Bakı Metropoliteninin rəisi Tağı Əhmədov mayın 6-da “Media forum” saytının “Azadlıq” qəzeti ilə bağlı sualını cavablandırıb. Tağı Əhmədov “Azadlıq”ı bu qəzetin 8 aprel 2012-ci il sayında çıxmış “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıya görə məhkəməyə verib, qəzetin 200 min manat cərimələnməsini istəyib. Yasamal Rayon Məhkəməsi 2012-ci ilin iyun ayında metropoliten rəisinin yazıdan ciddi mənəvi zərər gördüyü əsası ilə qəzetin üzərinə 30 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarıb. Sonradan iddiaçı tərəflə cavabdeh tərəf arasında 30 min manatlıq cərimənin hissə-hissə ödənilməsi haqda əldə edilib. Mayın 1-də “Azadlıq” qəzeti Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun 5 qəpikləri mənimsəməsi haqda yazısını təkzib edib. Dünən bununla bağlı “Media forum”un sualını cavablandıran Tağı Əhmədov deyib ki, təkzib dərc olunsa da, o, cərimənin ödənilməsindən imtina etmək niyyətində deyil. Saytın “Qəzetlə bağlı hansı güzəştli addımı ata bilərsiniz” sualına Bakı Metropoliteninin rəisi belə cavab verib: “Mən o addımı atmışam. Getsinlər cəriməni 10 ilə ödəsinlər. Aya 300-400 manat düşür. Özü də pulu mənə yox, uşaq evinə ödəyəcəklər. Uşaq evinə də kimsə kömək etməlidir, ya yox?!” “Azadlıq”ın “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazısı ilə böyük səhvə yol verdiyini vurğulayan Tağı Əhmədov bildirib ki, onun cərimənin hissə-hissə ödənilməsindən başqa heç bir güzəştə getməsi mümkün deyil: “Mümkün olan söhbət deyil. Ödəməlidirlər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?