Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində baş verənlər ölkə mətbuatının diqqətdə saxladığı mövzulardan biri olaraq qalır. Naxçıvan MTN-in keçmiş əməkdaşı Ibrahim Musayevin Turac Zeynalovun ölümü və onun ailəsinə, xüsusilə həyat yoldaşına qarşı olan təzyiqlərlə bağlı etirafları cəmiyyətdə böyük hiddət doğurur. Siyasi partiyalar, tanınmış ziyalılar məsələnin ciddi araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirlər.
Bəs bu cür olayların gələcəkdə təkrar olunmasının qarşısını almaq üçün cəmiyyətin üzərinə hansı vəzifələr düşür? Bu sualla bəzi Naxçıvan əsilli siyasətçi və ictimaiyyət nümayəndəsinə müraciət etdik.
«Ya cəmiyyət bütünlüklə ayağa qalxıb hakimiyyəti islahatlara məcbur etməlidir, ya da inqilab olmalıdır»
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, baş verən olay ölkədə dərəbəyliyin hökm sürdüyünü göstərir. Yaranmış situasiyada cəmiyyətin sərt formada etirazını bildirməsini vacib sayan S.Cəlaloğlu vurğuladı ki, əks halda durum daha da acınacaqlı olacaq: “Hazırda ölkədə acınacaqlı durum yaranıb. Ölkədəki vəziyyət dövlətin mövcudluğunun inkar olunması deməkdir. Burada cəmiyyətin üzərinə yalnız bir vəzifə düşür, o da üsyan, inqilab etmək. Bu cəmiyyət ya bütünlüklə ayağa qalxıb hakimiyyəti demokratik islahatlara məcbur etməlidir, ya da inqilab etməlidir. Inqilab yolu insanların istəyi ilə olmur. Inqilab təhtəlşüur formasında meydana gəlir. Sabah birdən görəcəyik ki, xalq inqilab etdi”.
«Milli təhlükəsizlik orqanının bu cür şərəfsiz işlə məşğul olması ölkənin milli təhlükəsizliyi üçün bir təhdiddir»
ACP sədri Sülhəddin Əkbər bildirdi ki, mətbuatda açıqlanan şokedici faktlar təsdiqini taparsa, fakt üzrə cinayət işi açılmalıdır: “Çünki Azərbaycanın milli təhlükəsizlik orqanı bu cür şərəfsiz işlə məşğuldursa, o zaman görün Azərbaycanın vəziyyəti necədir. Hazırkı rejim Azərbaycanın milli təhlükəsizliyi üçün bir təhdiddir. Milli Təhlükəsizlik Nazirliyi milli təhlükəsizlik probleminə çevrilirsə, bu artıq ölkədə böhranlı vəziyyətin yarandığından xəbər verir”.
«Azərbaycan xalqı öz sərvətinə, taleyinə sahib çıxmayınca bu cür vəziyyət davam edəcək» Tanınmış hüquqşünas Qurban Məmmədov isə hesab edir ki, Azərbaycan xalqı öz sərvətinə, taleyinə sahib çıxmayınca bu cür vəziyyət davam edəcək. Naxçıvanda baş vermiş hadisənin ciddi araşdırılmasının vacib olduğunu deyən Q.Məmmədov vurğuladı ki, bu olaya dövlət başçısı dərhal reaksiya verməlidir: “Dərhal komissiya yaradılmalıdır. Belə bir hadisə Naxçıvan MTN-ində baş veribsə, bu, dövlətin təhlükədə olmasından xəbər verir. Eyni zamanda bir daha zərərçəkmişlərin mövqeləri cəmiyyətə çatdırılmalı və bunların fonunda dövlət başçısından dərhal reaksiya tələb olunmalıdır”./azadliq.info/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?