Səbəb borcla yanaşı, həm də qəzetə yaradılan əlavə problemlərdir
“Azadlıq” qəzetinin bugünkü sayını son anda nəşr etdirmək mümkün olub. Buna səbəb isə Azərbaycan Nəşriyyatının yaranmış borca görə qəzetin çapından imtina etməsi idi. Nəşriyyat rəhbərliyi əvvəlcə “Azadlıq”ı çap etməkdən imtina edirdi.
Amma sonradan borcun əhəmiyyətli hissəsinin ödənilməsi üçün “Azadlıq”a sentyabrın 5-nə qədər vaxt vermək qərarına gəldi və qəzetin çapı mümkün oldu.
Son illərdə müxtəlif təzyiqlər üzündən maliyyə vəziyyəti onsuz da pis olan “Azadlıq”ın durumu qəzetin yayım direktoru Faiq Əmirlinin həbsindən sonra daha da ağırlaşıb. Bunun da başlıca səbəbi qəzetin satışından əldə olunan vəsaitlə bağlı bank əməliyyatları aparılmasının mümkün olmamasıdır. Bu problemin həlli üçün səlahiyyətli şəxs bank əməliyyatları aparmaq səlahiyyəti əldə etməlidir.
“Bu problemin həlli üçün müraciət etdiyimiz dövlət orqanı imza nümunəsini təsdiqləməkdən imtina edir. Bu səbəbdən də redaksiyanın bank hesabındakı vəsaiti əldə etmək imkanımız yoxdur”, – deyə “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.
Belə bir vəziyyət o anlama gəlir ki, bundan sonra “Azadlıq”ın yalnız iki nömrəsi nəşr oluna bilər…
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?