Hüquq müdafiəçiləri şimal bölgəsində şikayətçiləri dinləyərkən dəhşətə gəliblər
Dünən Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun üzvləri mətbuat konfransı keçiriblər. İnsan Hüquqları və Qanunçuluğun Müdafiə Bürosunun sədri, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, onlar mətbuat konfransı sosial hüquqlarla bağlıdır: “Bu mövzuya üz tutmağımızın bir sıra səbəbləri var. Son zamanlar daha çox intihar hallarına rast gəlinir. Bizdə bu məqsədlə ölkəmizin şimal regionuna səfər etmişik. əsasən Quba, Xaçmaz və Qusarda olmuşuq. İnsanlarla görüşərək onların dərdlərinə qulaq asmışıq, şikayətlərini qəbul etmişik. Bizə çoxlu sayda şikayətlər daxil olub. Çox güman ki, may ayı ərzində bu şikayətlər üzrə ciddi işləyəcəyik. Bizə daxil olan şikayətlərin əksəriyyəti yerli məmurlarla bağlıdır. Bizə şikayət edən şəxslərin adını açıqlamaq istəmirik, çünki sonradan onlara təzyiqlər edilə bilər. Biz növbəti mərhələdə Zaqatala, Balakən və Qax rayonuna getməyi planlaşdırırıq. Bundan sonra isə cənub regionuna gedəcəyik. Bizim planlarımıza Naxçıvana gedib insanlar görüşməkdə daxildir. Ancaq bunun baş tutub-tutmayacağını deyə bilmərik”.
Səidə Qocamanlı: “12-13 nəfər intihar edib, səbəb işsizlik, məmur özbaşınalığıdır”
S.Qocamanlı əlavə edib ki, intiharlar daha çox sosial problemlərlə əlaqəlidir: “İnsanlar dözmürlər. Çünki işsizlik var, sosial təminat yüksək səviyyədə deyil, məmurlar insanlarla elədə yüksək səviyyədə davranmırlar, süründürməçilik olur. İnsanlarda özlərinin qiymətsiz olduğunu düşünürlər. Bizim ilkin araşdırmalarımız deməyə əsas verir ki, son bir ildə şimal regionunda 12-13 nəfər intihar edib, 5-6 nəfər isə intihara cəhd göstərib”.
Hüquq müdafiəçisi daha sonra əlavə edib ki, onların səfərlərinin sonunda hesabat hazırlayaraq cəmiyyətə açıqlayacaqlar: “Əlbəttə ki, biz tövsiyə də verəcəyik. Amma iş tövsiyədən keçib və iş görmək lazımdır. Prezident İlham Əliyev də iki ay bundan əvvəl keçirdiyi müşavirə zamanı xüsusilə regionlarda məmurların insanlarla nəzakətlə davranmasının vacibliyini bildirdi və məmurlara xəbərdarlıq etdi. Görünən budur ki, belə xəbərdarlıq Xaçmaza gedib çatmayıb”.
Novella Cəfəroğlu: “Adam var ki, kor deyil, amma birinci qrup əlil olaraq təqaüd alır”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə söyləyib ki, onlara Xaçmaz rayonunda bir xanım müraciət edib: “Mən obyektiv səbəblərdən onun adını açıqlamaq istəmirəm. Həmin xanımın 3 və 6 yaşında iki balaca körpəsi var. Üstəlik həyat yoldaşı da psixi xəstədir. Bu xanım sosial yardım almağa gedib. Əvvəl qadından müxtəlif sənədlər istəyiblər, sonra isə ona bildiriblər ki, sosial yardımın ilk 6 ayını onların özləri götürəcəklər, qalan 6 ayını isə ona verəcəklər. Xanımın əri isə təqaüdünü vaxtında ala bilmir. Eləcədə bizə müraciətlərdən sonra bəlli oldu ki, əlilliklə bağlı təqaüdlərin verilməsində də problemlər var. Deyirlər ki, təqaüdün ilk 3 ayını biz götürəcəyik və s. Eləcədə adam var ki, kor deyil, amma birinci qrup əlil olaraq təqaüd alır”. Novella Cəfəroğlu onu da əlavə edib ki, məhz şimal regionuna səfər etmələri və bundan sonra cənuba getmək haqda qərar vermələri təsadüfi deyil: “Bu ərazilərdə daha çox milli azlıqlar yaşayırlar. Əlbəttə ki, Azərbaycanın bütün regionlarında problemlər eyni cürdür və xüsusi fərqlilik yoxdur. Ancaq problemlər Azərbaycanımızın sərvəti olan milli azlıqlara əsas verə bilər ki, məsələləri qaldırsınlar. Üstəlik bu məsələdən istifadə etmək istəyən İran və Rusiya kimi ölkələrdə var”. Hüquq müdafiəçisi onu da bildirib ki, Quba hadisələrinə görə, həbs edilən Habil Əliyev adlı şəxsin ayağı sınıb: “Onu müalicə etsələr də sümüyü birləşməyib və vəziyyəti çox pis durumdadır. Bu adamın qardaşı Rəşid Əliyev müharibədə şəhid olub, özü isə “kantuziya” alıb. Hesab edirəm ki, mayda veriləcək amnistiya aktı əsasında bu şəxs də azadlığa buraxıla bilər.
Səadət Bənəniyarlı: “Sudur kəndinin bir hissəsində mavi yanacaq var, digər hissəsində isə yoxdur”
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı isə əlavə edib ki, Xaçmazın Sudur kəndinin bir hissəsində mavi yanacaq var, digər hissəsində isə yoxdur. Camaat məcbur olub meşələrdən odun qırır. Bu da ekologiyanın pisləşməsi deməkdir. Yaşlı bir xanım sosial yardım üçün müraciət edib, oğlu da xəstədir. Ondan bunun üçün pul istəyiblər. Yerli məmurlar problemləri aradan qaldırmaq əvəzinə çətinləşdirirlər. İnsanların qayğısına qalmaq lazımdır və vacibdir. Prezidentdə çıxışında bu haqda danışdı və məmurlara göstəriş verdi”. Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləri daha sonra qeyd ediblər ki, onlar bu şikayətlərlə bağlı artıq müvafiq dövlət qurumlarına müraciətlər hazırlamağa başlayıblar. Şikayətlərin həll olunması ilə bağlı məsələlər diqqətdə saxlanılacaq. Eləcədə problemlərin həlli ilə əlaqədar olaraq hüquq müdafiəçiləri yerli icra məmurları ilə də görüşüb bu istiqamətdə fikir mübadiləsi aparacaqlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?