Tofiq Yaqublu vəkili ilə görüşdə ölkə gündəminin bir çox məsələlərindən danışıb Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun vəkili Nemət Kərimli ötən gün türmədə müvəkkili ilə görüşüb. O, əvvəllər olduğu kimi saxlanma şəraitindən və səhhətindən şikayətlənməyib. Ancaq onu da əlavə edib ki, istilərin düşməsi ilə bağlı kamerada yaşamaq xeyli çətinləşib. Bu yaxınlarda kameralarda qurulmuş televizorlar məsələsində müsbət dəyişiklik olub. Belə ki, əvvəllər kanallar bir mərkəzdən dəyişdirilirdi və bu da tutuqluların çox haqlı narazılıqlarına səbəb olurdu. Onlar istədikləri kanallara və verilişlərə baxa bilmirdilər. Lakin bu günlərdə kameralara pultların paylanması nəticəsində narazılıqlar tamamilə aradan qaldırılıb.
Nemət Kərimli daha sonra deyib ki, müvəkkili Yadigar Sadıqovun həbsi haqqında danışarkən, bunun sırf siyasi sifariş olduğuna zərrə qədər də şübhə etmədiyini bildirib. Deyib ki, necə olur “Yeni Müsavat”ın baş redaktorunun birinci müavini Azər Ayxanı açıq mobil telefon nömrəsindən hədələyir, təhqir edirlər, hələ üstəlik bunları mesaj şəklində telefonuna göndərirlər, polis də iki aydır ki, telefon terrorçusunu “müəyyənləşdirə” bilmir. Amma Yadigar bəyi dərhal həbs edirlər: “Lənkəran polisi 7 aydır ki, hamının gözü qarşısında İsa Qəmbərin maşınına hücum edənləri, onunla gələn digər müsavatçılara xəsarət yetirənləri müəyyənləşdirə bilmirlər, ancaq Yadigar bəyi dərhal həbs edirlər? Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli onu döyən hərbiçilərdən birini tutub saxlamasaydı polis onu tutacaqdı? Tapacaqdılarsa o biri təxribatçını bu günədək niyə tapmayıblar? Yaşar bəyin özünün tutub polisə verdiyi Elxan Hüseynov barəsində niyə həbs-qətimkan tədbiri seçilmədi? O heç məhkəməyə də gəlmir, amma hüquq-mühafizə orqanları onun “şıltaqlığına” inadla dözür. Bunun niyə belə olduğunu hamı gözəl bilir”.
Vəkil deyib ki, T.Yaqublu son vaxtlar müxalifətə qarşı vüsət almış repressiyaların və camaatı bezdirmiş düşük YAP təbliğatının heç nəyi dəyişdirməyəcəyinə əmin olduğunu bildirib. O, YAP təbliğatı haqqında danışarkən belə bir lətifə də söyləyib: “Biş-düşdən o qədər də başı çıxmayan bir qız gəlin köçür. Bir neçə gündən sonra əri evindən anasına zəng edir. Deyir ki, ana, ərimə birinci gün qayğanaq bişirdim. O, çox həvəslə və iştahla yedi. Günortaya da qayğanaq bişirdim. Sakitcə oturub nahar elədi. Axşama da qayğanaq bişirdim, bir az könülsüz olsa da yedi. Ertəsi gün səhər də qayğanaq bişirdim, ərim bir xeyli yeməyə baxdı, sonra da çox həvəssiz onu yedi. Günorta yenə qayğanaq bişirdim, o, əvvəlcə yeməyə başlaya bilmədi, nəhayət, özünü toplayıb çimdənə-çimdənə onu bir təhər yedi. Axşama da qayğanaq bişirmişdim, ərim xeyli yeməyə baxıb durdu, sonra özünü toplayıb yeməkdən ağzına bir tikə qoydu və dərhal da öyüyüb düz boşqabın içinə qaytardı. Ana, mənə elə gəlir ki, ərimin mədəsində ciddi problem var. Onu təcili həkimə göstərməliyik.””
T.Yaqublu deyib ki, 1993-cü ildən başlamış yalan, böhtan, yaltaqlıq və üfunətə əsaslanan YAP təbliğatı nəinki camaatı inandıra bilmir, o, artıq insanları iyrəndirir.
Nemət Kərimlinin dediyinə görə, T.Yaqublu daha bir məsələ haqqında öz fikirlərini bildirib. O, ölkədə taxıl biçini zamanı kombayn çatışmazlığı problemindən danışıb: “Bu problem fermerlərə çox ağır zərbə vurmaqla yanaşı, həm də ölkənin ərzaq təhlükəsizliyinə ciddi təhdiddir “Analoqu olmayan inkişaf”dan danışan, mənasız ümummilli lider mərkəzləri tikən, gül bayramında və atəşfəşanlıqda yüz milyonları havaya sovuran YAP iqtidarı onsuz da az əkilən taxılı biçməyə kombayn almaq üçün pul tapmır. Bu haqda kənd təsərrüfatı naziri özü açıq dedi ki, hökumət kombayn almağa pul ayırmır. Baxmayaraq ki, onun özünün Londonda aldığı əmlakların pulu ilə ölkədə kombayn problemini birdəfəlik həll etmək olardı. Axı o pullar da dövlətin cibindən oğurlanıb”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?