Tikinti imperatoru Əli Ağaoğlu keçmiş “Zabitlər evi”nin yerində rezidensiyanın tikintisinə start verdi Bakının mərkəzində, metronun “Sahil” stansiyasında yerləşən “Zabitlər evi”nin yerində yaşayış kompleksinin tikintisinə start verilib. YAP-ın binasına yaxın ərazidə binanın özülü qazılıb. Tikiləcək rezidensiyanın sahibi məşhur türk milyarder Əli Ağaoğludur. Ötən saylarımızda iş adamının biznesini Bakıya köçürmək üçün Azərbaycan hökumətinə müraciət etdiyini yazmışdıq. Ötən ay tikinti imperatoruna müsbət cavab verilib və Əli Ağaoğlu Bakıdakı ilk meqaprojesinin tikintisinə başlayıb. Üzeyir Hacıbəyov küçəsi -13 ünvanındakı bir yaşayış binasının da söküntüsü tamamilə yekunlaşıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən köçürülən sakinlərə evlərinin kvadratına görə 1500 manat kompensasiya ödənilib. Qeyd edək ki Azərbaycan hökumətindən razılıq alan A.Ağaoğlunun Bakıdakı ilk projesi “Fetih 1453" yaşayış kompleksi olacaq. Məlumata görə, məşhur milyarder yaşayış kompleksinin tikinti layihəsini sonuncu dəfə Azərbaycana gələrkən ”Khazar İslands" layihəsinin müəllifi, “Avesta” şirkətinin rəhbəri Hacı İbrahim İbrahimov vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edib. Bakı meriyası isə A.Ağaoğluna meqaprojesini həyata keçirmək üçün paytaxtın mərkəzində bir neçə yer təklif edib. Əli Ağaoğlu həmin yerlərdən yalnız “Zabitlər evi”nin yerləşdiyi ərazini bəyənib. Tikinti mühəndislərini Bakıya göndərən iş adamı ilkin işlərə start verib. Dekabrın əvvəllərində “Ağaoğlu Group”a daxil olan “Mor” tikinti şirkətinin əməkdaşları Bakıya gəlib. İyulun 17-də onlar söküntü işlərinə start veriblər. Altı mərtəbədən ibarət olacaq rezidensiyanın tikintisinin gələn ilin sentyabr ayına kimi yekunlaşacağı gözlənilir. Nəzərinizə çatdıraq ki, Bakının mərkəzində yerləşən “Zabitlər evi” 2006-cı ildə yanandan sonra binanın yenidən tikiləcəyi ilə bağlı qərar verilib. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikiləcək olan binaya Maliyyə Nazirliyi tərəfindən pul ayrılmayıb. Daha sonra bu yer 2008-ci ildə auksiona çıxarılıb və məşhur iş adamı, İsgəndər Xəlilov “Zabitlər evi”nin yeni sahibi olub. Məlumatda qeyd olunur ki, o vaxt İ. Xəlilovun əlində “Hilton Baku” kimi vacib projelər olduğundan, bu ərazidə tikəcəyi üç ulduzlu hotel layihəsini ertələmək məcburiyyətində qalıb. Nəhayət, iş adamı bu ilin sentyabr ayında “Zabitlər evi” və ona bitişik tarixi bir binanın sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İsgəndər Xəlilov Bakı meri Hacıbala Abutalıbova bildirib ki, həyata keçirəcəyi hotel tikintisi ilə bağlı söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılsın, tarixi binada yaşayan sakinlər köçürülsün. Lakin Bakı meriyası tərəfindən iş adamına bildirilib ki, bu ərazidə hotel tikintisinə icazə verilmir. İş adamının qarşılaşdığı növbəti sürpriz isə yanvar ayında həmin ərazinin iş adamı Hacı İbrahim Nehrəmlinin ortağı, Türkiyədə və dünyada tikinti imperatoru kimi tanınan Əli Ağaoğluna verilməsi olub. Bəziləri bunu İsgəndər Xəlilovun Rusiyada yaradılan “Milyarderlər ittifaqı”nın üzvü olması ilə əlaqələndirirlər. Xatırladaq ki, Əli İbrahim Ağaoğlu 1954-cü ildə Trabzon şəhərində anadan olub. İş həyatına 1975-ci ildə başlayıb. Hazırda onun başçılıq etdiyi “Agaoglu Group” 1990-cı ildən Türkiyədə iri tikinti layihələri reallaşdırmaqla məşğuldur. İndiyədək şirkət “My World”, “My Office”, “My Towerland” kimi yüksək keyfiyyətli tikinti layihələri həyata keçirib. Hazırda “Agaoglu Group”un fəaliyyəti tikinti və kurort biznesi kimi sahələri əhatə edir. Məşhur “Forbes” jurnalının 2011-ci ildə apardığı araşdırmalara əsasən, Ə.Ağaoğlu 2,1 mlrd. dollar kapitalla Türkiyədə 10-cu, dünyada isə 564-cü varlı və nüfuzlu şəxsdir.
Sorğu
Yeni dizaynımız necədir?