Yaxud nazir və komitə sədri nədən İmişli mafiyası ilə bacara bilmədi?
Əsabil Qasımovla Yevda Abramovu müqayisə edəndə, üstünlüyü müsəlmana yox, yəhudi əsilli deputata verərdim.
Qəzetimizin ötən saylarından birində “İmişlidən olan milyonçuların keçmişi və bu günü”, “Əsabil Qasımov ona mandat verənlərə, salamı belə çox gördü və müharibə qazisini qovdu!”başlıqlı yazılar dərc olunmuşdu. Həmin yazılarda bildirilirdi ki, 7 sentyabr 2016-cı ildə İmişliyə gələn deputat Əsabil Qasımov könüllü Qarabağ döyüşçüsü, Heydər Əliyevin çağırışı ilə 16 oktyabr 1993-cü il döyüşə gedən Quliyev İsa Arif oğlu ilə kobud davranıb. Belə ki, Qarabağ qazisi deputata yaxınlaşmaq istədikdə, Əsabil Qasımov əli ilə onun uzaqlaşmasını tələb etmişdi.
Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşən İsa Quliyevin azyaşlı, məktəbə hazırlaşan iki övladı var. Onun həyat yoldaşı müəllimə olsa da, bu günə qədər işsizdir. Özü isə müharibə zamanı əmək qabiliyyətini itirib. Daha dəqiqi, İsa bəyin bədəninin bir hissəsi iflicdir. O, atəşkəs sazişi bağlanana qədər Azərbaycan ordusu sıralarında xidmət edib. Lakin hazırda Qarabağ qazisinin günü-güzəranı yoxdur.
Bir həftə əvvəl İsa bəy Bakıya - Əsabil Qasımovun qəbuluna da gedib. Məqsədi isə azyaşlı övladlarının təhsil alması ilə bağlı olub. Onun övladlarını məktəbə yola salmağa imkanı yoxdur. Qarabağ qazisi məhz bu məsələdə kömək göstərməsi üçün deputatla görüşüb. Özündənrazı Əsabil Qasımov isə qaziyə kinayə ilə “Sənin biləyin mənimkindən iki dəfə yoğundur, utanmırsan, məndən yardım istəyirsən?”-deyib.
Qarabağ qazisi deyir ki, hazırda o, ərizə ilə səfirlərə müraciət etmək fikrindədir. Belə ki, İsa bəy bu haqsızlıqlara dözməyərək ölkədən getmək fikrindədir: “Mən bu vətən üçün döyüşdüm, Əsabillər isə, milyarder oldu. Vətən mənə oğul demirsə, deputat təyin olunan şəxs mənə həqarətlə baxırsa, artıq bu vətən mənim deyil. Bu vətəndə övladlarımın qarşısında xəcalətli qalmaq istəmirəm”.
Bu haqsızlıqlara dözməyən İsa Quliyev ötən il dekabrın 2-də hamının gözü qarşısında Təhsil şöbəsinin binası qarşısında arxası üstə asfalta yıxıldı. Bu sətirlərin müəllifi tez ona yaxınlaşaraq, ətrafdakıları köməyə çağırdı. Hadisə yerinə təcili yardım gətirildi. İsa bəyin rəngi kağız kimi ağarmış, təzyiqi düşmüşdü. O, ancaq bu sözləri deyə bildi: “Müəllim, yaşamaq istəmirəm. Mən çəkdiyim əziyyətləri mafiyaya halal etmirəm. Ölürəm, mənə heç kim kömək etmədi. Qürurlu idim deyə veteran biletini, əlillik haqqını da istəmədim. Üç min manat borcum var. Məhkəmə icraçıları 2 gündən bir məni boğaza yığıblar, uşaqlarımın qarşısında xəciləm”. Təcili yardım Qarabağ qazisini xəstəxanaya götürdü. Əks halda o, yaşamayacaqdı.
3 gün sonra İsa bəy evinə getməyi tələb etdi, iki gün sonra isə dünyasını dəyişdi. 41 yaşlı Qarabağ qazisi, Əsabil Qasımovun özünün dediyi kimi, pələng biləkli, iri gövdəli bir vətən oğlu Əsabillər, Aslan Manfov, Şükür Aslanov, İmişlinin və ölkənin sərvətini dağıdıb, talan edənlərin hamısından kömək istəsə də, ona kömək etmədilər, həqarət etdilər.
Adını çəkdiyim şəxslər neçə ildir İmişlini talan edirlər, amma bir Qarabağ qazisinə kömək etmədilər. Bunlardan biri - Aslan Manfov 14 hektar ərazinin 1 kvadrat metrini 20 qəpiyə özəlləşdirdi. Özü də həmin ərazi Mərkəzi Rayon Xəstəxanasının qarşısındakı Mədəniyyət İdarəsinin balansında idi. Həmin ərazidə “Qırmızı Kitab”a düşən 1000 ədədə yaxın Eldar şamı vardı. O, şam ağaclarının qabıqlarını soyaraq, dibinə neft tökdürərək qurutdu. Quurumayan 611 ədəd ağacı isə 2011-ci ildə gecə ilə kəsib, öz kəndinə - Bəcrəvana daşıtdırdı. Parkın ərazisini isə sotunu 3000 manatdan satdı. Artıq həmin ərazidə 8 evin tikintisi başladılıb. Bütün bunlar barədə park satılanda - 2006-cı ildə rayon ziyalıları, jurnalistlər dəfələrlə şikayıt etdilər. Şəxsən bəndəniz 10 ildir bu barədə yazsa da, heç bir tədbir görülmədi. Oradakı ağacların çoxunu avtoritetlər, eləcə də mərhum Qarabağ qazisi İsa bəyin avtoritet dayısı “Quzu” Akif əkmişdi. Parkın müdüri də avtoritet “At Vidadi” idi. Oi, park satılanda çox şikayət etdi, şikayətlərinə baxan olmadı. Ürəyi dözməyən Vidadi dünyasını dəyişdi. Aslan Manafov Vidadi dünyasını dəyişəndən sonra ağacların qabığını soydurur, dibinə neft tökdürdü. Vidadi sağ olanda gecə ağacları hissə-hissə kəsib aparanların dərsini vermişdi. Onun ölümü ilə park tam ələ keçirildi.
Onu da qeyd edim ki, hətta Torpaq Komitəsinin rəhbəri olmuş Qərib Məmmədov, eləcə də Ekologiya naziri Hüsry Bağırov işi dayandırmaq istədilər. Qərib Məmmədov Apellyasiyaya şikayət Verdi. Bundan sonra İmişli rayon prokurorluğunda cinayət işi başlansa da, istintaq dayandırıldı. Hətta keçmiş başçı Ə. Ağayevi də istintaqa çağırdılar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktorunun müavini F.Məmmədov 30.07.2010-cu il N17-02/1042 saylı cavab məktubunda yazmışdı: “Ərizənizə baxılıb. Bildiririk ki, ərizənizdə göstərilən istirahət və mədəniyyət parkında olan ağacların qorunub, mühafizə olunması İmişli şəhər bələdiyyəsinə tapşırılmışdır. Parkın yerinini dəyişdirilməsi və ayrı-ayrı adamlara satılması barədə verilmiş Sərəncam və Qərarın ləğv edilməsi üçün İmişli RİHB və İmişli bələdiyyəsinə rəsmi müraciət edilmişdir.”
Hörmətli Hüseyn Bağırov babanız Mircəfər Bağırov sağ olsa idi, o vaxtki başçını və bələdiyyə sədrini güllələtmişdi. Amma sizin əməkdaşlarınız böyük “xələt” və şirinlik müqabilində sizing tapşırığı icra etmədilər. Parkda isə hazırda 8 ev tikilir. Parkın qalan hissəsini yulğun basıb, kənarları isə 3 metr hasarlanıb, orada torpaq alanlar hələ ki lazımı sənədləri ala bilməyiblar. Amma həqiqəti FHN bizə 01.11.2016-cı il N37/41-09694 saylı məktubu ilə açıb: “19.09.2016-cı il tarixli müraciətinizə agentlikdə baxılıb. Məlum oldu ki, FHN-ə ünvanladığınız ərizənizdə göstərildiyi kimi D.Ə.D.R.X. tərəfindən 04.08.2016-cı il, RX-seriyalı 0886.172 nömrəli çixarışa əsasən, həmin ərazidə 0,2560 ha torpaq sahəsi şəhər sakini Bəşirov Adıgözəlin xüsusi mülkiyyətinə verilib, RİH-nin memarlıq şöbəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında A.Bəşirov 2 mərtəbəli, fərdi yaşayış evinin tikintisinə başlamışdı. Aidiyyatı orqanlara müraciət etməyiniz məqsədəuyğundur. Agentliyin rəis müavini Təyyar Hüseynli.”
Əmlak Məsələləri Dövlət Komitəsi isə 11.10.2016-cı il N169120807285 saylı məktubda İmişli RİH-ə və Məhbub Zülfüqarlıya bildirib: “İmişli rayon ərazisində yerləşən dövlət fondu torpaqlarının, eləcə də, parkların təyinatının özbaşına dəyişdirilərək, başqa məqsədlər üçün istifadə olunması barədə müraciətiniz daxil olmuşdur. Prezidentin, 06 iyul 2012 tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İH haqqında Əsasnamənin 4.16.3-cü yarımbəndinin tələblərinə müvafiq araşdırılması, nəticəsi barədə vətəndaşa və komitəyə məlumat verilməsi xahiş olunur. Qoşma: ərizə 8 vərəq. Sədr Müavini Rafiq Cəlilov”.
Hörmətli Kərəm Həsənov! 17.12.2016-cı il İmişlidə vətəndaşları qəbul etmisiniz. Bəs park barədə maraqlandınızmı?
Cənab K.Həsənovun komitəsinin paxırını isə FHN 01.11.2016-cı il tarixli məktubu ilə açır. Parkın ərazisinin satılmasını D.Ə.D.R.X. tərəfindən verilmiş 04.08.2016-cı il tarixli R.X.-seriyalı 0886172 nömrəli çıxarış həll edib. Yəni, parkı torpaq komitəsi sədri Q. Məmmədov apellyasiya şikayəti ilə bərpa etmək istədikdə, özü ixtisara düşüb, məsələni isə, Ə.M.D.K. həll edib, 10 illik yazışmaların, şikayətçilərin arxasını, kürəyini xəncərləyib. İmişliyə gələn Kərəm müəllim çox insanlara vəd verib. Vəd alanlara isə deyirik ki, 10 illik yazışmalara, ən aşağısı 2000 dollar xərc çəkilib. Torpaq komitəsi prezidentin etimadını doğrultmaq istəyib, Qərib müəllimi qərib qoyublar.
Qayıdaq mərhum Qarabağ qazisi İsa Arif oğlunu bu dünyadan xar etmişlərə. Əsabil Qasımovun himayəçiliyi ilə Aslan Manfov bildiyini edib və indi də edir. Bir insanın əsl zənginliyi etdiyi yaxşılıqlardır ki, İmişli oliqarxları yaxşılıq etmək hissindən məhrumdurlar, pislik etməyə kökləniblər. Məmurların məcbur olub etdikləri vəzifə borcudur, məcbur etməsən, idarələri, məhkəmə və polisi özlərinə işlədər, necə ki, işlədirlər.
Bizim sahibkarlarda paylaşmaq, bölüşmək duyğusu yoxdur. Müsəlman olsalar da, qəlblərində xeyirxahlıq, Allah xofu yoxdur. Qazi İsa Quliyevin ölümü bunu göstərdi. Erməniləri sevindirdilər. Həmişə yazmışam ki, ictimai yükü olmayan xüsusi mülkiyyət istismarçıdır. Ona görə də gəncliyimiz, ayağı yer tutan mühacirəti seçir. Mərhum qazi İsa bəy 100 manat yol pulu tapmadığına görə iki azyaşlını gözüyaşlı taleyin ümüdünə buraxdı. 12.01.2017-ci il qazi İsa bəyin “qırx” mərasimi oldu. David Rikardo deyirdi: “Fransa, burjuaziya inqilabından bir əsr geri düşdü, beyin mərkəzlərinin, tacirlərin ölkədən getməsi, onların getdiyi ölkələrə qazanc verdi.” Bu ölkəni 20 yanvar 1990, 04 iyun 1993, 13-17 mart 1995-ci il qiyamları 50 il geri atdı. Hamısının başında rus, fars, erməni dayanırdı, kəşfiyyat dayanırdı. Ölkəni qurtaran isə qeyri-zoraki müxaliflər və H.Əliyev,ona inamı olan xalq oldu. Varlaşmış, harın zümrə isə bulanıq suda balıq arzulayır. Biz xammal ölkəsindən, sənaye, zavod, fabriklər, emal ölkəsinə dönməliyik. Mafiya inqilablardan istifadə edib, ölkənin sovetdən qalma 60 milyard dollarlıq zavod, fabriklərini özəlləşdirdi. Hazırda belələrini ulu öndərin 1994-cü il müşavirədə dediyi “qıl körpüsündən” cənab prezident İ. Əliyev keçirir. “Rus fırtınalarına, çovğunlarına” tuş gələn və hamısını siyasətlə neytrallaşdıran Heydər Əliyev bütün xaosları qabaqladı, müstəqil dövlət qurdu.
Mafiozun vətəni, xalqı, dövləti olmur. Mafioz marağı olur. Deputat Yevda Abramov Qubanın problemindən danışanda, Əsabil Qasımovun xəyalı un kisələrində, Bakıdakı və xaricdəki kapitalında olur.
Sonda bir məsələni qeyd etmək istəyirəm. İnanırıq ki, 2005-ci ilin yanvarıbdakeçmiş başçı Ə.Ağayevin qanuna zidd sərəncamı ilə parkların köçürülməsi və satılması barədə sərəncamı ləğv olunacaq, MRX qarşısındakı park vətəndaşların istifadəsinə veriləcək, parkda tikilən evlər ləğv ediləcək və Aslan Manafova həmin parkda ağaclar əkdiriləcək.
Məhbub Zülfüqarlı, müstəqil jurnalist, Ahıl Ziyalılara Qayğı İB-nin heyət üzvü
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?