Müsavat başqanının müşaviri Yadigar Sadıqovun həbs müddəti bir ay uzadılıb.
Məlumatı “Musavat.com”a Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Elman Fəttah verib. O deyib ki, məhkəmə sentyabrın 23-nə təyin edilsə də, ayın 22-nə keçirilib. Bu səbəbdən də vəkillər Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə iştirak edə bilməyib: “Rejim yenə də sifarişli məhkəmə işi ilə Yadigar Sadıqovun ən ibtidai müdafiə hüququnu pozmaqda davam edir. Bu artıq üçüncü məhkəmədir ki, ya vəkil buraxılmır, ya da proses vəkillərdən gizlin keçirilir”.
Yadigar Sadıqovun həbs müddəti oktyabrın 23-nə qədər uzadılıb.
Müsavatçını iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi tutub. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Rəşid Kərimov iyunun 25-də Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir. Yadigar Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır.
İyunun 29-da Lənkəran Rayon Məhkəməsi Yadigar Sadıqov barədə 2 aylıq həbs qətimkan tədbiri seçib, avqustun 24-də həbs müddəti bir ay uzadılıb.
Sorğu
Yeni dizaynımız necədir?