Milli Şuranın Beynəlxalq komissiyasının sədri, keçmiş millət vəkili Gültəkin Hacıbəyliyə qarşı təqiblər get-gedə daha rüsvayçı şəkil almaqdadır. Azadliq.info-nun məlumatına görə, bir müddət öncə Nəsimi rayon məhkəməsinin hakimi Etibar Hümbətovun Gültəkin xanımın 9 yaşlı övladının faktiki olaraq ondan alınaraq həftənin altı günü ərzində tanımadığı, 9 il ərzində övladı ilə maraqlanmayan və övladına bugünədək bir manat vəsait xərcləməyən və evi olmayan keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə verilməsi haqqında qətnaməsi ölkə ictimaiyyətini ayağa qaldırmışdı.
Geniş ictimaiyyətin 9 yaşlı uşağın sağlamlığının və gələcəyinin məhvinə yönələn bu qətnaməyə etirazı davam etdiyi bir vaxtda, Nəsimi rayon məhkəməsi daha bir biabırçı ilkə imza atdı. Mahmud Mehdiyev Gültəkin Hacıbəylini Baş Prokurorluğun, Vergilər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin rəhbərliyinin onu, qardaşını və bacısını Gültəkin Hacıbəylinin göstərişləri və təzyiqi ilə işdən azad etdiyini iddia etmişdi. Xatırladaq ki, Baş Prokurorluğun, Vergilər Nazirliyinin və ADU-nun mətbuat xidmətləri artıq bu ittihamların əsassız olduğunu bildirərək onları rədd edib. Indi də Mahmud Mehdiyevin anası, evdar qadın Məmmədova Nəhayət Vəli qızı oğlunun korrupsiya cinayətlərində, büdcə vəsaitlərini talamaqda, böyük mənimsəmələrdə ittiham etdiyi Gültəkin Hacıbəylinin... maddi imkanı olmadığı üçün ondan evini təmir etdirmək məqsədi ilə millət vəkili olduğu 2003-cü ildə aldığı 50 min ABŞ dolları məbləğində borcun qaytarılması haqqında iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə 50 min ABŞ doları dəyərində olan müqavilələr mütləq notarial qaydada bağlanmalıdır. Ortada nə belə bir müqavilə, nə də digər sübut yoxdur. Lakin, müqavilə olsa belə, borc müqavilələri üzrə iddia müddəti 3 ildir. Yəni, iddiaçı, əlində notarial qaydada təsdiqlənmiş borc müqaviləsi olduğu halda belə ən geci 2006-cı ilədək belə bir iddia ərizəsi ilə müraciət edə bilərdi. Azərbaycan məhkəmə praktikasında belə bir iddianın icraata götürülməsi ənənəsi yoxdur. Bu, qanunun birmənalı tələbidir. Ancaq Azərbaycanda məhkəmələr təəssüf ki, qanunun deyil, siyasi rəhbərliyin tələbi ilə işləyirlər. Oradakı insanlar isə reallıq hissini çoxdan itiriblər, ədalət hisləri isə görünür əvvəldən olmayıb. 28 iyun 2013-cü il tarixində Nəsimi rayon məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə keçən hazırlıq iclasında Nəhayət Məmmədovanın nümayəndəsi iddianı təmin etmə tədbiri kimi Gültəkin Hacıbəyliyə məxsus maşın və ev, eləcə də onun həyat yoldaşına məxsus və baş etibarnamə ilə idarə edilən maşın üzərinə həbs qoyulması ilə bağlı vəsatətlə çıxış edib. Hakim, Gültəkin Hacıbəylinin nümayəndəsi Sahil Quliyevin də iştirak etdiyi hazırlıq iclasında bütün tərəflərin gözü qarşısında vəsatəti geri qaytarıb. Yəni, vəsatət rədd edilib. Bu faktı məhkəmə çəkilişinə baxmaqla sübut etmək asandır. Bu gün, 12 iyul tarixində isə Gültəkin xanım özünə məxsus ev və maşın, eləcə də həyat yoldaşına məxsus maşın üzərinə həbs qoyulması ilə bağlı Nəsimi rayon məhkəməsinin 28 iyun tarixli qərardadını alıb. Beləliklə, məhkəmə iyunun 28-də elan etdiyi qərarını əksinə dəyişib.
Qeyd edək ki, Gültəkin Hacıbəylinin üzərinə həbs qoyulan mənzili ilə eyni binada sabiq millət vəkili Gülər Əhmədovanın da mənzili var.
Bu məlumatla bağlı “Azadlıq” Gültəkin Hacıbəylinin vəkilləri Bəhruz Bayramov və Sahil Quliyevlə əlaqə saxlayıb. Hər iki vəkil məlumatı təsdiqləyib. Həmin prosesdə iştirak edən Sahil Quliyev bildirib ki, hakim Nəhayət Məmmədovanın nümayəndəsinin təqdim etdiyi vəsatəti ümiyyətlə müzakirə etməyib. “Vəsatət müzakirə olunmadan geri qaytarıldı. Amma indi bəlli olur ki, elə həmin tarixdə həmin vəsatət əsasında iddianı təmin etmə tədbiri haqqında qərardad çıxarılıb. Bunun bir adı var: saxtakarlıq”. Bəhruz Bayramov isə deyib ki, bu hadisədən sonra artıq Azərbaycanda məhkəmədən, qanundan danışmaq yersizdir. “Bu hüquq adına nonsesdir”, - deyə o, əlavə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?