Zərərçəkmiş: “Bir Vüsal Ələkbərov, bir də onun rəhbəri Eldar Mahmudov düz danışır”
Zərərçəkmişlərə Vüsal Ələkbərovun arasında qarşılıqlı mübahisəni hakim sakitləşdirməyə çalışdı
Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işi üzrə şahid qismində tanınan “Texnikabank” ASC-nin idarə heyətinin sədri Etibar Əliyevin Azərbaycanda olmadığını, bazar günü Türkiyədən gələcəyi məlum olub. Şahidlərin kimliyini müəyyən edəndən spnra zərərçəkmiş iş adamı Elşən Mədətovun epizodu üzrə dinləmələr olub. “Texnikabank” ASC-nin “Bakı” filialında 673 min avrosu batıb. Bankın rəhbər şəxslərinin barəsində cinayət işi başlanandan sonra Elşən Mədətov 2008-ci ildə MTN-ə çağırılıb və onu həbs etməklə hədələyərək 250 min dollar alıblar.
“Maddi köməklik etməyimi istədi”
Şahid qismində ifadə verən Kələş Qafarov bildirib ki, kürəkəni Elşən Mədətovla tez-tez görüşüblər, söhbət ediblər: “2008-ci ildə Elşənlə söhbət edən zaman onun vəziyyətinin ağır olduğunu, bank məsələsi ilə bağlı incidildiyini, ona pul lazım olduğunu bildirdi. Elşənənin vəziyyəti yaxşı idi, onu bu məlum hadisələrdən sonra pis vəziyyətə saldılar. Mənimlə söhbət zamanı dedi ki, MTN-də
narahat edirlər, pul tələb edirlər. Həmin vaxt bu işlərdə ona maddi köməklik etməyimi istədi”.
Kələş Qafarov qeyd edib ki, oktyabr ayında kürəkəninə 5 min dollar, noyabr ayında isə yenə də 10 min dollar, ümumilikdə 15 min dollar verib: “Elşənin həmin pulu kimə verməsindən, xəbərim olmayıb. Kürəkənimə dedim ki, bu pulu niyə veribsən? Dedi ki, məni həbs edəcəkdilər, elə fikirləşim ki, pay vermişəm. Bu soyğunçuluqdur, var-dövlətini əlindən aldılar. Bu qədər də pay olar? Belə hərəkətləri ilə kürəkənimi pis vəziyyətə salıblar. Ona hədə-qorxu gəliblər. Bütün pulunu ələ keçiriblər. “Texnikabank”da kürəkənim Elşən Mədətovun pulunu batmasını sonradan bilmişəm. Digər kürəkənim Mehrac Qurbanovu da eyni vəziyyətə salıblar”.
Daha sonra şahidin ifadəsində ziddiyyətlər olduğu iddia edilib. Təqsirləndirilən şəxsin vəkilləri qeyd edib ki, şahid məhkəmə ifadəsində Elşən Mədətova 15 min dollar verib. Bu ziddiyyətlə bağlı Kələş Qafarovun istintaqa verdiyi ifadəsi elan edilib. Məlum olub ki, Kələş Qafarov istintaqa verdiyi ifadəsində 2008-ci ilin oktyabr ayında 5 min manat, noyabr ayının ortalarında isə yenə də 5 min manat verib.
“Mənə yenə də pul lazım oldu”
Ziddiyyətli ifadəsi ilə bağlı şahid qeyd edib ki, həmin dövr də dolların məzənnəsi aşağı olub və bu səbəbdən manatı dollara çevirəndə ümumilikdə 15 min dollar olub. O, qeyd edib ki, evdə olan milli valyuta ilə pulu verib, həmin pulu isə dollara çevirərək MTN-də olan şəxsə verilib.
Daha sonra vəkillər qeyd ediblər ki, zərərçəkmiş Elşən Mədətov ifadəsində qayınatasından 20 min dollar aldığını göstərib. Bu ziddiyyətli ifadəyə Elşən Mədətovun özü aydınlıq gətirib: “Həmin ərəfədə mənə yenə də pul lazım oldu. Ona görə də qayınatam verdiyi puldan əlavə qayınanamdan da pul almışdım. İstintaqda qayınanamın adını çəkmədim. Səbəb isə onun istintaqa çağırılaraq dindirilməsini istəmədim”.
“Heç kimin hüquqları pozulmur”
Bu zaman Elşən Mədətovla təqsirləndirilən şəxsin vəkilləri arasında mübahisə yaranıb. Mübahisə səbəb vəkillərin şahidə əsası olmayan sualların verməsi olub. Bu zaman tərəfləri sakitləşdirən hakim həm zərərçəkmişi, həm də vəkilləri təmkinli olmağa çağırıb.
Bu zaman hakimdən söz alan Vüsal Ələkbərov hüquqlarının pozulduğunu iddia edib. O, çıxışı zamanı hakimin onu yox, zərərçəkmişləri müdafiə etməkdə suçlayıb. Hakim isə bildirib ki, obyektiv məhkəmə araşdırması aparılır və burada heç kimin hüquqları pozulmur.
“Cinayətkardır, rüşvətxordur”
Digər zərərçəkmiş Hüseyn Səfərov qeyd edib ki, vaxtı ilə Vüsal Ələkbərov başqalarının hüquqlarını pozub: “Vaxt var idi ki, Vüsal Ələkbərov min bir oyundan çıxırdı. Zal Yusifovun (“Texnikabank” ASC-nin “Bakı” filialının sabiq müdiri olub və hazırda həbsxanada cəza çəkir) başını əli ilə tutaraq stola dirəyirdi ki, cinayəti boynuna al, etiraf elə. Vüsal Ələkbərov bu yolla saxlanılan şəxslərdən ifadə alırdı, öz xeyrinə ifadə verməyə məcbur edirdi. Yalan ifadələr əldə edirdi. Vüsal Ələkbərov belə
müstəntiq olub. Bu şəxsin əməllərindən şikayət etmişəm, prezidentə teleqram vurmuşam. Sərhəd qoşunlarının bankda olan pulunu mənimsəyib. Bununla bağlı artıq araşdırma aparılır. Vüsal Ələkbərov dövlətin pulunu mənimsəyib. O, cinayətkardır, rüşvətxordur. Bunun başqa adı yoxdur”.
“10 min manat qardaşıma verdim”
Daha sonra prosesdə zərərçəkmiş iş adamı Mehrac Qurbanovun epizodu üzrə şahidlər dindirilib. Məlumat üçün bildirək ki, Mehrac Qurbanovun “Texnikabank” ASC-nin “Bakı” filialında 623 min avrosu batıb. Bundan sonra MTN-nin vəzifəli şəxsləri tərəfindən ona hədə-qorxu gəliblər və həbs edilməməsi üçün 200 min dollarını alıblar.
Şahid qismində ifadə verən Hüseyn Qurbanov bildirib ki, zərərçəkmiş Mehrac Qurbanov onun qardaşıdır: “2008-ci ilin oktyabr-noyabr aylarında qardaşıma pul lazım olduğunu mənə dedi. O, deyirdi ki, işim dolaşıb, istintaqla bağlı MTN-ə çağırılır. Bunun üçün ona pul lazımdır. Məndə evdə olan 10 min manatımı qardaşıma verdim. O, həmin pulu kimə verməsini bilməmişəm. Amma bildim ki, pulu həbs edilməməsi üçün MTN-də kiməsə verib”.
“Eşitmişdim ki, işə düşüb, pul lazımdır”
Sonra şahid qismində ifadə verən İsmayıl Əhmədov qeyd edib ki, Sabirabad rayonunun Həşimxanlı kəndində yaşayır: “Hökumət bizə pay torpağı verib. Həmin pay torpağında yonca əkirik, heyvandarlıqla məşğul oluruq. 2008-ci ilin təxminən oktyabr-noyabr aylarında eşitdim ki, Mehrac şəxsi fermasında olan mal-
qaraları satır. Mənim də 3 min manatım var idi. Həmin pula Mehrac Qurbanovdan 30 baş qoyun aldım. Həmin vaxt eşitmişdim ki, Mehrac işə düşüb, buna görə də ona pul lazımdır”.
Vüsal Ələkbərov prokurora etirazını bildirib. Deyib ki, prokuror şahidlərin əvəzində məhkəmədə ifadə verir. O, həmçinin növbəti prosesdə hakimə də etiraz edəcəyini də açıqlayıb.
Məhkəməyə gələn şahidlərin dindirilməsi başa çatandan sonra Vüsal Ələkbərov bir neçə vəsatətlə çıxış edib. O, bildirib ki, Səbail rayon Məhkəməsi tərəfindən barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçilib. Vüsal Ələkbərov vəsatətində barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa alternativ qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
“Övladlarımın mənə ehtiyacı olduqca böyükdür”
Ali təhsilli hüquqşünas olduğunu deyən Vüsal Ələkbərov uzun illər məhkəmə və hüquq-mühafizə orqanlarında çalışdığını qeyd edib: “Buna görə də məhkəmənin çağırışlarından yayınmağın nə ilə başa çatacağını çox yaxşı bilirəm. Cinayət proesini həyata keçirən orqandan gizlənmək, işdə adı keçən şəxslərə təsir göstərmək, iş üçün əhəmiyyətli olan sənədləri saxtalaşdırmağa imkanına malik deyiləm. Həmçinin məhkəmənin də işinə maneə olmaq imkanım da yoxdur. Cəmiyyət üçün də təhlükəli cinayət törətməmişəm. Məhkəmənin də çağırışlarına vaxtında gələcəm. Eyni zamanda səhhətim yaxşı deyil, həmçinin iki azyaşlı uşağım var. Onların mənə ehtiyacı olduqca böyükdür. Bu səbəbləri əsas gətirərək, barəmdə seçilmiş qanunsuz həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edirəm”.
Dövlət ittihamçısı Vüqar Quliyev qeyd edib ki, təqsirləndirilən şəxs belə vəsatətlə əvvəlki proseslərdə bir neçə dəfə çıxış edib: “Bu onun hüquqdur, istənilən vaxt vəsatət verə bilər. Buna görə ona hər hansı məhdudduyyət qoyulmayıb. Amma vəsatət əsassızdır, buna görə də rədd edilməsini istəyirik”.
“Məhkəmədə komediya qurur”
Zərərçəkmişlər də vəsatətin təmin edilməməsini istəyib. Zərərçəkmiş Hüseyn Səfərov qeyd edib ki, Vüsal Ələkbərovun səhhətində heç bir problem yoxdur: “Mən özüm xəstəyəm, buna baxmayaraq məhkəməyə gəlirəm. Iki gün əvvəl gözümdən əməliyyat olunmuşam, amma məhkəməyə gəlirəm. Burada nəticə olmasını gözləyirəm. Amma Vüsal Ələkbərov məhkəmədə komediya qurur. Heç bir vəsatətinin təmin olunmamasını istəyirik”.
Tərəfləri dinləyən hakimlər vəsatətin təmin edilməməsi barədə qərar qəbul edib. Sonra Vüsal Ələkbərov növbəti vəsatətlə çıxış edib. O, bildirib ki, 2008-ci ildə 14 nəfər Hüseyn Səfərovla bağlı MTN-ə şikayət ediblər. Onun sözlərinə görə, həmin şəxslərin ziyanını Hüseyn Səfərovun həyat yoldaşı Natiqə Hüseynova ödəyib: “Bu səbəbdən onun barəsində olan cinayət işinə xitram verilib. Mənimlə bağlı araşdırma aparılarkən 14 nəfərdən yalnız 6 nəfəri istintaq tərəfindən dindirilib. Həmin şəxslərdə Hüseyn Səfərovun həyat yoldaşı, qızları, kürəkəni və digər qohumlarıdır”.
Vüsal Ələkbərov digər 8 nəfərin də məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Bildirib ki, həmin 8 nəfərin ev ünvanları 613 saylı cinayət işində var.
“Özünü dəliliyə qoyub...”
Prokuror bildirib ki, Vüsal Ələkbərovun vəsatətin əsası yoxdur: “İstintaq orqanı Hüseyn Səfərovun epizodu ilə bağlı 6 nəfəri dindirib və belə nəticəyə gəlib ki, bu ifadələrlə Vüsal Ələkbərova ittiham verilməsi kifayət edər. Vüsal Ələkbərovun sadaladığı 6 nəfərdən biri Azər Hüseynovdur. Onu da məhkəmədə dindirdik. O, ifadəsində Hüseyn Səfərovun qohumu olmadığını deyib. Belə olan halda Vüsal Ələkbərovun iddiasının əsassız olduğu nəticəsinə gəlmək olar. Buna görə də vəsatət təmin edilməsin”.
Hüseyn Səfərov qeyd edib ki, Vüsal Ələkbərov yalandan ifadə verir: “Vüsal Ələkbərov həbs olunan zaman türmədə başını divara vururdu, özünü dəliliyə qoyurdu. İndi yenə də tutması tutub, özünü dəliliyə qoyub...”.
Bu zaman Vüsal Ələkbərov zərərçəkmişin sözünü kəsib və onu təhqir etməməsini istəyib. Hüseyn Səfərov isə ona mübarizəni kişi kimi aparmağı məsləhət bilib. Vüsal Ələkbərov isə deyib ki, mübarizəni kişi kimi aparır.
“Bunlar Vüsal Ələkbərovun qurduğu oyundur”
Onların mübahisəsini hakim sakitləşdirməyə çalışıb. Ara sakitləşəndən sonra Hüseyn Səfərov deyib ki, Vüsal Ələkbərov ona qızlarını üzünə durmağa məcbur edib: “Bütün bunlar Vüsal Ələkbərovun qurduğu oyundur. Mən qızlarıma niyə pul verməliyəm?”.
Vüsal Ələkbərov iddia edib ki, Hüseyn Səfərovun qızlarının ailəsi olub və onlar şikayətçi olublar: “Həyat yoldaşı da qızlarına olan
borcu Hüseyn Səfərovun həyat yoldaşı ödəyib, bundan sonra Hüseyn Səfərov azadlığa çıxıb”.
Təqsirləndirilən şəxs hakimi işi obyektiv aparmamaqda suçlayıb. Bu zaman çıxış edən zərərçəkmiş Namil Rzayev qeyd edib ki, məhkəmə prosesi obyektiv keçirilir: “MTN-də bizim pullarımızı mənimsədilər. İllərlə bankın balansında olan vəsaitlərimiz bir günə silindi. Sonuncu prosesdə Zal Yusifov da ifadəsində bildirdi ki, sənədləri qorxusundan maşınında gəzidirdi, həmin sənədləri də Vüsal Ələkbərova verib. Hüseyn Səfərovun qızlarından pul alması MTN-də düzülüb-qoşulub”.
“Bizə dəymiş ziyanını ödənilməsini istəyirik”
Hüseyn Səfərov isə qeyd edib ki, bütün bunlar həbs edilməsi üçün Vüsal Ələkbərov tərəfindən qurulan hiylə olub: “Vüsal Ələkbərov yatıb yuxu görür, yuxudan oyananda vəsatət verir. Biz zərərçəkmişik, bizə dəymiş ziyanını ödənilməsini istəyirik. Həmin şahidləri Vüsal Ələkbərovun özü MTN-ə çağırıb. Mən heç onları tanımıram. Mənim onlarla əlaqə qurmağıma belə imkanım olmayıb. Həmin vaxt ailəmdə ağır vəziyyətdə idi. Vüsal Ələkbərov tarixdə görünməmiş cinayət törədib, indi də cəzasını çəkir”.
“1 il 6 aydır həbsdəyəm”
Daha sonra Vüsal Ələkbərov növbəti vəsatətlə çıxış edib. O, bildirib ki, Səbail rayon Məhkəməsinin hakimləri Rauf Əhmədov barəsində həbs qətimkan tədbiri seçib və digər iki hakim həbs qətimkan tədbirinin vaxtını uzadıb. Hərbi qulluqçu olduğunu deyən Vüsal Ələkbərov həmin hakimlər tərəfindən hüquqlarının pozulduğunu deyib. Bildirib ki, onun barəsində qərar Bakı Hərbi
Məhkəməsində çıxarılmalı idi. O, həmin hakimlərdən Ali məhkəmənin sədrinə və Məhkəmə Hüquq Şurasına müraciət edilməsini istəyib: “Mən 1 il 6 aydır həbsdəyəm. İndiyə kimi heç kimdən şikayət etməmişəm. Amma daha şikayət etməyə başlayacam”.
Prokuror bildirib ki, şikayət etmək Vüsal Ələkbərovun hüquqdur: “Amma bu şikayəti məhkəmə vasitəsi ilə yox, sərbəst şəkildə edə bilər”.
Hüseyn Səfərov qeyd edib ki, Vüsal Ələkbərov hər kəsə şər atmaqla məşğuldur: “Hakimi işə obyektiv baxmamaqda ittiham edir. Prokurora şər atır, bizi böhtançı adlandırır. Biz hamımız yaxşı deyilik, böhtançıyıq. Bir Vüsal Ələkbərov, bir də onun rəhbəri Eldar Mahmudov düz danışır. Bunların hamısı bir yuvanını quşlarıdır. Rauf Əhmədov həmin hakimdir, Vüsalın təqdimatı ilə barəmdə həbs qətimkanı seçdi. Sonrada Vüsal məndən aldığı puldan 5 min manat ona verdi. Vaxtında elədikləri indi öz başına gəlir”.
Hakimlər vəsatəti təmin etməyiblər və bildiriblər ki, Vüsal Ələkbərov sərbəst qaydada hüquqlarını pozan hakimlərdən müvafiq qurumlara müraqciət edə bilər.
Daha sonra Vüsal Ələkbərovun vəkili Ülvi Məmmədov vəsatətlə çıxış edib. O, 613 saylı cinayət işinin araşdıran müstəntiqlərin məhkəmədə dindirilməsini istəyib. Hakim vəsatəti təmin etməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?