Rayonu bölüşdürmək uğrunda 2 qrup ölüm-dirim mübarizəsi aparır: Ramiz Yediyarov, onun ətrafında olan rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədov, bir necə büdcə təşkilatının rəhbəri, digəri isə vergilər nazirinin müşaviri Fəxrəddin Qəmbərov və onun qardaşlarıdır; Gədəbəydə yanan bazarla bağlı problem davam edir. Məsələ ilə əlaqədar olaraq rayon sakini Ramazan Muradov redaksiyamızın electron poçtuna məktub göndərib. Məktubda bu il martın 7-də baş verən yanğının qəsdən törədildiyi iddia olunurdu. Məktub müəllifi qeyd edirdi ki, bazar dəmir-beton konstruksiyalı olduğundan bir anın içində kül olması yerli sahibkarları təlaşa salıb: “Baş vermiş bu müəmmalı yanğın haqda mətbuat bir neçə gün məlumat versə də, az keçməmiş hər şey unuduldu. Əslində sözügedən hadisə kifayət qədər şübhəli olmaqla yanaşı bazarda çalışan vətəndaşlara külli miqarda zərər vurması baxımından hüquq mühafizə orqanlarının diqqət ayırmalı olduğu hadisə idi. Amma belə olmadı. Əvvala ondan başlayaq ki, yanan bazar binasının uzunluğu təxminən 100 metr, eni 35 metrdir. Biri böyük, 3-ü isə kicik olan, qapısı olmayan dörd girişi var. Daş və dəmir-beton konstruksiyadan istifadə olunaraq inşa edilib. Bazarda işləyən satıcılar malların bir hissəsini dəmirdən düzəldilmiş vitrinlərdən asırlar, əsas hissəsini isə torpağın üzərində mişar daşı ilə tikilmiş, dəmir qapı ilə təhciz edilmiş piştaxtaların üstünə düzürlər. Piştaxtanın altından isə hər bir satıcı anbar kimi istifadə edir. Bunları deməkdə məqsədimiz odur ki, bazarın qapalı olmadığını və tez alışan materiallarla tikilmədiyini diqqətə çatdıraq”. Məktub müəllifi yazır ki, hadisə və hadisədən sonra yerli hakimiyyət nümayəndələrinin davranışları sahibkarlarda bazarın yandırılması ilə bağlı yaranan şübhələri bir qədər də artırıb “Bazarın quru ot tayası kimi 10-15 dəqiqə müddətində alışması, çətin yanan materialların, malların tamamilə külə dönməsi, bu yanğının daşdan tikilmiş arakəsmə divarlarının arxasına kecərək oradakı ərazini də bürüməsi yanğının qəsdən və hansısa yüksək temperatur yaradan maddə vasitəsilə törədilməsini deməyə əsas verir Üstəlik Rayon İcra Hakimiyyəti hadisənin səbəbinin elektrik qısaqapanması olduğunu deyir. Fərz edək ki, bu iddia doğrudur. Axı bilirik ki, qısaqapanma bir nöqtədə başlayır və bu yanğının ocağı olur. Həmin nöqtədə ən yüksək temperatur yaranır. Bazarda isə hər yer eyni səviyyədə yanıb, hətta orta hissəsində yaranan güclü temperatur nəticəsində binanın beton karkas tavanı partlayaraq yerə tökülüb. Əgər hadisənin səbəbi elektrik qısa qapanmasıdırsa nəyə görə yanğın naqilərin asıldığı tavanda deyil yerdə piştaxtaların üstündə başlayıb? Yanğın başlayarkən və davam edərkən eşidilən partlatış səslərinin səbəbləri aydınlaşdırılıbmı? Hadisədən 2 aydan artıq vaxt keçməsinə baxmayaraq hər hansı istintaq hərəkətləri, hadisə şahidlərinin dindirilməsinin aparılmamasının səbəbi nədir? Hadisədən sonra bazar rəhbərliyi zərərçəkən sahibkarlara bildirdi ki, icra başçısı ilə razılaşıb, dəyən zərər ödəniləcək. Həqiqətən bir neçə gündən sonra sahibkarlara dəyən zərərin müqbilində cüzi miqdarda pul ödənilib. Elə həmin vaxtdan başlayaraq rayonun idarə və müəssisələrindən, kənd icra nümayəndələrindən bazara yardım adı ilə pul yığılmağa başlayıb. Bu yığım indiyədək davam edir. Bazarda yanğın olmasının icra hakimiyyətinə nə aidiyyatı var? Yanğının günahkarları idarə-müəssisə işciləridirmi? Hadisənin baş vermə səbəbi məlum olmadan başçının əl-ayağa düşərək pul toplamasının səbəbi nədir?” Məktub müəllifinin toxunduğu maraqlı məqamlardan biri də bazar uğrunda savaşın getməsi haqdadır: “Rayon əhalisinə məlumdur ki, rayon mərkəzində fəaliyyət göstərən ticarət obyektlərinin üzərində mülkiyyət hüququnu əldə etmək üçün 2 qrup ölüm-dirim mübarizəsi aparır. Bunlardan biri hazırki icra başçısı Ramiz Yediyarov, onun ətrafında olan rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədov və bir necə büdcə təşkilatının rəhbəri, digəri isə vergilər nazirinin müşaviri Fəxrəddin Qəmbərov və onun qardaşlarıdır. Təsadüfi deyil ki, yanğından dərhal sonra Ramiz Yediyarova yaxın şəxslər yanğının guya Qəmbərovlar tərəfindən başçının nüfuzdan salınması üçün törədilməsi haqda şaiyələr yaymağa başladılar. Şaiyələrin işə yaramadığını və zərərçəkənlərin yanğının səbəbini rayon rəhbərliyində axtardığını görən icra başçısı bütün vasitələrdən istifadə edərək sahibkarlara təzyiq göstərir. Min bir əziyyətlə özünə iş yeri qurmuş və müəyyən vəsait toplamış insanların bir anın icində hər şeylərini itirməsi və hadisəni araşdırmaq əvəzinə zərər çəkmişlərə təzyiq göstərilməsi əhalinin dövlətə olan inamına ağır zərbə vurur”. Qeyd edək ki, ötən gün də sahibkarlar redaksiyamızla əlaqə saxlayaraq bazarın yanmasının səbəblərini öyrənmək istəyiblər. Onlar qeyd ediblər ki, bu məsələ ilə bağlı Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə müraciət ediblər, amma bu günə qədər müraciətlərinə cavab verilməyib, bu işin hansı mərhələdə olduğundan xəbərsizdirlər. Onlar bazarın yanmasınının səbəblərinin açıqlanmasını, ekspertiza rəyinin elan olunmasını istədiklərini deyiblər. Eyni zamanda rayon icra başçısının biznes fəaliyyəti ilə məşğul olmasının nə dərəcədə qanunauyğun olduğunun araşdırılmasın vacibliyi ifadə edilib və bu haqda hansı addımların atıldığın haqqda informasiya öyrənmək istədiklərini vurğulayıblar. Bizdə məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinə müraciət etdik. Sorğumuza ötən gün Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov cavab verib. Cavabda bildirilib ki, Gədəbəy şəhərində fəaliyyət göstərən “Anar” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus bazarda baş vermiş yanğınla əlaqədar Gədəbəy rayon Polis Şöbəsinin İstintaq Qrupunda müvafiq araşdırmalar davam etdirilir.Yanğının baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün zəruri ekspertizalar təyin edilmişdir. Ekspertizaların rəyləri alındıqdan sonra toplanmış material üzrə qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir. “Əlavə olaraq bildirirəm ki, yanğınla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə hər hansı bir müraciət daxil olmayıb”-deyə sorğuda qeyd edilib. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?