İqtisad Universitetində smestri başa vurmaq üçün 2500 manat pulun olmalıdır
Artıq bir neçə həftədir ki, ali təhsil ocaqlarında qış imtahan sessiyası start götürüb. Hər il bu vaxtlar gündəmə gələn əsas məsələ isə tələbələrdən tələb olunan rüşvət və imtahanların pulla yazılmasıdır. Bununla bağlı aparılan maraqlı bir araşdırma isə demək olar ki, ali məktəblərin «reytinqi»ni müəyyənləşdirməyə imkan verib. Qeyd edək ki, bütün ali məktəblərdə Bolniya sistemi tətbiq olunub. Bunu həyata keçirən zaman həmin məktəblərin rektorları bəyan edirdilər ki, məqsəd rüşvətin qarşısını almaqdır. Amma sonradan məlum oldu ki, deyilənlərin hamısı boş şeydir. Əksinə, Bolniya sisteminin tətbiqi rüşvəti leqallaşdırmaq məqsədi güdüb. Qəzetimizə daxil olan məlumata görə, hal hazırda ən acınacaqlı vəziyyət Azərbaycan Dövlət İqtisad Universitetindədir. Deputat və rektor Şəmsəddin Hacıyevin universitetində qış sessiyası üçün pul yığımına belə start verilib. Tələbələr deyir ki, ADİU-da hər sessiyanı ən azı 1500-2500 manata başa vurmaq məcburiyyətində qalırlar. Hətta 3-cü kursda oxuyan tələbələrdən biri (adının açıqlanmasını istəmir-red.) bildirib ki, oxuduğu universitetdə rüşvət adi hal alıb. Çünki yuxarıdan aşağıya doğru imtahanlar üçün pul alınması tələbi var. Həmçinin ortada başqa bir maqaqlı fakt mövcuddur. “Müəllim imtahan öncəsi tələbəyə ”qiyməti" açıqlayır. Bizim universitetdə rüşvət verməyənə pis baxırlar. Ona görə də tələbələr pulu gecikdirmədən verirlər". Tələbələrin sözlərinə görə, ADİU-da da qiymətlərin orta həddi təqribən 40-70 manat aralığında dəyişir. Ən bahalı fakultə isə ADİU-nun Beynəlxalq İqtisadi Münasibətlər hesab olunur. Çünki burada qeyd olunan rəqəm 120-150 manat civarındadır. “Universitetdə tələbələrin əksəriyyəti imtahandan kəsilir, keçənlər isə tapşırılan tələbələrdi. Dekana da şikayət edə bilmirik. Çünki rüşvətin yarısı onlara çatır. Özbaşınalıq baş alıb-gedir. Universitetin əksər fakültələrində ”3"- 50, “4" - 70-80, ”5" isə 200-300 manatdan başlayır". Bildirək ki, Şəmsəddin Hacıyev rektor olmaqla yanaşı, həm də Milli Məclisin üzvü və həmin məclisin təhsil komissiyasının sədridir. Təhsil haqqında qanunların qəbul edilməsindən tutmuş, onun vəziyyətinin düzəldilməsinə qədər bütün işlərlə məşğul olan bir komissiyanın sədrinin rəhbərlik etdiyi universitetdə baş verən belə hallardan söz demək də çətinləşir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?