Təxminən səkkiz il əvvəl Qəbələdə ev heyvanlarına qarşı repressiya başladı. Rayonun daimi “demoqoq kruqu” sayılan biz iki-üç nəfər bu barədə davamlı yazılar yazdıq, məsələni ictimailəşdirməyə çalışdıq. Təbii ki, bu cəhdlərin heç bir faydası olmadı. “Otel yollarındakı bahalı ekzotik güllərə, parklara ziyan vururlar” maddəsilə əhaliyə məxsus mal-qaranı yağmalayıb Mingəçevirdəki ət kombinatına satdılar. Beş-altı günlük körpə buzovlar mələr qaldı, boğaz inəklər, yanı balalı atlar qaldırıcı kranla nəhəng texnikaya yüklənib kombinatda bıçaq altına verildi. Şəhər ətrafında məskunlaşan Kəlbəcər qaçqını yerinin-yurdunun iyini aldığı, mehrini saldığı atını xilas etmək üçün həmin “ekip”lərdən birini yarıyolda haqladı. Amma ona atının ölüsünü verdilər. Dəmir barmaqlıqlara həbs edilmiş azad heyvan fasiləsiz şahə qalxmağa cəhd edib kişnəyərək sahibini səsləyib. Daha nələr baş verdiyini o da, biz də bilmirik. Sadəcə adam ora çatanda heyvanın bədəni isti imiş. Atını çox sevən o kişinin o zaman yaşadığı hissləri təsəvvür etmək belə əzablıdır. O atı ki, sahibinə olan sədaqətini onları ayıran məchul yolçuluğa üsyan edərək çatdırıb. Qəza səbəbindən yataq xəstəsi olduğum vaxtlar bir dostum bu əhvalatı danışanda ayağımı sanki təzədən qırdılar. Sonra boğazım tıxana-tıxana bir qadını dinlədim: – Beş-altı günlük buzov barmaqlarımı əmib mələdikcə ağlayıram. İki-üç gündür evdə heç kəsi danışdırmaq olmur. Uşaqlar yerini öyrəniblər. Hələ maşına verməyiblərsə, anasını neçəyə olsa alıb gətirəcəklər… Yatağa düşdüym neçə aydan bəri ilk dəfə ayağımı yerə basdığım günün səhəri iki əsa və qatlanmayan bir ayağımla “Jiquli”nin arxa oturacağında köndələn yerləşib məlum ət kombinatına getdim. Sürücü kombinatın işçisinə: “Xala Qəbələdən gəlib, inəyini axtarır”, – dedi. İşçi: “Təzələr burdadı” – deyə mənə yaxınaşıb “inəyimin” əlamətlərini soruşdu. Hörmətini eləyib saxlanma yerinə keçdik. İçəridəki vəhşəti görən kimi sürücünün qolundan yapışıb birtəhər çölə süründüm. İşçiciyəz mənim bir dəfə satılmış “inəyimi” onlardan pulla təkrar geri alacağıma umudlanmışdı. Biz maşına yaxınlaşanda dəmir setkaya alınmış kiçik bir sahədəki atları gördüm. Birinin yanında alnı qaşqalı balası da vardı. İşçidən qorxa-qorxa soruşdum: – Bunları niyə dustaq etmisiz? Şəhadət barmağını boğazına sürtüb hırıldadı: “Sabah “xıx!”” Elə bil o maşına salamat ayağımı verdilər… İndi bu sətirləri yazmaq o zaman həmin o şəxsin kədər, çarəsizlik və ən dözülməzi də o atın nisgili yağan gözlərinə baxmaq qədər ağırdır. Və hansı zaman olur-olsun turist güllərinə peşkeş edilmiş dilsiz-ağızsız, günahsız heyvanlar həmişə ağladır məni. Bizə qeydsiz-şərtsiz heyvanlıq edən o canlılara insanlıq etməyən özümüzdən utanıram. Heydərovları Qəbələyə tanrının əvəzsiz hədiyyəsi adlandıran bir sıra məddahla eyni məkanın havasını, suyunu, adını paylaşdığıma görə yerin dibinə girmək istəyirəm. Amma girməyib düşünürəm ki, bu həqiqətlər pis-yaxşı yazılmasa, çoxulduzlu “Qafqaz” ötellərinin möhtəşəm tarixindən və föqəlnazirin halal biznesinin digər qollarından daha kimsə bəhs etməyəcək. Bu hekayət isə burda bitmədi. Paytaxt magistralına yaxın kəndlərdə də mal-qaranın kənddən çıxmasına ciddi qadağa qoyulmuşdu. Ərazi icra nümayəndələri səhərdən-axşama qədər kəndlərinin asfalta çıxışında heyvan güdürdülər ki, möhür əldən getməsin. Çünki daim o yerlərdən “böyük adamların” keçmək ehtimalı vardı. O ilin yayında yaşlı nümayəndələrdən biri ondan oğurlanıb qarşı yaşıl tərəfə keçmək istəyən inəkləri qovarkən avtomobil qəzasında həyatını itirdi… Bizim rəhmətlik məmur əslində o gün gerçəkləşməyən səfərlərin öz ərazisindən “problemsiz” ötüşməsinə elə köklənmişdi ki, lap yaxınlığındakı yük avtomobilini duymadı. Nə deyək? Bu yerdə bizə Çexovun məşhur “Məmurun ölümü” hekayəsini xatırlamaq düşər. Mən bu əhvalatı niyə yazıram? Hamımızın bildiyi sadə bir gerçəyi görməzdən gələnlərə xatırlatmaq üçünmü? Olsun, bilmək heç vaxt gec deyil. – Baxın, “böyük adamlar” ölkəni talan etməklə sərvət sahibi olub çürük cəmiyyətin “ulduzuna” çevrilən saxta fürsətçilər deyil, bu günkü haqsızlıqların, eybəcərliklərin klassik variantlarını neçə əsr əvvəl qələmə alıb dünyaya ibrət dərsi verən dahilərdir. Və bu yolu doğru hesab etdikləri şəkildə özlərinə məxsus qabiliyyət və cəsarətlə davam edənlərdir. Amansızcasına qətlə yetirilən azad düşüncəli Elmar Hüseynovdur, Rafiq Tağıdır, Rasim Əliyevdir. Hər an alnına silah dayanacağını, cibinə narkotik qoyulacağını, üzünə növbətçi şərəfsizin duracağını və sairəni gözə alaraq hər cür rəzalətə meydan oxuyan əqidə, söz adamlarıdır.
Sorğu
Yeni dizaynımız necədir?