FHN şefi «Kür» Vətəndaş Cəmiyyətinin hesabatına media mənsubunun diliylə cavab vermək zorunda qaldı
gundemxeber.az Məlum olduğu kimi ciddi araşdırmaları ilə tanınan və ölkə gündəmini təqdim etdiyi faktlarla müəyyənləşdirmək gücündə olan »Kür» Vətəndaş Cəmiyyəti bir müddət öncə »Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər, mövcud problemlər, qarşıda duran vəzifələr» adlı hesabat yayıb. Həmin hesabatda yer alan faktlar və gəlinən nəticələr isə görünür, kimlərisə, daha doğrusu Fövqəladə Hallar Nazirliyini ciddi şəkildə narahat etməyə başlayıb. Bu haqda bir qədər sonra, hələliksə sözügedən hesabatdakı bəzi nəticələrə göz ataq. Məlumat üçün bildirək ki, hesabatda 2012-ci ilin yazında Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər, mövcud problemlər, ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, zəlzələ bölgəsində çalışan şirkətlərin fəaliyyəti, zəlzələnin təsirinə məruz qalmış insanların qayğıları, şikayətlərin idarə olunması, regiondakı vəziyyət və s. məsələlər araşdırılıb. Sənəddə qeyd olunur ki, 7 may 2012-ci ildə Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ zamanı yaşayış evlərinə, sosial obyektlərə, ictimai binalara və infrastruktura ciddi ziyan dəyib: »Əsasən Şəki, Qax, Zaqatala və Balakən rayonlarını əhatə edən zəlzələnin vurduğu ümumi ziyan ötən müddət ərzində hökumət tərəfindən hesablanıb açıqlanmayıb. Hökumətin rəsmi məlumatına görə, zəlzələ nəticəsində Şəki, Qax, Zaqatala, Balakəndə ümumilikdə 5939 evə ciddi ziyan dəyib, 3500-dən artıq ev qəzalı olduğundan uçurulub və yeni evlərin tikilməsinə qərar verilib. Amma aparılan araşdırmalara görə, zəlzələnin vurduğu ziyanla müqayisədə ötən müddət ərzində görülən işlərin həcmi və tempi ayrılan vəsaitə adekvat deyil.
«Kür»ün dalğası FHN-nin arqumentlərini alt-üst etdi
Qeyd edək ki, FHN rəsmi şəkildə bəyan edib ki, zəlzənin nəticələrinin aradan qaldırılması üçün Nazirlər Kabinetinin sərəncamı ilə ehtiyat fondundan 20 milyon manat, sonradan 2012-ci ilin dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. 1 noyabr 2012-ci ilə qədər həmin vəsaitin 234 605,6 min manatı xərclənib. »Kür» Vətəndaş Cəmiyyəti Qərargahı isə belə bir nəticəyə gəlib ki, milyonların sərf olunmasına baxmayaraq zəlzələ bölgəsində tikinti işləri çox ləng şəkildə həyata keçirilir: »FHN-in rəsmi məlumatına görə, ötən 7 ayda bu günə qədər (22 noyabr 2012-ci il) zəlzələ bölgəsində cəmi 782 ev tikilib. Bəzi mənbələr bu rəqəmin də şişirdildiyi qənaətindədir. Elə kəndlər var ki, (məsələn, Zaqatala rayonunun Ələsgər kəndi) orda hələ evlərin tikintisinə ümumiyyətlə başlanılmayıb». Hesabatda qeyd olunur ki, bölgədə çalışan şirkətlərin böyük əksəriyyəti 2010-cu ilin Kür, Araz daşqınları ilə bağlı həmin bölgədə işləmiş, adı daha çox korrupsiyada, çirkli pulların yuyulmasında çəkilən, çoxu kağız üzərində yaradılmış, təcrübəsiz, daha çox FHN rəhbərliyində təmsil olunan şəxslərə və onların qohumlarına məxsus olan və ya onlara yaxınlığı ilə seçilən, onların razılığı ilə inşaat işlərinə təyinat alan, heç bir tenderdən belə keçməyən, fəhləni qəpik-quruşa işlədib haqqını kəsən, bəzən də verməyən korrupsiya qoxulu şirkətlərdir:
Görülən işlər korrupsiya qoxuyur
Hesabatda yer alan ən maraqlı və vacib məqamlardan biri büdcədən ayrılan vəsaitlərin necə mənimsənilməsidir. Apardığımız araşdırmaya və əldə etdiyimiz məlumatlara görə, Kür daşqınlarında olduğu kimi zəlzələ bölgəsində də vəsaitlərin mənimsənilməsi mərhələsi daha çox tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınmasında və evlərin tikintisində baş verir. Məsələn, Qax-Zaqatala zəlzələ bölgəsində evlərin bir kvadratmetri 500 manata tikilir. Bunu Zaqatala rayonunun Gözbarax kəndində çalışan »Gilan Holdinq» şirkətinin nümayəndəsi Seyidmalı İsmayılov »Azadlıq» radiosuna verdiyi müsahibədə də təsdiq edib. Bu qiymət təxminən Bakıda - Yasamalda və Əhmədlidə tikilən evlərin qiymətinə bərabərdir. Halbuki torpağın havayı olduğu, inzibatı müdaxilənin, tikintiyə icazənin, rüşvətin və »şapka»nın olmadığı uzaq bölgədə fərdi həyət evinin tikintisinin 1 kvadratmetrinin 500 manata başa gəlməsi korrupsiya »ətirli» olmaqla çox fantastik bir qiymətdir». «Kür» qeyd edib ki, ötən il Türkiyənin Van şəhərində baş vermiş ağır, dağıdıcı zəlzələdən sonra iri yaşayış bölgəsi bir il içində yenidən qurulub: »Yeni şəhərin salınması Türkiyənin dövlət büdcəsinə cəmi 150 milyon ABŞ dollarına (təxminən 130 milyon manata) başa gəldi. Amma Kür, Araz bölgəsinə 2 ildir ki, dayanmadan dövlət büdcəsindən bundan 3,5 dəfə artıq vəsait ayrılmasına baxmayaraq problemlər həll olunmur ki, olunmur. Yəqin ki, səbəb axtarmağa ehtiyac yoxdur. Türkiyədə bizdəki kimi dövlət büdcəsi talan edilmir, korrupsiya, mənimsəmə, şişirdilmiş bazar qiymətləri, xalqı aldatmaq kimi neqativ hallar yoxdur. Kür daşqınları zamanı yol verilən səhlənkarlıq, korrupsiya, ayrı-seçkilik və digər hallar Qax-Zaqatala bölgəsində də təkrarlanır».
«Kür» Vətəndaş Cəmiyyətinin təşdim etdiyi hesabatın ölkənin aparıcı KİV vasitələrində dərc olunmasından və orada yer alan fikirlərin ictimailəşməsindən sonra isə əsas ittiham ünvanı olan FHN-nin cavab verəcəyi gözlənilən idi. Amma bu nəhəng qurumun və onun rəhbəri K.Heydərovun bir jurnalistin arxasında gizlənərək onun »diliylə» danışacağını heç təxmin etməzdik. Amma bu da oldu. Jurnalist Zaur İbrahimli »Kür»ün »Hesabat»ı böhtan və şər mövqeyindən qaynaqlanır» başlığı ilə dərc etdirdiyi məqalə ilə FHN müdafiə etmək üçün uğursuz cəhdddə bulundu. Həmin məqaləylə ötəri tanışlıq belə bu yazının konkret sifariş əsasında qələmə alındığını düşünmək üçün yetərlidir. Bunun təsdiqi olaraq yalnız yazının yarımbaşlığı ilə tanış olmaq da kifayətdir: »Hesabat» sırf Fövqəladə Hallar Nazirliyini birmənalı şəkildə ittiham edilməsini hədəfləyib» Başa düşmək olmur, adama deyərlər sənə nə? Sən FHN-nin rəsmi vəkilisənsə bu başqa məsələ və o zaman klaviatura arxasında gihlənmə, ortaya vəkil kimi çıx və »Kür»lə istənilən davanı da apar. Yox, sən bu məqaləni doğurdan da jurnalist kimi yazmısansa (hərçənd buna inanmaq mümkünsüzdür-red) o zaman »FHN təəssübkeşliyinin» heç yeri yox idi. Amma hər halda sözügedən yazıdakı bəzi fikirlərə göz atmağa dəyər, bu zaman əsl sifarişin haradan gəldiyinə dair zərrə qədər də olsa şübhə yeri qalmayacaq.
İndisə gəlin, Zaur İbrahimlinin (bu həxs haqqında maraqlı məlumatlar əldə etmişik və bu haqda bir qədər sonra) qələmə aldığı »FHN sevgisi»ylə zəngin olan məqalədən bəzi hissələrə nəzər salaq. Məsələn, yazıdakı bu fraza olduqca saraqlıdır: »Təsadüfi deyil ki, bu »hesabat» daha çox konkret qrupların mövqeyini əks etdirən qəzet və saytlarda reklam edildi. Yalnız ehtimal, subyektiv fikirlər və »anonim mənbələr»in söylədikləri əsasında yazılan bu material »hesabat» deyil, yalnız böhtan və şər mövqeyindən qaynaqlanan ittihamlardır...» Yaxud digər bir abzas maraq doğurur: »Hesabat sırf Fövqəladə Hallar Nazirliyini birmənalı şəkildə ittiham edilməsini hədəfləyib. Peşəkar araşdırma, monitorinq isə tamam fərqli kriteriyalara cavab verməlidir....» İndisə kiçik xatırlatmaya khtiyac duyuruq. Əvvəla, hörmətli həmkarımızın diqqətinə çatdırırıq ki, hesabatda sizin iddia etdiyiniz kimi heç də »anonim mənbələr»dən istifadə olunmayıb. Əksinə səslənən hər bir ittihamın arxasında faktiki mənbələr var. Ən əsas mənbə isə artıq qışın gəlməsinə baxmayaraq tikintisinin çoxdan başa çatmalı olduğu binaların hələ də istifadəyə verilməməsidir. Bütün bunlar hesabatda dəqiq ünvanlarına qədər göstərilib, bəs buna nə deyirsiniz? Marağımıza səbəb olan digər nüans isə müəllifin »Hesabat konkret qrupların maraqlarını əks etdirən KİV-lərdə dərc olundu» fikridir. Adam gerçəkdən »quşlayıb». Əvvəla, bu hesabat birmənalı olaraq ölkənin bütün aparıcı media quruluşlarında dərc olunub. İndi necə düşünək: bütün bu media quruluşları sizin ifadə etdiyiniz kimi »konkret qrupların nəzarətindədir»? Absurd və absurd olduğu qədər də arqumentləşdirilməsi mümkün olmayan zehniyyətdir. Digər maraqlı məqam isə, Zaur İbrahimlinin Oqtay Gülalıyevi hədəfə alan məqaləsinin hansı media qurumlarında dərc olunmasının araşdırılmasıdır. Hesab edirik ki, kimlərsə bunu araşdırmaq fikrinə düşsə çox maraqlı mənzərəylə qarşılaşa bilər. Bizim buna həvəsizimiz yoxdur, amma kimlərinsə həvəsi və vaxtı varsa maraqlı olacağını bəribaşdan deyirik.
Son əvəzi: Oqtay Gülalıyevi kimlər və niyə «vurur»?
Bu yazını hazırlayarkən redaksiyamıza olduqca maraqlı məlumatlar daxil oldu. Həmmin informasiyalarda »Kür» Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevin »vurulmasında» təkcə FHN rəhbərliyinin maraqlı olmadığı və bu işin arxasında QHT sektorundakı bir sıra »nəhəng»lərin də dayandığı əks olunub. Təbii ki, biz əlimizdəki bütün informasiyaları dərc etmək niyyətində deyilik. Sadəcə olaraq, bununla bağlı yalnız müəyyən eyhamlar vurmaqla oxucularımız üçün əhəmiyyətli istiqamətlər göstərmək niyyətindəyik. Daha biz durub yazası deyilik ki, Zaur İbrahimli hansı QHT rəhbərinin dostu və işçisidir. Heç onu da açıqlamaq niyyətində olmamışıq ki, Haur İbrahimlinin patornu olan həmin QHT rəhbərinin Oqtay Gülalıyevə qarşı olan qəzəbinin səbəbləri nədir? Sonda yalnız bir məlumatı nəzərinizə çatdırmaq istərdik ki, Oqtay Gülalıyev eyni zamanda Siyasi Məhbuslarsız Azərbaycan Alyansının da koordinatorudur və adıçəkilən alyans siyasi məhbusların azadlığa çıxması, onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində gərgin əmək sərf edir. Bizə daxil olan məlumatda isə bildirilir ki, adını çəkmək istəmədiyimiz məşhur QHT rəhbərlərindən biri Oqtay Gülalıyevə siyasi məhbus mövzusu ilə bağlı bir qədər mövqeyində korrektələr etməyi xahiş edib. Bu xahişin yerinə yetirilməməsi isə nədənsə həmin QHT rəhbərindən daha çox jurnalist Zaur İbrahimlini qəzəbləndirib. Orxan Həsənli R.S. Bizi vadar eləməyin ki, bunun da »niyəsini» açıqlamaq zorunda qalaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?