1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rövşən Niyazov rəhbəri olduğu müəssisədə cəza çəkən Kəlbəcər köçkünü Nemət Abdullayevi döyüb. Bu barədə redaksiyamıza adıçəkilən məhkumun ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, Rövşən Niyazov bu hərəkətini Nemət Abdullayevin qətlə yetirdiyi şəxsin yaxınlarının sifarişi ilə edir: “Çünki, həmin ailə Bakıda imkanlı ailə kimi tanınır. Neməti döyən rəis hətta onun yerdə uzanmış formada şəklini şəxsi telefonu ilə çəkir. Görünür, o, bununla öz “qəhrəmanlığını” sifariş aldığı adamlar qarşısında nümayiş etdirir”. Dəfələrlə rəisin “işgəncə maşını”ndan keçən Nemət Abdullayevin durumu artıq pisdir. Valideyinləri deyir ki, Nemət törətdiyi əmələ görə, ən ağır cəza alıb və qarşı tərəf bununla barışmır: “Onun cəzasını məhkəmə qeyri-adekvat formada verib. İndi nə istəyirlər?” Nemətin ailəsi qəzetimiz vasitəsilə Penitensiar Xidmətin yeni rəisinə üz tutaraq, Rövşən Niyazovu dayandırmasını xahiş edir: “O, müəssisədə “işgəncə kralı” kimi ad çıxarıb. Xahiş edirik, onu dayandırasınız”. Olayla bağlı Penitensiar Xidmətin də mövqeyini dərc etməyə hazırıq. Xəbər xidməti
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?