...Bu göl aralıdan tərtəmiz və şəffaf görünür, hətta düşünmək olar ki, belə bir gölün ətrafında restoran, istirahət mərkəzləri tikərək yaxşıca qazanmaq olardı. Hətta deyəsən, bu ideya daha əvvəl kiminsə ağlından keçib. Çünki gölün düz sahilində yarımçıq 3 mərtəbəli tikili vaxtilə restoran üçün nəzərdə tutulubmuş. Lakin gölə yaxınlaşanda üfunət iyindən nəfəs almaq olmur və əvvəlki təəsüratımızın necə aldadıcı olduğu dərhal üz çıxır.
Söhbət Abşeron rayonunda yerləşən Xocahəsən gölündən gedir. Gölün həm sahili, həm içi hər cür zir-zibillə, tullantılarla doludur. Ətrafdan kanalizasiya suları da bu gölə axır.
Virtualaz.org daha əvvəl Bakının ekoloji problemlərini işıqlandırarkən Lökbatan və digər təhlükə mənbəyi olan göllərlə bağlı araşdırma aparıb. Əslində çirkab yığını və radiasiya mənbəyi olan bu göllərin təmizlənməsi üçün prezident İlham Əliyev “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı imzalayıb. Proqrama uyğun olaraq Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulurdu. Bu proqram çərçivəsində Xocahəsən gölünün də təmizlənməsinə başlanılıb. Ancaq çox keçmədən işlər yarımçıq dayandırılıb.
Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, gölün onsuz da bataqlıq olan sahilinə yağışlı havada ümumiyyətlə, yaxınlaşmaq mümkün deyil. Xocahəsən qəsəbəsinin kanalizasiya suları ilə yanaşı Yasamal rayonunun da bir hissəsinin kanalizasiyası bu gölə axır. Bu azmış kimi, hələ də gölün ətrafına yük maşınları ilə tullantılar boşaldılır. Düz gölün sahilində 100-dən çox ev, müxtəlif zavod və sexlər yerləşir. Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl bu gölün təmizlənəcəyini və ətrafında park salınacağını desələr də, bu elə arzu olaraq qaldı.
“Mən 5-6 ildir burada yaşayıram. Bu göl elə o vaxtdan belə zir-zibilin içində idi. Heç nə dəyişməyib. Bir dəfə istədilər təmizləsinlər, amma suyun içərisi armaturlarla dolu idi. Axı əvvəllər neft buruqları olub, sonradan yerinə su yığılıb göl olub. Gördülər ki, təmizləmək mümkün deyil, işi dayandırdılar. Deyirlər burada yaşamaq təhlükəlidir, başqa çarəmiz yoxdur, kim çirkabın içində yaşamaq istəyər ki?!”, - deyə qəsəbə sakini Hamlet Hüseynov deyir.
Sakinlərdən öyrəndik ki, bu ətrafda balıq tutanlar olmasa da, çimmək üçün gölə gəlib boğulanlar az deyil. “Yayda gölün “Meyvəli” bazarına yaxın hissəsində çimənlər olur. Dəfələrlə orada suda boğulanların şahidi olmuşuq. Keçən yayda da bir uşaq az qalmışdı boğulsun, sexdəki fəhlələr gedib çıxardılar”, - deyə sakinlər bildirirlər.
Xocahəsən gölünə aparan kanalizasiya boruları
Ayaqlarımız yarıya qədər palçığa batdığından gölün sahilinə yaxınlaşmaq mümkün olmadı. Amma çirkab və üfunət iyi aralıdan da adamı vurur. Qəsəbədən gələn kanalizasiya borularından gölə mütəmadi olaraq çirkab tökülür. Kanalizasiya tullantıları ilə yanaşı bu göldə və ətrafında hər cür tullantıya rast gəlmək olar. Hərçənd ki, bu cür “ekoloji təmiz” şəraitdə gölün ətrafında vurnuxub özlərinə ot axtaran inəklərə də rast gəldik...
Burada yaşamaq təhlükəlidir – ekoloqlardan həyəcan siqnalı
Qeyd edək ki, ekoloqlar Binə və Sədərək ticarət mərkəzlərinin ətrafında olan gölməçələrin neft rezervuarlardan sızan su hesabına yarandığını deyirlər. Burada nəinki çimmək, ümumiyyətlə, bu ətrafda yaşamaq və işləmək də çox təhlükəli sayılır. Ekoloqların sözlərinə görə, bu zona radiasiya zonası olduğundan ərazidə həmişə uran və radon qazı var.Güclü şüalanma zonası olduğundan yaxınlıqda yaşayanların həyatı daim təhlükə altındadır.
Göldən uzaqlaşmaq istəyirdik ki, zibillərin əhatəsində üzərinə “Kislorod emalı” yazılmış sex gözümüzə sataşır. Çirkab və radiasiya mənbəyi olan gölün 10 metrliyində kimlərsə oksigen emal edirdi...
Sorğu
Yeni dizaynımız necədir?