77 yaşlı rayon sakini baş həkim Əlövsət Əliyevdən Zakir Qaralova şikayət etdi
Azərbaycanın səhiyyə sistemi uzun illərdir ki, Oqtay Şirəliyevin nəzarətindədir. Amma əslində nazirin nəzarət dairəsi bir o qədər geniş də deyil. Məsələ burasındadır ki, səhiyyə nazirin çox zaman səhiyyə müəssisələrində heç eşidən də yoxdur. Belə bir xaotik vəziyyətdə isə ölkədə səhiyyə sahəsində ciddi problemlərin olması təbiidir. Məsələn, ölkədə dərman satışı obyektlərinin əsas hissəsi öz fəaliyyəti barədə dolğun informasiya verməyə sadəcə hazır deyil. Başqa sözlə desək, apteklər öz məlumat “qapı”larını alıcıların üzünə açmaqda maraqlı görünmür. İnsan sağlamlığına belə biganəliyi şərtləndirən səbəbləri araşdıraraq tədbirlər görmək əvəzinə Səhiyyə Nazirliyinin müvafiq struktur rəsmiləri kəmiyyət göstəriciləri barədə ara-sıra mətbuata özlərinə sərf edən informasiya sızdırmaqla deyəsən, vəzifələrini bitmiş hesab edir. Bu isə belə qənaətə gəlməyə əsas yaradır ki, Oqtay Şirəliyevi ya eşidən yoxdur, ya da, onun rəhbərlik potensialı necə deyərlər, tükənib
Faktiki olaraq, ölkədə aptek fəaliyyətinin nizama salınmasında müşahidə edilən mənzərə böyük narahatlıqlara əsas verir. Əgər bu narahatlıqlar səhiyyəmizin "prometeyi" Oqtay Şirəliyevin müşahidə dairəsində mikroskopik də olsa sezilmirsə, bundan artığını cənab nazirdən gözləməyə dəyərmi? Dərmanların qiymətlərində nizam yaradılmasını çətinləşdirən bir amil də ölkənin dərman bazarında hökm sürən inhisarçılıqdır.
Bu sahədə mövcud olan problemləri saymaqla qurtarmaz. Lakin biz bir məsələni qeyd etmək istəyirik. O, da bundan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən, bir sıra xəstəliklərdən əziyyət çəkən şəxslər dərmanla pulsuz, daha dəqiqi, dövlət hesabına təmin olunmalıdırlar. Lakin təəssüflər olsun ki, bu məsələdə də vətəndaşlarımızın hüquqları kobud şəkildə pozulur. Səhiyyə və əczaçılıq sistemində çalışanlar özlərini qanundan üstün tutur, qanunvericiliyin bu tələbinə məhəl qoymurlar. “Gündəm Xəbər” qəzetinin redaksiyasına daxil olan növbəti şikayət də elə bu barədədir. Astara rayonu, Məçidməhəllə kənd sakini Orucov Rəfail Əlihəsən oğlu yazır:
“Hörmətli redaksiya! Xahiş edirəm ki, Astara rayon xəstəxanasının baş həkimi Əlövsət Əliyevin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ünvanladığım şikayət məktumu dərc edəsiniz”.
Şikayətçinin Baş Prokuror cənab Zakir Qaralova ünvanladığı şikayət məktubunda deyilir: “Hörmətli Zakir Qaralov, mən Orucov Rəfail Əlihəsən oğlu həyat yoladaşımın və oğlumun şəkər xəstəliyindən əziyyət çəkməsi və Astara rayon xəstəxanasının Baş həkimi Əlövsət Əliyevin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və digər dövlət orqanlarına müraciətlər ünvanlamışam. Müraciətlərimin heç birinə baxılmadı. Şikayətlərimin baxılmamış qalmasından istifadə edən Astara rayon xəstəxanasının baş həkimi Ə.Əliyev məndən şikayət etdiyimə görə qisas almaq qərarına gəldi. O, həyat yoldaşıma dövlət hesabına pulsuz veriləcək dərmanları verməkdən imtina etdi. Əlimdə bir aydan çox imzalanmış və möhürlənmiş reseptin olmasına baxmayaraq, dövlət hesabına pulsuz veriləcək dərmanları Ə.Əliyevin qisasçılığı səbəbindən ala bilmirəm”.
Şikayətçi yazır ki, 14 noyabr 2016-cı il tarixdə oğlu Rəzail Orucov dövlət hesabına pulsuz veriləcək dərmanların verilməməsinin səbəbini xəstəxananın aptekində işləyən Sənubər adlı şəxsdən soruşduqda, o, kobud ifadələr işlədib və “şikayət etməyəydiz, dərmanlarınızı da adam kimi alardız” deyə cavab verib: “Həmin vaxt təzyiqi və şəkəri yüksələn oğlum Rəzailin səhhəti pisləşmişdir. Xəstəxanın Təcili Yardım şöbəsində oğluma ilkin tibbi yardım göstərilmişdir. Öz qanunsuz əməllərini ört-basdır etmək istəyən baş həkim Ə.Əliyev oğlumun güya ki, xəstəxanada səs-küy yaratması barədə akt tərtib etmiş və sənədləri Astara rayon Polis şöbəsinə göndərmişdir. Hörmətli Zakir Qaralov, hal-hazırda Astara rayonunda məmurların qanunsuz əməllərindən şikayət edən vətəndaşları məhkəməyə və ya polisə verirlər. Məsələn, mətbuatdan əldə etdiyim məlumatlara görə Astara rayon sakini Həsənov Rəşad Əlövsət oğlu Astara rayon Təhsil Şöbəsi müdirinin əməllərindən şikayət etdiyi üçün həmin məmur tərəfindən məhkəməyə verilmişdir. Əgər bizim şikayətlər baxımsız qalırsa və sonradan bu cəzasızlıq mühitindən sui-istifadə edən məmurlar bizləri susdurmaq üçün məhkəmə və ya polislə hədələyirlərsə, onda biz öz şikayətlərimizi necə ifadə edək? Mən Azərbaycan Respublikasının vətəndaşıyamsa, məmur özbaşınalığı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və nazirlərinə müraciət etməliyəm. Əgər aidiyyəti üzrə dövlət orqanları şikayətlərimə baxmırsa, mən və digər vətəndaşlarda inamsızlıq və ümidsizlik hissi formalaşır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Prezidentinə inamım sonsuzdur. İnanıram ki, tezliklə Prezidentimiz tərəfindən məmur özbaşınalığına son qoyulacaqdır. Mənim 77 yaşım var. Əgər Ə.Əliyev kimi bir məmur şikayət etdiyim üçün məndən qisas alırsa, onda vay digər vətəndaşların halına. Xahiş edirəm, Astara rayon xəstəxanasındakı bu haqsızlıqların öz rəhbərliyiniz altında araşdırılmasını təmin edəsiniz”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?