Bu gün Nəsimi rayon məhkəməsi absurd, Azərbaycan məhkəmə tarixində analoqu olmayan bir qərar qəbul edib. Məhkəmənin görünməmiş bir sürətlə 2,3 və 4 iyul tarixində keçirilmiş iclaslarının yekunu olaraq hakim Etibar Hümbətov keçmiş millət vəkili, Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq 9 ildə üzünü görmədiyi atası Mahmud Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb. Xatırladaq ki, bir müddət əvvəl Mahmud Mehdiyev mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylinin əleyhinə bəyanatlar vermişdi. Buna Gültəkin Hacıbəylinin hazırkı siyasi mövqeyinin səbəb olduğu isə heç kimdə şübhə doğurmur. Nəsimi rayonm məhkəməsinin absurd qərarının da keçmiş millət vəkilinin siyasi mövqeyi ilə bağlı olduğu şübhə doğurmur. “Azadlıq”a verilən məlumata görə, məhkəməyə təzyiq o qədər güclü olub ki, hakim vəkilin təqdim etdiyi bütün vəsatətləri nə qəbul, nə rədd etməyərək, baxılmamış saxlayıb. Maraqlıdır ki, Səbail rayon İcra Şöbəsindəki icraat üzrə Mahmud Mehdiyevin Toğrulla dörd görüşü olub və bütün görüşlərdə uşağın tələbkarla ünsiyyətdən qəti şəkildə imtinası vəkilin və icra məmurlarının iştirakı ilə aktlaşdırılıb. Görüşlərin uşağın səhhətinə və psixikasına sarsıdıcı zərbə vurması və görüşlərin dərhal dayandırılması haqqında psixoloqun rəsmi rəyi də var. Bütün bunlardan və uşağın həftədə bir dəfə görüşdən təkidlə imtina etməsindən sonra, heç bir məhkəmə araşdırması aparmadan Toğrulun onu 9 il ərzində böyüdən, təhsil verən və təmin edən anasından faktiki olaraq alınması haqda qərar verilib. Məlumatlara görə, uşağın, iradəsi ziddinə verildiyi Mahmud Mehdiyevin daimi yaşayış yeri belə yoxdur. Üstəlik ötən 9 ildə o, uşaqla maraqlanmayıb, aliment ödəməyib və s. Məhkəmənin belə şərtlər daxilində “uşağın ataya verilməsi” haqda çıxardığı qərar yalnız Gültəkin Hacıbəylidən siyasi fəaliyyətinə, Milli Şurada təmsilçiliyinə görə qisas almaq üçün ola billər. Belə aşkar pozuntularla qəbul edilən absurd qərarın arxasında isə mütləq yüksək səviyyəli siyasi göstəriş olmalıdır. Məsələ ilə bağlı Gültəkin xanımın özünə müraciət etdik. O, yaxın saatlarda Azərbaycan məhkəmə praktikasında misli görülməmiş bu qanunsuzluqla bağlı geniş açıqlama ilə çıxış edəcəyini bildirdi: "Hakimiyyətin əsəbləri dözmədi və ən böyük səhvlərindən birini etdi. Görünür, vəziyyət biz düşündüyümüzdən də ciddidir". \ azadlıq.info \
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?