Misir Mərdanovun komandası yeni qaydaları qəbul etmir
Misir Mərdanovun nazir vəzifəsindən kənarlaşdırılması cəmiyyətdə rəğbətlə qarşılandı. Ən azından ona görə ki, bu gün təhsil sistemi bərbad bir durumdadır və bu sahə demək olar ki, az qala mafiya qanunları ilə idarə olunurdu. Amma Mikayıl Cabbarov kimi bir kadrın nazir vəzifəsinə gətirilməsi bu sahədə ciddi islahatların olmasına ümidləri artırdı. Nazirdə ilk açıqlamasında bəyan etdi ki, bu gündən etibarən nazirlikdə ən əsas məsələ şəffaflığın təmin olunması olacaq. Nazir bunun üçün mətbuata açıq olacaqlarını bildirdi və mediyadan xahiş etdi ki, istənilən mövzuda sualları yazılı şəkildə mətbuat xidmətinə təqdim edə bilərlər. Nazirin məhz bu açıqlamasından sonra təhsil sahəsində az qala bir imperiya yaradan De-İnistitutlaşma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyevanın və qohumlarının əməlləri ilə bağlı yazılı şəkildə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadəyə müraciət etdik. Amma köhnə komandanın sözçüsü olan Bayram Hüseynzadə yenə ümidləri doğrultmadı. Sorğulara cavab verməkdən imtina edən nazir sözçüsü deyəsən köhnə komanda yoldaşlarının “sirlərini” qorumağa çalışır. Bəs biz, Bayram Hüseynzadədən nələri soruşmuşduq? Ötən saylarımızda da qeyd etmişdik ki, Məlahət Hacıyeva rəhbəri olduğu sahədə özünəməxsus üsullarla idarəetmə sistemi yaradıb və yaxın çevrəsi öz qohumlarından ibarətdir. Məsələn, Pirşağıda yerləşən 10 saylı internat məktəbinin direktoru Minəvvər Əşrəfova Məlahət Hacıyevanın qudasıdır. 12 saylı peşə məktəbinin direktoru Fərman Aslanov isə qardaşı, 4 saylı peşə məktəbinin direktoru Alik Allahyarov isə əmisi oğludur. 71 yaşlı anası Mərhəmət Aslanova isə 5 saylı peşə liseyinin direktoru vəzifəsində çalışır. Halbu ki, yaş senzinə görə 65 yaşdan sonra bu cür vəzifələrdə işləmək mümkünsüzdür. Amma Məlahət Hacıyevanın gücü qanunlardan da irəlidədir.Mərdanovun kadrının təhsil sistemindəki "qohum-əqrəba hegemonluğu" ortaya həm də başqa maraqlı nüanslar çıxarır. Misal üçün, sual oluna bilər ki, məgər ölkədə internat və peşə məktəblərinə rəhbərlik edə biləcək başqa bacarıqlı, qabiliyyətli adamlar yoxdurmu ki, onlar da direktor təyin edilsinlər? Yoxsa belə bir bacarıq yalnız Təhsil Nazirliyinin sözügedən idarə rəisinin qohumlarınamı aiddir?.Həmçinin qeyd etmişdik ki, bu gün internat məktəblərində ərzaqların keyfiyyətindən tutmuş, şagirdlərin sayını artırmağa qədər müxtəlif üsullardan istifadə etməklə ciddi maxenasiyalar həyata keçirilir. Amma bu günə qədər elementar faktlara belə mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə cavab verməyib və ciddi-cəhdlə Məlahət Hacıyeva ilə bağlı faktları gizlətməkdədir. Ekspertlərdə bildirirdi ki, yeni nazir üçün ən çətin məsələ,məhz Misir Mərdanov getsədə,formalaşdırdığı qruplaşmaların qalması olacaq. Ən azından ona görə ki, elə Bayram Hüseynzadə kimi bir sıra ciddi məqamları nazirdən gizlətməyə çalışacaqlar. Çox maraqlıdır ki, əlimizdə olan faktlara Məlahət Hacıyevanında yanaşması qəribə oldu. O,anasının 71 yaşı yox,69 yaşı olduğunu bildirsədə,nəyə görə hələ də vəzifəsində saxlanmasına cavab verməkdən imtina etdi. Həmçinin yaxın qohumlarını müxtəlif vəzifələrə təyin etməsi sualına isə, “mən heç bir cavab vermək istəmirəm”-dedi. Məlahət Hacıyevanın suallara cavab vermək istəməməsi isə bir daha təsdiqləyir ki, fakt qarşısında hər kəs sadəcə acizdir.Növbəti saylarımızda çalışacağıq ki,nazir Mikayıl Cabbarovla telefon əlaqəsi yaradıb bu məsələlərə münasibətin öyrənək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?