Ümid ilin sonuna qalıb Tələbə Maliyyə Büdcəsinə vəsait ayrılmadığı üçün universitet tələbələri noyabrın təqaüdünü ala bilməyib
Artıq bir neçə gündür ki, təqaüdlərin ödənilməsində gecikmə var. 10 min tələbənin təqaüd aldığı Bakı Dövlət Universitetinə də vəsait yatırılmayıb. BDU-nun mətbuat xidmətindən verilən məlumata görə, hər ayın 9-adək maddi vəsait universitetin bazasına yüklənib. Lakin bu ay noyabrın vəsaiti yüklənməyib: “Təhsil Nazirliyindən bildirilib ki, artıq hesabat hazırlanıb, bu həftənin sonunda vəsait yatırılacaq. Tələbələr isə növbəti həftə təqaüdlərini ala biləcəklər”. Azərbaycan Dövlət Pedoqoji Universitetinin mətbuat katibi Mansur İbrahimovun sözlərinə görə, tələbələr üçün nəzərdə tutulan maddi vəsaitin bir hissəsi, yəni 60 faizi ayrılıb.
Bu gündən etibarən bu təqaüdlər veriləcək. Növbəti həftə isə təqaüd ala bilməyən digər tələbələrə vəsait ödəniləcək. Azərbaycan Dövlət İqtisad Universitetindən isə məlumat təkzib edilib. Universitetin mətbuat xidmətindən deyilib ki, tələbələr təqaüdlərini vaxtı-vaxtında alır, heç bir gecikmə yoxdur. Azərbaycan Dövlət Tibb Universitetindən bildirilib ki, ilin sonuna 2 ayın təqaüdü birgə veriləcək.
Qeyd edək ki, hər ay ən geci 10-u tarixində universitetlərin Tələbə Maliyyə Büdcəsinə vəsait yatırılmalıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?