Rayon icra hakimiyyətinin problemin həlli üçün müvafiq strukturlara verdiyi tapşırığa ötəri, sadəcə hesabat xarakterli əməl olunur. Burdan gəlinən qənaət isə budur: Ya həmin qurumlar göstəriş verən orqanın və ya ona rəhbərlik edən şəxsin ciddiyyətini qəbul etmirlər, ya da həmin qurum və ya şəxsi aldadırlar.
Bir müddət öncə Conflict.az-ın İmişlidə Heydər Əliyev prospekti istisna olmaqla rayon mərkəzindəki yolların mövcud vəziyyəti ilə bağlı dərc etdiyi “Vilyam Hacıyev ötən beş ildə Prezident Aparatına verdiyi hesabatlarında nəyi qeyd edib?” adlı məqalənin dərcindən sonra redaksiyaya şəkillərdə təsvir olunan yeni məlumat daxil oldu. Mənbənin verdiyi məlumatda bildirilirdi ki, Conflict.az-ın problemi ictimailəşdirməsindən sonra rayon icra hakimiyyətinin tapşırığı ilə aidiyyatı strukturlar rayon mərkəzindən keçən yollardakı problemin həlli istiqamətində fəaliyyətə başlayıblar. Məsələnin ən qəribə tərəfi isə yolun dağılmış hissələrinin qapadılması üçün əsaslı təmir edilməməsi, sadəcə tez dağılma ehtimalı olan yamaq vurulmasıdır. Halbuki rayon mərkəzində olan yolların böyük əksəriyyətinin məhz yatağı deformasiyaya uğrayıb. Bu da uzun müddət həmin yolların baxımsız olmasından xəbər verir. Belə olan halda əgər yolun yenidən təmir edilməsi nəzərdə tutulmursa, o halda həmin hissədə yol yatağı qazılaraq çıxarılmalı və bundan sonra yeni yol yatağı salınmalıdır. Bu prosesin davamı olaraq həmin hissə asfalt örtüyü ilə qapadılmalıdır. Lakin şəkillərdən göründüyü kimi rayon icra hakimiyyətinin problemin həlli üçün müvafiq strukturlara verdiyi tapşırığa ötəri, sadəcə hesabat xarakterli əməl olunur.
Burdan gəlinən qənaət isə budur: Ya həmin qurumlar göstəriş verən orqanın və ya ona rəhbərlik edən şəxsin ciddiyyətini qəbul etmirlər, ya da həmin qurum və ya şəxsi aldadırlar. Cənab prezident Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirilən görüşdəki nitqində söylədi ki: “Əlbəttə, bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm.“ Göründüyü kimi Conflict.az bəzilərinin düşündüyü kimi mövcud olan problemi təqdim edərkən hər hansı məqsədi olmur və ya qərəzli deyil. Biz sadəcə ölkə başçısının önəm verdiyi məsələlərlə bağlı yaranan problemlərə ictimai diqqəti cəlb edirik. Bu ölkədə hətta ən ucqar dağ kəndinin sakini belə bilir ki, cənab prezident illərdir ki, yol infrastrukturunun təmiri və yenidən qurulması üçün müvafiq qərarlar qəbul edir.
İstər İmişli rayon icra hakimiyyətində, istərsə də ölkənin digər bölgələrində bunu inkar edən bir nəfər varmı? Dövlət büdcəsindən, Prezident fondundan ayrılan milyonlarla vəsaitin məqsədi məhz Azərbaycan insanının rahat yaşamı üçündür. Biz də Conflict.az olaraq bunu bilirik və cənab prezidentin bu istiqamətdəki fəaliyyətini də dəstəkləyirik. Bunun üçün medianı şikayət etmək və ya kimlərinsə “tapşırığı” ilə fəaliyyət göstərməkdə ittiham etmək nə dərəcədə doğrudur? Təkrarda qüsur olmaz deyirlər, biz sadəcə problemi görürük və ictimailəşdiririk. “Vilyam Hacıyev ötən beş ildə Prezident Aparatına verdiyi hesabatlarında nəyi qeyd edib?” adlı məqalənin dərcindən sonra yolların bərpası ilə bağlı İmişlidə, rayon mərkəzində yuxarıda qeyd etdiyimiz formada aparılan işlərlə əlaqədar redaksiyaya daxil olan foto görüntülü məlumat əsasında hazırlanan “İmişli rayon icra hakimiyyəti problemi həll etdi – yola yamaq vuruldu” – adlı 2-ci məqaləni dərc etdik. Ötən gün (12.04.2017-ci il) Conflict.az-a yeni foto görüntülü məlumat daxil oldu. Məlumatda bildirilirdi ki, yenə də, yolun dağılmış hissəsində deformasiyaya uğramış yol yatağı bərpa edilmədən, rayonun Tofiq İsmayılov küçəsində “yamaqsalma” prosesi davam edir. Biz cənab Vilyam Hacıyevin bir daha diqqətinə çatdırırıq: Conflict.az onlayn ictimai – siyasi qəzeti hər bir Azərbaycan vətəndaşından, o cümlədən də Sizdən məlumat almaq hüququ olan media orqanıdır. Bu hüquq mətbuata KİV haqqında qanunun 29-cu maddəsi (Kütləvi informasiya vasitələrinin dövlət təşkilatlarından, ictimai birliklərdən və vəzifəli şəxslərdən belə informasiya almaq hüququ var.) ilə verilib. Lakin təəssüflər olsun ki, onlayın qəzetin elektron ünvanı və telefon nömrəsi “haqqımızda” bölümündə qeyd edilsə də, nə şəxsən Siz, nə də rəhbərlik etdiyiniz qurumun müvafiq şöbəsi mövcud problemin həlli ilə bağlı hər hansı rəsmi məlumat vermirsiniz.
Halbuki KİV haqqında qanunun yenə də 29-cu maddəsində qeyd edilir ki: “Vətəndaşlar kütləvi informasiya vasitəsindən dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin fəaliyyəti haqqında operativ surətdə mötəbər məlumat almaq hüququna malikdirlər.” Bir daha təəssüflə qeyd edək ki, bütün imkanları yaratmağımıza baxmayaraq, İmişli rayon icra hakimiyyətindən yuxarıda qeyd edilən problemin həlli ilə bağlı hələ ki, məlumat əldə edə bilməmişik. Halbuki mediadan yalnız sadə ölkə vətəndaşı deyil, cənab Prezident də məlumat alır. Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məqalədə adı çəkilən qurum və ya şəxslərində mövqeyini dərc etməyə hazırıq. xeberdar.net
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?