«Azadlıq» qəzetinin redaksiyasına yenidən «Azərbaycan» nəşriyyatı rəhbərliyindən xəbərdarlıq məktubu gəlib. Nəşriyyat qəzetdən borclarını ödəməsini istəyir.
Nəşriyyat rəhbərliyi məktubda bildirir ki, «iyunun 27-dək borc ödənilməsə, qəzetin nəşri dayandırılacaq».
«Azadlıq» qəzetindən deyirlər ki, iyunun 1-nə redaksiyanın 18726 manat borcu var. Həmin borcun 17662 manatı qəzetin çapına, 1064 manat isə kommunal xərclərə görədir.
Qəzet rəhbərliyi bu vəziyyətin yaranmasını «Qasid» dövlət mətbuat yayımı firmasından borclarını ala bilməməsi ilə əlaqələndirir. Yayım firmasının qəzetə azı 70 min manat borclu olduğu bildirilir.
Qəzet rəhbərliyi həmçinin deyir ki, borcun ödənilməməsinin arxasında hakimiyyət durur. Bu yolla qəzeti iqtisadi baxımdan sıxışdırmaq istəyirlər.
«Azadlıq» qəzeti bir neçə dəfə «Qasid» firmasının qarşısında etiraz aksiyası da keçirib. Ancaq bu aksiyaların elə bir effekti olmayıb. «Qasid» firması «Azadlıq» qəzetinə borclu olmasını inkar etmir, ancaq problem də illərdir həllini tapmır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?