Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi və ya siyasi məhbuslar üzrə vəziyyətə görə məsul şəxs vəzifəsinin bərpasına çalışılacaq
AŞPA-nın Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsi üzrə qətnamə qəbul edilməməsi uğursuzluq deyil. Bu barədə çərşənbə axşamı Media Mərkəzdə bir qrup hüquq müdafiəçisinin keçirdiyi mətbuat konfransında deyilib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib ki, Azərbaycan üzrə məruzəçilər Qrex və Arqamuntun hesabatında siyasi məhbuslar məsələsi əksini tapıb. Ştrasserin məruzəsinin qəbul edilməməsinin səbəblərinə gəlincə, səbəblərdən biri AŞPA sessiyasına gələn Azərbaycan hakimiyyətinin və hökumətyönlü təşkilatların lobbiçiliyi olub. Lakin bütün bunlar heç də o demək deyil ki, siyasi məhbuslar məsələsi burada bağlandı. Hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi və ya siyasi məhbuslar üzrə vəziyyətə görə məsul şəxs vəzifəsinin bərpasına çalışacaqlar. “Vətəndaş cəmiyyətinin vəzifəsi bu istiqamətdə işi davam etdirməkdir”, deyə Hüseynov bildirib. Media Hüquqları İnstitutu Rəşid Hacılı mətbuat konfransında telefon vasitəsilə iştirak edib. O qeyd edib ki, AŞPA sessiyasında eyni zamanda iki hesabatın müzakirəsi ümumi vəziyyətə təsir göstərdi. Belə ki, birinci hesabat üzrə qətnamədə Azərbaycanda siyasi müxalifətin fəaliyyəti üçün şərait olmadığı, azad məhkəmələrin olmadığı, siyasi motivlərlə həbs edilənlərin mövcudluğu qeyd edilib. Mətbuat konfransı Norveç İnsan Hüquqları Evi Fondunun filialı olan İnsan Hüquqları Evi ilə birgə keçirilib. İnsan Hüquqları Evinin nümayəndəsi Şəhla İsmayılın sözlərinə görə, Azərbaycanda baş verənlər təmsil etdiyi təşkilatı narahat edir. O qeyd edib ki, İnsan Hüquqları Evi AŞ-da müzakirələrin yekunları və Ştrasserin məruzəsi üzrə Qətnamə qəbul edilməməsi ilə bağlı press-reliz yayıb. Press-relizdə şübhə doğuran bu qərardan təəssüf ifadə olunur, deyə Şəhla İsmayıl bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?