Nicat Dağların müalicəsi üçün məşhur klinikalarla danışıqlar aparılır
Gürcüstanın paytaxtı Tbilisidə müalicə olunan jurnalist Nicat Dağların vəziyyəti iyulun 11-də yenidən pisləşib. Məlumatı “Media forum” saytına jurnalistin qayını, hazırda Nicatın yanında olan Məqsəd Rəhimov verib. O bildirib ki, bu gün yenidən xəstənin burnundan qan açılıb: “Hazırda xəstəxanadayıq. Həkimlər qanı kəsməyə çalışır. Artıq ilkin yardım göstərilib. Bəzi dərmanlar yazılıb. Nicat bu dərmanları mütəmadi içməlidir. Dərmanlardan ən bahalısı bu gün verilib, güman var ki, bu preparat Nicatın vəziyyətini yaxşılaşdıracaq. Həmin dərmanın ikincisini də qəbul eləyəndən sonra Nicata harasa getməyə icazə veriləcək. Bu, bədən əldən düşməsin deyə hazırlıq prosesidir.
Nicat 10 gün ərzində lazım olan iki müayinədən mütləq keçməlidir. Dünən sümük iliyindən analiz götürülüb. Analizin cavabından bilinəcək ki, Nicatın xəstəliyi leykozun hansı formasıdır. Diaqnoz təsdiqlənəndən sonra bir çox şeyə aydınlıq gələcək. Bundan əvvəl verilmiş analizin cavabına görə, onun qanında leykositlərin sayı təxminən 500 minə yaxındır.
Bütün ailəmizin adından cənab prezidentə minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm ki, bu çətin anda müraciətlərə dərhal reaksiya verdi, Nicatın sağlamlığı ilə şəxsən maraqlandı, lazımi orqanlara göstəriş verdi və bütün müalicə xərclərini öz boynuna götürdü. Artıq Prezident Administrasiyasından, digər aidiyyəti orqanlardan bizimlə əlaqə saxlayıblar, bizdən cavab gözləyirlər. Nicatın müalicəsini öhdəsinə götürə biləcək dünyaca məşhur klinikalarla danışıqlar aparılır. Biz vətənə dönəndən sonra Nicat o klinikalardan birinə müalicəyə göndəriləcək. Amma lazım olan dərmanın içilməsi, iynələrin alınması üçün biz gələn həftə yenidən Tbilisiyə qayıtmalıyıq. Nicat dərman içməlidir ki, yol getdiyi müddətdə özünü normal hiss eləsin. Çünki xeyli arıqlayıb, halsızlaşıb. Əgər sabah vəziyyəti düzəlsə, Gəncəyə qayıdacağıq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?