadan nəinki maddi, mənəvi dəstək istəyirlər, hətta rus əsgələrinin Azərbaycana qarşı döyüşməli olduqlarını da tələb edirlər. Bu məqamda Rusiya hakimiyyət təmsilçilərinə üz tutub ancaq bunu təkrarlaya bilərəm: “Başqasına quyu qazma özün düşərsən”.
Sorğu
Yeni dizaynımız necədir?